Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) həyata keçirdiyi "Türkiyə təqaüdləri" proqramını tanıtmaq məqsədilə Gürcüstanda səfərdə olan nümayəndə heyəti Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatında olub.

 

Görüş zamanı YTB nümayəndələri "Türkiyə təqaüdləri" proqramı haqqında geniş məlumat verərək təqaüd proqramının beynəlxalq təhsil imkanlarına çıxış və tələbələrin fərdi, həmçinin akademik inkişafına şərait yaratdığını xüsusi qeyd ediblər.

 

Qeyd edək ki, bu il "Türkiyə təqaüdləri" proqramı üçün ərizələrin qəbulu yanvarın 10-dan fevralın 20-nə kimi həyata keçiriləcək.

 

Təqaüd proqramı gənclərə bir çox üstünlüklər təqdim edir:

 

• Universitetlərə və fakültələrə yerləşdirmə;

 

• Təhsil haqqının tam qarşılanması;

 

• 1 illik türk dili kuru (bu həm akademik, həm də mədəni uyğunlaşmanı asanlaşdırır);

 

• Türkiyədə təhsil almağa başlayan tələbələr üçün yataqxana təminatı;

 

• Aylıq təqaüd;

 

• Sağlamlıq sığortası;

 

• Təhsilə başlamaq və bitirmək məqsədilə yalnız bir dəfə olmaqla gediş-gəliş üçün uçuş biletlərinin ödənişi.

 

Bu proqram gənclərə bakalavr, magistratura, doktorantura səviyyələri üzrə keyfiyyətli təhsil almaqla yanaşı, Türkiyə və dünya ilə sıx əlaqələr qurmaq imkanı təqdim edir və onların gələcəkdə daha uğurlu bir həyat yoluna sahib olmalarına zəmin yaradır.

 

Təqaüd proqramına müraciət onlayn olaraq "turkiyebursları.gov.tr" veb-səhifəsində həyata keçirilir.