Gürcüstanın Xalq Müdafiəçisinin oktyabrın 20-də parlamentə təqdim etdiyi son hesabatda oxuyuruq: “2022-ci ildə birinci sinfə gedən uşaqların valideynlərinin övladlarının məktəbə hazır olmadıqları üçün şagird statusunun dayandırılması ilə bağlı ərizələr verməsi tendensiyası müəyyən edilib”.
24 illik müəllimlik təcrübəsi olan ibtidai sinif müəllimi söhbəti zamanı bildirib ki, o, uşağın 5 yaşında məktəbə getməsini dəstəkləyən pedaqoq, ya psixoloqla qarşılaşmayıb. Çünki konkret təhlükələr var və hətta “məktəb üçün hazır olmadıqları, onların oynamaq istədikləri həmin uşaqların alnına yazılıb”.
Nazirin bəyanatına əsasən, 2024-2025-ci tədris ilində 1 dekabra qədər anadan olmuş uşaqlar da 1-ci sinfə gedə bilərlər.
“Valideynə 5 yaşlı uşağın məktəbə getməsi ilə bağlı mövcud təhlükələr haqqında bilmək çox vacibdir” - ibtidai sinif və “Teleməktəb” müəllimi, 2018-ci ilin Milli Müəllim Mükafatının finalçısı Daçi Nanobaşvilinin məktəb yaşının dəyişdirilməsi ilə əlaqədar mövqeyi belədir. Təhsil, Elm və Gənclər Nazirliyi isə məktəb yaşının dəyişdirilməsi ilə bağlı qərarı qəbul etməzdən əvvəl psixoloq və mütəxəssislərlə məsləhətləşdiklərini və 5 yaşlı uşağın məktəbə getməsinin məcburi deyil, valideynlərin istəyi ilə olduğunu bildirir.
Daçi Nanobaşvili gözlənilən təhlükələri ətraflı izah edir və problemin həlli üçün öz baxışlarını təklif edir, valideynlərə çətin, amma konkret məsləhətlər verir.
– Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə son illərdə uşağın məktəb yaşı bir neçə dəfə dəyişdirilib və vəd verirlər ki, “sonuncu dayanacaq” 31 dekabra qədər anadan olmuş uşaqların məktəbə getmək hüququnun qanuniləşdirilməsi olacaq. Sizdə hansı məlumat var, yetərli əsaslar varmı, yoxsa bu qərara daha çox “istəkli” valideynlərin tələbləri səbəb olub?
– Məktəb yaşının dekabrın 31-nə keçirilməsi yeni xəbər deyil və biz artıq bir neçə onilliklər əvvəl bu mərhələni keçmişik. Hələ o zaman övladları sentyabrın 2, 3, 5, 10-da dünyaya gələn çoxlu sayda valideyn övladlarının məktəbə qəbulunu tələb edirdi. Onların arqumenti belə idi ki, “iki-üç gün, bir həftə heç nəyi dəyişmir”. Belə uşaqlar məktəbə qəbul olunanda ondan sonra təxmin etmək asandır ki, tələb oktyabr, noyabr aylarında övladları dünyaya gələn valideynlərdən gəlib və onların arqumenti “bir ayın, iki ayın fərqi yoxdur” olub. İndi təxminən eyni mərhələdən keçirik. Valideynlər hələ də övladlarının məktəbə qəbul olunmasını tələb edirlər və mən inanmaq istəmirəm ki, nazirlik sırf buna görə bu qərarı verir. Yəqin ki, güclü arqumentlər var, sadəcə onları hələ eşitməmişəm.
– Neçə ildir ibtidai sinif müəllimisiniz? Natamam məktəb yaşında 1-ci sinif şagirdlərinin məktəbə hazırlıqla bağlı problemi varmı və bu, nədir, bunu müşahidələrinizlə, misallarınızla bizə izah edərdiniz... Siz təhsil nazirinə də belə sözlər demisiniz ki, “əksər uşaqların alınlarında məktəbə hazır olmadıqları yazılıb”...
– 24-cü ildir ki, ibtidai siniflərə dərs deyirəm. Mən məktəbdə işə başlayanda dekabrın 31-dən əvvəl doğulmuş uşaqlar məktəbə buraxılırdı. Əvvəlcə 5 yaşlılarla ortaq dil tapmaq mənimçün çətin idi, 6 yaşlılarla isə ünsiyyət qurmaq çox asan idi. Mən bunu öz təcrübəsizliyimlə əlaqələndirdim, amma həmkarlarımla məsləhətləşdikdən, psixoloqlarla söhbət etdikdən və müxtəlif ədəbiyyatları oxuyandan sonra başa düşdüm ki, 5 yaşlı uşaqların müxtəlif tipli problemlərinin olması ehtimalı çox yüksəkdir. Vurğulamaq istəyirəm ki, bu, akademik baxımdan mütləq problemlərin olacağı anlamına gəlmir, xeyr. Burada söhbət fərqli bir hazırlıqdan gedir, hələ balaca olan uşaqlar bir yerdə uzun müddət qalmaqda çətinlik çəkirlər, tez-tez diqqətləri yayınır, emosiyalarını idarə etməkdə çətinlik çəkirlər və s.
Bu problemlər təkcə birinci sinifdə deyil. Dərs ilinin əvvəlində əvvəllər tanımadığım uşaqlarla yeni sinfə, məsələn, dördüncü və ya beşinci sinfə daxil oldum və hətta orada da bir həftədən sonra hansı uşağın 5 yaşlı olduğunu təxmin edə bildim. Çünki həqiqətən də onların alınlarına balaca olduqları və oynamaq istədikləri yazılıb. Onların davranışları bizə birbaşa bunu deyir. Deməli, bir müəllim kimi belə şagirdlərlə əlaqəm olub və öz adıma deyə bilərəm ki, uşağın müxtəlif tipli problemlərinin olması ehtimalı çox yüksəkdir. Yenə vurğulayıram, ola bilər ki, bu, akademik baxımdan olmaya bilər, amma bir çox başqa problemlər var, ona görə də valideynlərə övladlarını 5 yaşında məktəbə göndərməməyi tövsiyə edirəm.
– Təhsil və Elm Nazirliyi deyir ki, 6 yaşına çatmamış uşağın məktəbə getməsi məcburi deyil və valideyn və ya qəyyumun seçim hüququ olacaq. Sizcə, valideynlər övladının vaxtından əvvəl birinci sinif şagirdi olması istəyinə qarşı çıxa biləcəklərmi?
– 5 yaşlı uşaqların məktəbə getməsinin məcburi olmaması çox yaxşı haldır, lakin 5 yaşlı uşaqların məktəbə getməsi ilə bağlı mövcud təhlükələr barədə valideynlərə məlumat verilməlidir. Onların bunu təkcə bizdən, müəllimlərdən, psixoloqlardan deyil, nazirlikdən də öyrənmələri vacibdir ki, onlara bu təhlükələri çatdırsınlar. Bildiyimə görə, nazirlikdə bir qrup psixoloq və metodist toplaşıb və bu məsələni müzakirə edərək qərar qəbul ediblər. Orada 5 yaşlı uşaqların məktəbə göndərilməsinin təhlükələri haqqında danışılmalı idi, lakin görünür buna qarşı çıxmaq üçün sadəcə daha güclü arqumentlər olub. Belə olan halda, hesab edirəm ki, nazirlik konkret olaraq mövcud olan təhlükələrdən danışmalı və valideynlərə deməlidir ki, nazirliyin belə bir qərar qəbul etməsi heç bir təhlükənin olmaması demək deyil. Məncə, valideynlərin həm müəllimlər, mütəxəssislər, psixoloqlar, həm də nazirlik tərəfindən məlumatlandırılması çox vacibdir.
– Uşağın məktəbə getməsi üçün hazır olub-olmamasını müəyyən etmək üçün valideyn nə etməlidir, hansı addımları atmalıdır və siz özünüz nə məsləhət görərdiniz?
– Əlbəttə, uşağın hazırlıq testindən keçməsi mümkündür və məktəbdə də buna imkan var. Ancaq düşünürəm ki, belə birdəfəlik natamam şəkil alınacaq və uşağın müəyyən problemlərinin olması təhlükəsi yenə də olacaq. Mənim məsləhətim belədir ki, 5 yaşlı uşağı məktəbə aparmasınlar. Uşağın müxtəlif növ problemlərinin olması ehtimalı yüksəkdir.
– Bir müəllim kimi məktəb yaşının dəyişdirilməsinin həlli prosesində iştirak etmisinizmi? Yaxud təhsil nazirinin dediyinə görə, aktiv məsləhətləşmələr aparılmış həmin psixoloqlar və qrup üzvləri haqqında məlumatınız varmı, tanıyırsınızmı?
– Xeyr, mən bu proseslərdə iştirak etməmişəm və iştirak edənləri də tanımıram. Üstəlik, elə ibtidai sinif müəllimi, psixoloq tanımıram ki, 5 yaşlı uşağın məktəbə getməsinin problemli olmadığını desin. Əksinə, mən həmişə eyni şeyi eşidirəm ki, əsas davranış problemləri məhz 5 yaşlı uşaqlardadır və ümumiyyətlə, problemlər məktəbə hazır olmayan uşaqlardan qaynaqlanır.
– Son olaraq qeyd olunan problemi və ya məsələni necə həll edərdiniz, yanaşmanız necə olardı və ya istifadə edəcəyiniz beynəlxalq təcrübə nümunəniz varmı?
– Bəli, mən bu problemi həll etmək barədə düşünmüşəm. Fikrimcə, həll yollarından biri də 5 yaşlı uşaqları məktəbə başlayandan sonra müşahidə etməkdir. Tutaq ki, üç həftə və ya bir aylıq müşahidə aparılsın və məktəbə hazır sayılan uşaqlar məktəbdə qalsın. Düşünürəm ki, onlar çox az olacaq. Məktəbə getməsi hələ tez olan həmin uşaqların böyük hissəsi isə bağçaya qaytarılsın. Uşaqları bağçaya qayıtmaq üçün əvvəldən hazırlamaq da çox vacib olacaq. Burada psixoloqun cəlb edilməsi zəruri olacaq, uşaqlara hara getdikləri, nə üçün getdikləri barədə düzgün məlumat vermək lazımdır. Bu, uşaqlar üçün travmalar yaratmayacaq şəkildə edilməlidir, burada da valideynlərə mütləq kömək lazım olacaq.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə: Aynurə ƏLİYEVA