Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi Xalq Müdafiəçisinin tövsiyəsini nəzərə alıb.

 

Ombudsman Aparatının məlumatına görə, Xalq Müdafiəçisi Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin şagirdlərin dərsdə iştirak etməsinin qeydə alınmasının ümumi qaydasının hazırlanması, müvafiq qeydin qanunvericilikdə təsvir edilməsi ilə əlaqədar qərarını alqışlayır.

 

2024-cü ilin 8 oktyabrında Xalq Müdafiəçisi Gürcüstanın təhsil, elm və gənclər nazirinə şagirdlərin zorakılıqdan qorunması, emosional təhlükəsiz mühitin təmin edilməsi, monitorinqin həyata keçirilməsi tövsiyəsi ilə müraciət edib.

 

Fərdi işin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, milli təhsil sistemi, hər hansı müəllimin dərslərinə özlərinin və ya digər uşaqların hüquqlarının pozulması ehtimalına etiraz olaraq qatılmayan şagirdlərə fərqli yanaşmanı nəzərdə tutmur. Belə hallarda məktəb tərəfindən həmin şagirdin başqa bir müəllimin dərslərində iştirak etməsi təmin oluna bilsə də, dərs buraxılışları yenə də qeydiyyata alınır.

 

Xalq müdafiəçisinin qiymətləndirməsinə görə, bütün bunlar təhsilə çıxışın təmin olunması üçün effektiv və uşaqlara uyğunlaşdırılmış yanaşmanın tətbiqinə ehtiyac olduğunu göstərirdi.

 

“2025-ci il 9 iyun tarixində əldə olunmuş məlumata əsasən, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi Gürcüstanın Xalq Müdafiəçisinin tövsiyəsini tam şəkildə qəbul etmiş və şagirdlərin dərslərdə iştirakının qeydiyyatı ilə bağlı ümumi istisna qaydasının hazırlanması və bununla bağlı müvafiq müddəanın qanunvericilikdə əks etdirilməsi barədə qərar qəbul etmişdir. İstisna qayda, müəllim tərəfindən ehtimal olunan hüquq pozuntusu hallarında, şagirdin həmin müəllimin dərslərinə qatılmaması və eyni zamanda dərslərin ona başqa bir pedaqoq tərəfindən keçirilməsi hallarına aid olacaq. Bununla yanaşı, Məktəbəqədər və Ümumi Təhsilin İnkişafı Departamentinin hadisənin idarə olunması prosesinə cəlb olunması və bu prosesə nəzarətin təmin edilməsi öhdəliyi müəyyənləşdiriləcək”, – deyə Xalq Müdafiəçisi bildirib.

 

Gürcüstan Xalq Müdafiəçisi Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin qərarını müsbət qiymətləndirir və qeyd edir ki, şagirdlərin fiziki, psixoloji-emosional təhlükəsizliyi təhsil hüququnun tam həyata keçirilməsinin fundamental ön şərtidir.

 

Bundan əlavə, Xalq Müdafiəçisi hesab edir ki, təhsil sistemində uşaq hüquqlarının qorunması və onlara dəstək olan mühitin təmin edilməsi çox mühümdür və bu məqsədə nail olmaq üçün qurumlararası əməkdaşlıq, vahid baxışın əhəmiyyətinin olması daha vacibdir.