Gürcüstanın Təhsil və Elm Nazirliyi birinci sinif şagirdlərinin qeydiyyat vaxtını və şərtlərini müəyyən edib.
I mərhələ: Qeydiyyatın ilk mərhələsində – 2022-ci ilin martın 15-dən 26-na kimi xüsusi ehtiyacı olan uşaqlar məktəblərə qeydiyyat olunacaqlar.
I mərhələdə qeydiyyatdan keçiriləcək uşaqların valideynləri ərizə ilə istədikləri ictimai məktəbə müraciət etməlidirlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirəcək. Valideyn xüsusi təhsil ehtiyacının təsdiqlənməsi məqsədi ilə məktəbdə müvafiq müraciət forması doldurmalıdır. Bundan sonra multidisiplin komandası tərəfindən uşağın qiymətləndirilməsi və onun təhsil ehtiyaclarının müəyyən edilməsi həyata keçiriləcək. Xüsusi təhsilə ehtiyacı olduğu təsdiqlənərsə məktəb müvafiq sənəd əsasında şagirdin məktəbə qəbul olunmasını təmin edir. Qeydiyyatdan keçmiş uşaqların sənədləri martın 29-dan aprelin 29-na kimi təqdim olunmalıdır.
Xüsusi təhsilə ehtiyacı olan uşaqlar: a) Fiziki məhdudiyyətli; b) İntellektual inkişaf pozuntulu; c) Təhsil qabiliyyəti pozuntulu; ç) Eşitmə və ya görmə qüsurlu; d) Nitq inkişafı pozulmuş; e) Davranış və emosional pozuntulu; ə) Uzunmüddətli hospitalizasiyaya hetiyac duyan; f) Təhsildə sosial faktorlardan yaranmış çətinlikləri olan və buna görə milli tədris planına uyğunlaşa bilməyən; g) Autizm spektri olan.
Xüsusi təhsilə ehtiyacı təsdiqlənməyən uşaqların valideynlərinə növbəti mərhələdə qeydiyyatdan keçmək imkanı yaradılacaq.
II mərhələ: İkinci mərhələdə qeydiyyat 2 maydan 13 maya qədər mümkün olacaq və məktəbdə qeydiyyatdan keçəcək uşaqlar:
a) Eyni məktəbə gedən bacı-qardaşlar;
b) Valideyni/qəyyumu həmin məktəbin əməkdəşı olanlar;
c) Ailədən eyni vaxtda iki və ya daha çox uşaq birinci sinfə gedərsə.
Bu mərhələdə qeydiyyat valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəblərdə həyata keçirilir. Qeydiyyatı məktəb təmin edir.
III mərhələ: Ümumi qeydiyyat – 17 mayda başlayacaq və 8 iyuna qədər davam edəcək.
Qeydiyyat Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində (registration.emis.ge) həyata keçiriləcək. Qeydiyyatı valideyn/qanuni nümayəndə aparır. Elektron qaydada qeydiyyatdan keçmiş şagirdin qəbul olunması üçün vacib sənədlərin təqdim edilməsi 13 iyundan 24 iyuna qədər həyata keçiriləcək. Göstərilmiş vaxtda sənədlər təqdim olunmazsa qeydiyyat avtomatik olaraq ləğv olunacaq.
IV mərhələ: 28 iyundan 12 iyula qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə azad edilən vakant, yaxud qalmış boş yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qəbul olunacaq.
Şagirdin qeydiyyatının dördüncü mərhələsini valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəb təmin edir.
Birinci sinfə qəbul olunmaq üçün vacib sənədlər isə bunlardır:
• Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşadığı yer və telefon nömrəsi ilə bağlı məlumat olmalıdır;
• Şagirdin doğum şəhadətnaməsinin və ya şəxsiyyəti təsdiq edən sənədin surəti və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin surəti (belə hal olarsa).
2022-2023-cü tədris ili üçün 15 sentyabra qədər 6 yaşı tamam olmuş uşaqlar məktəblərə qeydiyyatdan keçə biləcəklər.
Nazirlik valideynləri qeydiyyat müddəti və şərtlərə diqqət yetirməyə çağırıb ki, uşağı vaxtında və maneəsiz məktəbə qeydiyyat edə bilsinlər.
Mənbə: etaloni.ge