Gürcüstanın Baş naziri İrakli Kobaxidze ali təhsil islahatı konsepsiyasını 16 oktyabrda təqdim edib və bildirib ki, konsepsiyanın ictimai müzakirəsi davam etdirilməlidir. Konsepsiya sənədini sizə təqdim edirik:

 

Bu gün Gürcüstanda ali təhsil sistemi ciddi problem qarşısında durur. Baxmayaraq ki, ölkənin zəngin universitet ənənələri var və kifayət qədər rəngarəng universitet sistemi formalaşıb, Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələri bir qayda olaraq tələbələr üçün müasir standartlarla bilik ötürülməsi və peşə bacarıqlarının inkişafını təmin edə bilmirlər. Qeyd olunan vəziyyət gənclərin vətəndən emiqrasiyaya getməsi baxımından da problemlidir. Problemlərin böyük miqyasda olmasına baxmayaraq müvafiq baxış və onun ardıcıl həyata keçirilməsi şəraitində Gürcüstanda gürcü tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi tamamilə mümkündür. Ali təhsil reformasının düzgün baxış və planını hazırlamaq üçün Gürcüstanın universitet sisteminin qarşısında duran hər bir problemin düzgün müəyyən edilməsi mühümdür:

 

1. Ali təhsil sisteminin həddindən artıq coğrafi konsentrasiyası. Gürcüstanda tələbələrin 85 fazidən çoxu ali təhsili paytaxtda alır. Bu vəziyyət paytaxtın həddindən artıq yüklənməsinə və gənclərin regiondan Tbilisiyə aktiv miqrasiyasına səbəb olur. Bu, regionların sosial-iqtisadi inkişaf maraqları sahəsində ciddi problem olaraq qiymətləndirilməlidir. Ölkənin digər iri şəhərləri universitet infrastrukturu ilə lazımi dərəcədə təmin olunmayıb. Regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin infrastrukturu və təhsil imkanları müvafiq şəkildə inkişaf etməyib. İncəsənət və idman ali təhsil müəssisələri və Gürcüstan Patriarxlığının ruhani seminariyaları güclü dəstəyə ehtiyac duyur.

 

2. Universitetlərdə resurslardan səmərəsiz istifadə və tədrisin keyfiyyətində bərabərsizlik. Gürcüstanda 19 dövlət və 45 özəl universitet fəaliyyət göstərir. Bütün universitetlər Gürcüstan dövləti adından eyni dərəcəli diplomlar versə də, verilən təhsilin və ixtisasların keyfiyyəti məzmun baxımından qeyri-bərabərdir. Bu ali təhsil sisteminin ən böyük problemlərindən biri kimi qiymətləndirilməlidir. Ali təhsil sistemində infrastruktur və kadr resursundan optimal istifadə təmin edilməyib. Xüsusilə eyni şəhərdə fəaliyyət göstərən bir neçə dövlət universitetinin fakültələri təkrarlanır ki, bu da təcrübədə təkcə resursların qeyri-optimal və qeyri-bərabər paylanmasına deyil, həm də heç bir dövlət universitetinin müasir standartlara cavab verən akademik heyətlə tam təchiz olunmaması problemini yaradır. Bəzi dövlət universitetləri xarici tələbələrin cəlb edilməsinə həddindən artıq diqqət yetirirlər ki, bu da müvafiq sahədə gürcü tələbələrin təhsili üçün nəzərdə tutulmalı olan universitet resurslarını azaldır. Dövlət və özəl universitetlər arasında gürcü, xarici tələbələrin sayının bölüşdürülməsi zamanı biznesin əsasən özəl sektor tərəfindən həyata keçirilməsi, dövlət tapşırıqlarının yerinə yetirilməsinin əsasən dövlət universitetləri tərəfindən təmin edilməsi prinsipinə düzgün əməl olunmur. Universitetlərdə təhsil müddəti ali təhsilin məqsədlərinə uyğun olaraq müəyyən edilmir. Ali təhsilin keyfiyyətinin idarəetmə sisteminin keyfiyyət etibarilə təkmilləşdirilməsinə ehtiyac var.

 

3. Sistemsiz kadr siyasəti. Baxmayaraq ki, Gürcüstanda müxtəlif sektorlarda universitetləri yüksək ixtisaslı akademik kadrlarla təmin etmək üçün xeyli vəsait toplanıb, sistemsiz kadr siyasəti şəraitində ali təhsil müəssisələrində bu resursdan lazımi şəkildə istifadə edilmir. Mühazirəçilər arasında funksiyaların bölüşdürülməsi heç bir mütəşəkkil məntiqə və sistemə əsaslanmır. Əksər hallarda mühazirəçilər əslində yarımştat işləyirlər. Akademik heyətin orta əmək haqqı aşağıdır. Gürcüstan universitetlərindəki çatışmayan sahələrə xarici professorları cəlb etmək üçün mütəşəkkil bir sistem mövcud deyil.

 

4. Tədris və tədqiqat arasında zəif əlaqə, müasir standart təhsil proqramlarının və dərsliklərin çatışmazlığı. Gürcüstan universitetlərində akademik tədqiqatların səviyyəsi və miqyası qənaətbəxş deyil, tədris-tədqiqat sisteminin milli təhsil standartlarına uyğun inteqrasiyası təmin edilmir. Ölkədə universitet təhsili ilə lazımi şəkildə əlaqəli olmayan ayrıca elmi tədqiqatların maliyyələşdirilməsi sistemi fəaliyyət göstərir; akademik heyətin təhsil proqramlarının hazırlanması, elmi tədqiqatların aparılması və universitet dərsliklərinin hazırlanmasında aydın vəzifələri yoxdur. Nəticədə əksər universitetlərdə hətta əsas fənlər üzrə də yüksək keyfiyyətli təhsil proqramları və dərsliklər yoxdur. Elmi tədqiqatların və müzakirələrin həcmi çox azdır ki, bu da akademik standartlara riayət olunmasına və innovativ proseslərin təhsil prosesinə inteqrasiyasına mane olur.

 

5. Ali təhsil prioritetləri ilə əmək bazarının tələbləri arasında zəif əlaqə. Universitetlərə tələbə qəbulu zamanı kvotaların kəmiyyət bölgüsü mövcud və potensial əmək bazarının tələblərinin dərin təhlilinə əsaslanmır. Nəticədə təcrübədə universitetlər tərəfindən məzun olan tələbələrin ixtisasları ilə əmək bazarının tələbləri arasında keyfiyyət və kəmiyyət uyğunsuzluğu qeydə alınır.

 

6. İdarə olunmayan maliyyələşdirmə sistemi. Ali təhsilin maliyyələşdirilməsinin mövcud qrant sistemi yenidən nəzərdən keçirilməlidir, çünki o, müxtəlif fakültələrin müxtəlif maliyyə ehtiyaclarını düzgün nəzərə almır və ali təhsil sahəsində dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəlməyib.

 

7. Dövlət universitetlərinin qeyri-müvafiq infrastrukturu. Tbilisi və digər şəhərlərdəki dövlət universitetləri çoxlu sayda bina və tikililərə sahibdir. Lakin onların böyük bir hissəsi təmirə ehtiyac duyur və müasir tələblərə cavab vermir. Tələbələrin maraqlarının reallaşdırılması, o cümlədən mədəni, idman və digər oxşar fəaliyyətlərin təşviqi üçün infrastruktur lazımi səviyyədə təmin edilməyib. Tələbələr keyfiyyətli və ucuz yataqxanalarla təmin edilmir.

 

 

Yuxarıda göstərilən çətinlikləri nəzərə alaraq ali təhsil islahatlarının milli konsepsiyasının əsaslanmalı olduğu məqsəd və vəzifələri dəqiq müəyyən etmək mümkündür:

 

1. Ali təhsil sisteminin coğrafi cəhətdən dekonsentrasiya edilməsi. Ali təhsil sisteminin dekonsentrasiyasını təmin etmək üçün ölkənin ikinci əsas universitet mərkəzi Kutaisi şəhərində yaradılmalıdır. Tbilisidə fəaliyyət göstərən universitetlərin yeni infrastrukturu paytaxtın tıxaclarının aradan qaldırılmasına və Rustavi şəhərinin inkişafı üçün yeni imkanların yaradılmasına maksimum dərəcədə töhfə verəcək şəkildə inkişaf etdirilməlidir. Tbilisi və Kutaisi universitetləri universitet təhsilinin bütün əsas sahələrini – humanitar, dəqiq və təbiət elmləri, texnologiyalar, iqtisadiyyat, hüquq, sosial, siyasi elmlər, xarici dillər, pedaqogika, tibb sahələrini əhatə etməlidir. Hər iki şəhərdə dövlət bütün istiqamətlərdə tələbələr üçün bərabər keyfiyyətli universitet təhsili təmin etməlidir. Eyni zamanda, regionlarda fəaliyyət göstərən beş dövlət ali təhsil müəssisəsinin imkanları, o cümlədən onların infrastrukturu gücləndirilməlidir. Batumi, Telavi, Axaltsixe, Qori və Zuqdidi universitetləri müvafiq ixtisaslar üzrə tələbələrə yüksək keyfiyyətli təhsil verəcək ixtisaslaşmış ali təhsil müəssisələrinə çevrilməlidir. Bundan əlavə, kənd təsərrüfatı və pedaqoji fakültələrin gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Tbilisidə fəaliyyət göstərən üç incəsənət və bir idman universitetinin infrastrukturu da daxil olmaqla, imkanları gücləndirilməlidir. Gürcüstan Patriarxlığının ruhani seminariyalarına dəstək gücləndirilməlidir.

 

2. Universitetlərdə resursların optimallaşdırılması və təhsilin keyfiyyətinin bərabərləşdirilməsi. Universitet sistemində resursların optimallaşdırılması üçün dövlət universitetlərində bir şəhər – bir fakültə prinsipi tətbiq olunmalıdır. Buna uyğun olaraq, Tbilisidəki müxtəlif dövlət universitetlərində fəaliyyət göstərən fakültələr, əsasən onların ənənəvi profili və tarixi təcrübəsi nəzərə alınmaqla, konkret universitetlərə bölüşdürülməlidir. Dövlət universitetləri xarici tələbələri yalnız qanunla nəzərdə tutulmuş istisna hallarda qəbul etməlidirlər. Universitet sistemində, istisna ixtisaslar olmaqla, 3 il bakalavr dərəcəsinə, 1 il isə magistr dərəcəsinə həsr olunacaq 3+1 sistemi tətbiq olunmalıdır. Təhsil proqramlarının keyfiyyəti yaxşılaşdırılmalı və tənzimlənməlidir. Hər bir ixtisas üçün əsas və seçim fənlər aydın məntiqə əsaslanaraq müəyyən edilməlidir. Ali təhsilin keyfiyyətinin idarəetmə sistemi təkmilləşdirilməlidir ki, dövlət öz adına verilən diplomların keyfiyyətinin bərabərləşdirilməsinə görə tam məsuliyyət daşısın.

 

3. Kadr siyasətinin təkmilləşdirilməsi. Universitetlərdə kadr siyasəti keyfiyyətcə yenidən nəzərdən keçirilməlidir. Akademik heyətin əsasını müəyyən fakültələrdə tədris və tədqiqat sahələrinə rəhbərlik edəcək ştatlı professorlar təşkil etməlidir. Onların hər birinə bir neçə ştatlı dosent və ondan çox köməkçi professor da dəstək olmalıdır. Ştatlı professorların, dosentlərin və köməkçi professorların əməkhaqqı bir neçə dəfə artırılmalıdır. Bütün digər müəllimlər universitetdə müqavilə əsasında, saatla işləməlidirlər. Çatışmazlıq sahələri müəyyən edilməli və bunun üçün xarici mühazirəçilərin universitet sisteminə cəlb edilməsi təmin edilməlidir.

 

4. Tədris və tədqiqat arasında əlaqənin gücləndirilməsi və müasir standartlara cavab verən təhsil proqramları, dərsliklərin yaradılması. Ölkədə fəaliyyət göstərən tədqiqat müəssisələrinin universitetlərdəki imkanları gücləndirilməli və onların dövlət universitetləri ilə mümkün qədər sıx inteqrasiyası təmin edilməlidir. Universitetlərdə tədqiqat fəaliyyətinin inkişafına və elmi müzakirələrin geniş yayılmasına yönəlmiş yeni tədqiqat fəaliyyətinin maliyyələşdirilməsi sistemi yaratmaq lazımdır. Xüsusi bir plana əsasən bütün əsas və seçmə fənlər üzrə müasir standartlara cavab verən dərsliklər yaradılmalı və bunda həlledici rol universitetlərdə tam ştatlı akademik heyətə həvalə edilməlidir.

 

5. Əmək bazarının təhlili. Özəl sektorla əməkdaşlıq əsasında universitetlərə kvotaların kəmiyyət bölgüsündə dövlət sifarişinin əsasını təşkil edəcək əmək bazarının dərin təhlili aparılmalıdır.

 

6. Maliyyələşdirmə sistemi. Universitetlərin maliyyələşdirmə sistemi tamamilə yenidən nəzərdən keçirilməlidir. Mövcud qrant maliyyələşdirmə qaydası ləğv edilməli və dövlət sifarişlərinə əsaslanan model ilə əvəz olunmalıdır. Bu model çərçivəsində hər bir universitet üçün dövlət sifarişi dövlət məqsədlərinə əsasən müəyyən edilir. Bundan əlavə, vəsait bölüşdürülərkən hər bir ixtisas üzrə tələbəyə təhsilin verilməsinin orta dəyəri nəzərə alınmalıdır.

 

7. İnfrastruktur. Həm Tbilisidə, həm də Kutaisidə tamhüquqlu universitet mərkəzləri yaratmaq üçün tamamilə yeni bir infrastruktur yaradılmalıdır. Bu infrastruktur təhsil və tədqiqat məkanlarını, tələbələrin mədəni, idman və digər maraqlarını təmin etmək üçün imkanları, eləcə də keyfiyyətli, əlverişli yataqxanaları əhatə etməlidir. Regional universitetlərin infrastrukturu da yenilənməli və inkişaf etdirilməlidir.

 

Gürcü dilindən tərcümə etdi Aynurə ƏLİYEVA