Gürcüstanın Təhsil və Elm Nazirliyi 2023-2024-cü tədris ili üçün birinci sinfə şagird qəbulunun başlaması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, uşaqların birinci sinfə qeydiyyatı ötən ildəki kimi dörd mərhələdən ibarət olacaq:
I mərhələ. Qeydiyyatın birinci mərhələsi 2023-cü il martın 6-sı başlayır, martın 20-si bitir. Bu mərhələdə məktəblərdə xüsusi təhsilə ehtiyacı olan uşaqlar qeydiyyatdan keçəcəklər.
Birinci mərhələdə qeydiyyatdan keçəcək uşaqların valideynləri istədikləri ictimai məktəbə ərizə ilə müraciət etməlidirlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirəcək. Uşağın xüsusi təhsilə ehtiyacının olmasının təsdiqlənməsi məqsədilə valideyn məktəbdə müvafiq müraciət forması doldurmalıdır. Bundan sonra uşaq komanda tərəfindən qiymətləndirilir, onun xüsusi təhsilə ehtiyacı olduğu təsdiqləndiyi halda məktəb müvafiq sənədlər əsasında uşağın qəbulunu təmin edir. Birinci mərhələdə qeydiyyatdan keçmiş uşaqların sənədlərinin təqdim olunması və qəbulu dövrü martın 21-dən aprelin 28-nə kimidir.
Qeyd edək ki, xüsusi təhsilə ehtiyacı olan şagird statusuna aşağıdakı kateqoriyalara daxil olan uşaqlar aid edilə bilər:
a) Fiziki məhdudiyyətli;
b) İntellektual inkişafın pozulması;
c) Təhsil qabiliyyətinin pozulması;
ç) Sensor inkişafın pozulması (eşitmə və ya görmə);
d) Nitq inkişafının pozulması;
e) Davranış və emosional pozuntusu olan;
ə) Xəstəxanada uzunmüddətli qalmaq ehtiyacı olan;
f) Milli kurikulumun tələblərinə cavab verə bilməməsinə səbəb olan sosial amillərin təhsil alması üçün yaratdığı çətinlikləri olan;
g) Autizm spektri.
Xüsusi təhsilə ehtiyacının olması təsdiqlənməyən uşaqlar növbəti mərhələlərdə qeydiyyatdan keçməlidirlər.
II mərhələ. İkinci mərhələdə qeydiyyat mayın 2-dən mayın 15-nə kimi mümkün olacaq və məktəblərdə bu uşaqlar qeydiyyatdan keçə biləcəklər:
• Bacı-qardaş eyni məktəbdə oxuyursa;
• Valideyn məktəbin əməkdaşıdırsa;
• Ailədən eyni zamanda 2 və ya daha çox uşaq birinci sinfə dəbul olunursa.
İkinci mərhələdə valideynin və ya qanuni nümayəndənin uşağın qəbulu üçün vacib olan sənədləri təqdim etməsi əsasında qeydiyyat həyata keçirilir. Qeydiyyatı ictimai məktəb təmin edir.
III mərhələ. Ümumi qeydiyyat mayın 17-dən başlayacaq iyunun 9-na qədər davam edəcək.
Ümumi qeydiyyat Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində – registration.emis.ge-də həyata keçiriləcək. Qeydiyyatı valideyn və ya qanuni nümayəndə həyata keçirir. Elektron qeydiyyat olunan şagirdin qəbul olunması üçün vacib sənədlərin məktəblərə təqdim olunması iyunun 13-dən iyunun 24-nə kimi həyata keçirilir. Müəyyən edilmiş vaxtda sənədlərin təqdim olunmaması halında qeydiyyat avtomatik ləğv olunacaq.
IV mərhələ. Bu mərhələdə qeydiyyat 28 iyundan 12 iyula qədər məktəblərdə həyata keçiriləcək. IV mərhələdə azad olunan vakant, yaxud hələ də qalan yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatı dəyişmək istəyənlər yerləşdiriləcəklər.
Şagirdin IV mərhələdə qeydiyyatını valideynin və ya qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəb təmin edir.
Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər:
Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat qeyd olunmalıdır. Ərizə Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə nəzərdə tutulmuş digər tələbləri qane etməlidir, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənəd xarici dildə təqdim olunarsa Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydada gürcü dilinə tərcümə edilməlidir.
Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənəd xarici dildə təqdim olunarsa Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydada gürcü dilinə tərcümə edilməlidir.
Mövcud sərəncama əsasən, birinci sinfə qəbul olunacaq uşağın 1 oktyabra qədər 6 yaşı tamam olmalıdır. İndiki mərhələdə Gürcüstanın Təhsil Nazirliyi və parlamentin bu müddəti necə uzatmağı planlaşdırması məlum deyil.
Qeyd edək ki, ötən il parlament tərəfindən qəbul edilmiş qərara əsasən, 2022-2023-cü tədris ilində oktyabrın 1-nə qədər 6 yaşı tamam olmuş uşaqlara birinci sinfə getməyə icazə verildi.
Mənbə: etaloni.ge