“Uşaq Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş öhdəliklərə baxmayaraq, aydındır ki, Gürcüstanda məktəbəqədər tədris və təhsil müəssisələrində insan hüquqları haqqında təhsil problem olaraq qalır” – Gürcüstan Xalq Müdafiəçisi Levan İoselianinin 2023-cü ildə hazırladığı illik parlament hesabatında yazılıb.

 

Aydın olur ki, illər ərzində Təhsil Nazirliyi parlament tərəfindən Xalq Müdafiəçisinin hesabatı əsasında verilmiş tapşırıqları pis həyata keçirir.

 

Aprelin 2-də dərc olunan hesabatda yazılıb ki, parlamentin 2022-ci il hesabatında Gürcüstanın təhsil, elm və gənclər nazirinə 30 tövsiyə verilib, bunlardan:

 

  • Tam yerinə yetirilib: 3;
  • Qismən yerinə yetirilib: 14;
  • Yerinə yetirilməyib: 10;
  • Qurumdan asılı olmayan səbəb əsasında tövsiyənin yerinə yetirilmə vəziyyətinin qiymətləndirilməsi mümkün deyil: 3.

 

Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, 2023-cü ildə təhsil istiqamətində əsas problem olaraq siyasi sənədlərdə insan hüquqları məsələlərinin pərakəndə inteqrasiyası qalır və insan hüquqlarının müdafiəsi üzrə milli strateji fəaliyyət planında insan hüquqlarının tədrisinin genişləndirilməsinə istiqamətlənmiş aktivliklər yalnız ümumi təhsil sisteminə yönləndirilib. Bu yanaşma formal təhsilin başqa sahələrində insan hüquqlarının tədrisi ilə bağlı dövlətin baxışını qeyri-müəyyən edir. Bu baxımdan ümumi təhsildə stabil tərəqqi var, ancaq peşə və məktəbəqədər pillədə insan hüquqları tədrisinin müvafiq inteqrasiyası böyük problemdir. İllik parlament hesabatında Ombudsman Levan İoseliani yazır: “Parlamentin verdiyi tapşırıqların parlament qarşısında hesabat verən dövlət qurumları və vəzifəli şəxslər üçün məcburi olmasına baxmayaraq, təəssüf ki, ünvanlı qurumlar tərəfindən ildən-ilə bir çox tapşırıqlar yerinə yetirilməmiş qalır. Xalq Müdafiəçisi dövlət qurumlarını Gürcüstan parlamentinin verdiyi tapşırıqların yerinə yetirilməsinin vacibliyini başa düşməyə çağırır və öz növbəsində Gürcüstan parlamentini Gürcüstan Konstitusiyasında və reqlamentdə nəzərdə tutulmuş bütün nəzarət mexanizmlərindən praktiki istifadəni gücləndirməyə çağırır ki, parlamentin verdiyi tapşırıqların yerinə yetirilməsi vəziyyəti yaxşılaşdırılsın”.

 

Hesabatda mühüm tövsiyə və tapşırıqların yerinə yetirilməməsini nümayiş etdirmək üçün Xalq Müdafiəçisi son 3 il ərzində parlament hesabatları vasitəsilə dövlət qurumlarına verdiyi və qismən və ya tam şəkildə paylaşdığı tövsiyələrin siyahısını təqdim edir. Parlament onları qismən və ya tam qəbul edib və ötən üç ilin parlament sərəncamlarına görə, məcburi yerinə yetirilməli tapşırıq olaraq həmin məzmunda qurumlara verib, ancaq illər ərzində yenə də yerinə yetirilməmiş qalır.

 

Təhsil istiqamətində yerinə yetirilməmiş tapşırıqların nümunələrində qeyd olunub:

 

Məktəbdə insan hüquqlarının tədrisi: müvafiq beynəlxalq təlimatları nəzərə almaqla insan hüquqlarının tədrisi üzrə vahid strategiya və fəaliyyət planı hazırlamaq; siyasət sənədlərində insan hüquqları üzrə təhsilin komponentlərini əks etdirmək; dərsliyin/seriya maketinin yoxlanılması üzrə apelyasiya komissiyasının üzvlərindən biri qərarların qəbulu prosesində iştirak etmək üçün tam səlahiyyəti olan, insan hüquqları sahəsində müvafiq təcrübəyə malik ekspert təyin edilməlidir; məktəb dərsliklərinin qriflənməsinin mövcud proseduruna yenidən baxılmalı və müəyyən edilmiş zərurətə uyğun olaraq bütün mərhələlərdə insan hüquqları üzrə ekspertlərin cəlb olunması təmin edilməlidir.

 

Milli azlıqların müdafiəsi və vətəndaş inteqrasiyası istiqamətində parlamentin tövsiyə əsasında verdiyi tapşırıqlar yerinə yetirilməmişdir, məsələn: Gürcüstanın azərbaycandilli, ermənidilli və rusdilli məktəblərində ana dili və ədəbiyyatı dərsliklərinin tərtib və nəşr edilməsi, həmin fənlər üzrə təhsil prosesinin Gürcüstanda nəşr edilmiş dərsliklərlə aparılmasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi; azsaylı milli azlıq dilləri (osetin, çeçen, avar, udi, assur və kürd) üçün məktəb dərsliklərinin hazırlanmasını və nəşrini, eləcə də müəllim hazırlığını təmin etmək; öz səlahiyyətləri daxilində milli azlıqların mədəniyyətinin populyarlaşdırılmasına yönəlmiş multikultural proqramların və maarifləndirici tədbirlərin həyata keçirilməsinə kömək etmək.

 

Xalq Müdafiəçisi izah edir ki, beynəlxalq standartlara əsasən, təhsil işçiləri üçün insan hüquqları üzrə davamlı təlimlər, məktəbəqədər təhsil müəssisələrinin kadrları üçün hüquqi məsələlərlə bağlı sistemli təlimlərin keçirilməsi zəruridir. Amma rəqəmlərə nəzər yetirsək görərik ki, həyata keçirilmir.

 

“Hesabat dövründə Xalq Müdafiəçisi Gürcüstanın nəzarətində olan bütün bələdiyyələrdə şəxsi heyət üçün insan hüquqları üzrə təlimlərin keçirilməsi təcrübəsini araşdırıb. Məlum olub ki, 2023-cü il ərzində 21 bələdiyyədə yalnız məktəbəqədər təhsil işçiləri üçün müxtəlif hüquqi mövzularda təlimlər keçirilib. Eyni zamanda, bələdiyyələr hələ insan hüquqlarının tədrisi üçün məzmuni və ya metodik resurs yaratmayıblar. Uşaq Hüquqları Konvensiyası tərəfindən qoyulan öhdəlikdən asılı olmayaraq, Gürcüstanda məktəbəqədər təhsil müəssisələrində insan hüquqları ilə bağlı maarifləndirmənin mühüm problem olduğu aydındır” – Levan İoseliani parlamentə göndərilmiş illik hesabatında yazır.

 

Mənbə: edu.aris.ge