2023-cü ilin vahid milli imtahanları nəticəsində 34 800-dən artıq abituriyent tələbə adını qazandı. Bu, ötən illə müqayisədə 2 700 nəfər artıqdır və təbiidir. Çünki bu il abituriyentlərin sayı çox idi, ancaq onlardan yalnız 6 540 nəfəri dövlət qrantı qazana bilib.

 

Eyni zamanda təbiət elmlərində minimum keçid balını aşa bilməyən abituriyentlərin sayı da yüksəkdir. Aplikantların 30,95 %-i fizika, 19,53 %-i kimya, 14,71 %-i isə biologiya imtahanından kəsilib.

 

Ən yüksək bal 649 bal olmaqla ingilis dilində qeydə alınıb. İkinci yerdə gürcü dili və ədəbiyyatı durur. Ən yüksək balı 75 aplikant toplayıb.

 

Milli imtahanların nəticələri nəyi göstərir. Bu haqda Mülki İnteqrasiya və Millətlərarası Əlaqələr Mərkəzinin sədri, təhsil üzrə mütəxəssis Şalva Tabatadze “etaloni.ge”yə danışıb. O bildirib ki, tələbə sayının artması ali təhsil müəssisələrinə qəbul olanların ümumi təhsilinin yüksək səviyyədə olmasının göstəricisi deyil.

 

Cənab Şalva, tələbə sayı hər il artır və bu il də rekord artım var. Bunlar hamısı nəyi göstərir? – Daha çox hazırlanmış gənclərin olduğunu, yoxsa başqa səbəbmi var?

 

– Qəbul imtahanları sistemi analiz olunmalıdır – nə dərəcədə dolğundur, fənlərə tələblər nə dərəcədə düzgün bölünüb və bu, ictimaiyyətin, ali təhsilin inkişafına, keyfiyyətli ali təhsil ala biləcək kadrların cəlb olunmasına nə dərəcədə dəstək olur.

 

Əksər hallarda qəbul və ümumi təhsil sistemini ayırmağa çalışırlar ki, guya məktəblərdə keyfiyyətin inkişafının qayğısına qalmalıyıq və qəbul imtahanarı sistemi sadəcə bəzi şeyləri ölçür. Həqiqətdə isə bu belə deyil. Qəbul imtahanları sistemi məhz məktəb təhsili ilə əlaqədardır və məktəb təhsilimizin necə olduğunu müəyyən edir. Elə sistemimiz var ki, məktəbdə aldğımız bilik, orada keçirdiyimiz zaman, topladığımız təcrübənin ali təhsil müəssisəsinə qəbul olmağımıza heç bir təsiri yoxdur.

 

Müxtəlif fənlərdə kifayət qədər düşünülməli nəticələr var. Bu mütləq müzakirə olunmalıdır. Çünki qəbul imtahanları sisteminin dəyişdirilməsindən söhbət açmırlar, heç olmasa mövcud sistemdə istiqamətlər düzgün və yaxşı müəyyən edilməlidir ki, bu, şagirdlərə, valideynlərə, müəllimlərə düzgün səmt versin.

 

– Bu vahid sistemdə, yəqin ki, məktəbin funksiyasının artırılması əsas olmalıdır... Universitetlər nəyi dəyişə bilərlər?

 

– Bəli, məktəbin qəbul imtahanları sistemində öz funksiyası olmalıdır və bu çox mühümdür, ancaq bu islahata gəlib çıxmadıqları birmənalıdır. Müəyyən risklər görürlər və sair, bu isə cəfəngiyyatdır.

 

Universitetlər onların muxtariyyətinin məhdudlaşdırılmış olmasına baxmayaraq, mövcud qəbul imtahanları sisteminə üstünlük verirlər, çünki çoxsaylı maddi-inzibati problemləri həll edir və tələbələri hazır qəbul edirlər. Bu prosesdə onlara heç bir güc düşmür. İctimaiyyətin böyük qismi də bu prosesi dəstəkləyir və ona görə onu dəyişməkdə çətinlik çəkirlər. Amma məcburi seçilən və qrant verməyə istiqamətlənmiş sistemlərin dəyişdirilməsi mütləqdir. Bu, məhz ali təhsil müəssisəsində öyrənmək üçün lazım olan bilik və bacarıqlara daha çox fokus verəcək.

 

Bu imtahanları analiz edəndə məlum oldu ki, bütün fokus humanitar və sosial elmlərə edilib. Gürcü və ingilis dilinin məcburi olduğu imtahanlar keçirilir. Abituriyentlər ən yaxşı nəticələri məhz həmin fənlərdən toplayıblar.

 

Dəqiq və təbiət elmlərində nə baş verir? Ümumi qabiliyyət və onun riyazi hissəsi ləğv edilib, bu gün abituriyentlərin yalnız 38 %-i riyaziyyatı seçir. Təxminən 15 min nəfər riyaziyyat imtahanı verib və bu o deməkdir ki, yalnız həmin 38 %-də riyazi qabiliyyət yoxlanılıb. Riyazi bacarıqlar ali təhsil üçün çox mühümdür, bütün potensial tələbədə yoxlanılmalıdır, çünki o, humanitar, sosial elmlərə qəbul ola bilər, amma tələbənin riyaziyyatdan baza biliyi olmalıdır. Əgər bu biliyi yoxdursa yekunda yaxşı təhsil ala bilməsi və ya yaxşı təhsil şəraitində uğurlu olması mümkün deyil. Biz riyazi bacarıqları yoxlamırıq və yoxladıqlarımızda hansı nəticəmiz var? Həmin 15 mindən 50 %-ə yaxın abituriyentin aşağı və lap aşağı nəticələri var. Yəni minimal kompetesiyaları da yoxdur. Yalnız 7 min orta və ortadan yüksək nəticə var. Bu o deməkdir ki, kim tələbə olursa onların riyazi biliyi və ümumi bacarıqları yoxdur.

 

– Təbiət fənlərində də kifayət qədər ağır vəziyyətdir...

 

– Bəli, fizika, kimya, biologiyada imtahandan kəsilmənin ən yüksək nəticəsi 20-dən 31 %-ə qədərdir. Fizikanı yalnız 601 abituriyent seçib və həmin 601-dən 31 %-i kəsilib. Qəbul olanlar da məktəbin deyil, repetitorun sayəsində qəbul olur. Repetitorlar olmasaydı daha da pis nəticələrimiz olardı. Amma dəqiq və təbiət elmlərində bizim məktəb şagirdləri, abiturieyntlər, tələbələr tamamilə hazırlıqsızdırlar.

 

– Qəbul imtahanlarının dəyişdirilməsinin bu prosesi düzəldə biləcək hansı metodunu nəzərdə tutursunuz?

 

– Qəbul imtahanlarının mövcud sistemi, maliyyələşdirmə sistemi, universitetlərin seçilmiş fənlər sistemi dəqiq və təbiət fənlərinə istiqamət vermir. Yalnız və yalnız gürcü və ingilis dili fənləri əsasında tələbə olurlar. Bu isə həqiqətən acınacaqlıdır. Dəqiq və təbiət fənləri biliyi olmadan təhsil sistemini inkişaf etdirmək mümkün deyil. Gürcü dili və ədəbiyyatına əsas tələb varsa bu, valideynlər, şagirdlər, məktəblər üçün əsas istiqamətə çevrilir, ona görə də digər fənlərdə acınacaqlı vəziyyətdir.

 

Mən magistrantlara və doktorantlara dərs keçirəm, hətta bakalavr üçün də tamamilə hazırlıqsız olan tələbələr magistraturaya da gəlirlər. Lektorlardan bakalavra hansı səviyyəli tələbələrin gəldiyini soruşun – heç bir riyazi bacarıqları olmur.

 

Mənim həmkarlarımdan biri yazırdı ki, üçüncü kursun heç bir tələbəsi 90-nın 30 %-ni hesablaya bilmədi.  Elementar olaraq ümumi təhsilin bir hissəsi olan riyazi baza bilikləri də yoxdur. Heç olmasa araşdırma bacarığı və müxtəlif məsələlərin kəmiyyət analizini etsinlər. Abituriyentlərin əksəriyyətinin məhz gürcü dili və ingilis dilindən orta səviyyədən yuxarı və yüksək nəticələri var. Hər iki fəndən kəsilənlərin göstəricisi də aşağı – 4 %-dir.

 

Gürcü və ingilis dili ali təhsil müəssisəsinə qəbul olmaq üçün çox mühümdür. Amma bu fənlərdə minimal kompetensiyanı müəyyən etməliyik. Həmin kompetensiyadan kənar insan ali təhsil almamalıdır. Ona görə bu fənlər üzrə sertifikat imtahanlarının olması kifayət qədər uyğundur. Bu, nəzərdə tutur ki, bu fənlərdə abiturieyntləri bir-biri ilə yarışdırmayaq, hamının tələbə ola bilmək üçün bilməli olduğu minimumu müəyyən edək. Bu minimum bugünkü 15 və 20 %-lik deyil, 50 % keçidlər olmalıdır. Qrantlar qazanmaq üçün isə fakültələr fənn seçməlidir, abiturieyntlər həmin fənlərdə minimum kompetensiyanı təsdiq etməlidirlər.

 

Qabiliyyət imtahanımız olmadığına görə riyaziyyatdan məcburi imtahanı hamı verməlidir. Əksər hallarda tibb fakültələrinin də hər iki fənnə – kimya və biologiyaya tələbi yoxdur. Əksər hallarda maliyyə proqramları riyaziyyatı məcburi fənn olaraq qeyd etmirlər və bu fənn üzrə elementar bilgisi olmayan abiturieynti qəbul edirlər.

 

Mövcud imtahan sistemi məktəbi birbaşa öldürür. Uzun zamandır bu barədə danışırlar, amma heç bir hökumət və təhsil naziri cəsarət edib bunu həyata keçirə bilmədi. Ancaq bütün nazirlər bu dəyişiklikdən danışırdı. Batiaşvilinin, Çxenkelinin vaxtında söhbət gedirdi, amma həyata keçirilmədi.

 

Qəbul imtahanlarında yaxşı nəticə əldə edənlər sonradan məhz yaxşı tələbələr olmurlar. Buna səbəb şagirdə keyfiyyətli təhsil verə bilməyən formal ümumi təhsil sistemimizin olmasıdır. Amma elə hesab olunur ki, keyfiyyətli təhsil verir. Belə çıxır ki, əksəriyyət formal olaraq təhsil və diplom alır. Bütün bu proseslər bir-birinə bağlıdır və yekun nəticədə onu əldə edirik ki, guya ixtisasdan kənar ali təhsili olan şəxslərimiz var. Qəbul imtahanları sistemi məktəbi iqnor edən və repetirorların yanında hazırlığa üstünlük verən olmamalıdır. Bu gün sistemimiz məhz budur.

 

– İctimaiyyətin bir qismi məktəb rolunun gücləndirilməsi üçün repetitorlar institutunun ləğv edilməsi haqqında da danışır?

 

– Repetitorlar institutunun ləğv edilməsi məqsəd olmamalıdır. Əgər bilgi çatışmazlığı varsa, həmin çatışmazlıqların aradan qaldırılmasını mövcud tələblərdən irəli gələrək edirlər. Repetitorlar institutu yenə də mövcud olacaq. Ən yaxşı ümumtəhsil sistemimiz olsa da belə mövcud olacaq. Hansısa valideynin əlavə xidmətlər almaq və pul ödəmək istəyi olacaq. Repetirorlara qarşı mübarizə aparmamalıyıq, məktəbi və qəbul imtahanları sistemində onun rolunu necə gücləndirəcəyimiz haqda danışmalıyıq. Yalnız repetitorlar qəbul imtahanı funksiyasını üzərinə götürməməlidir.

 

– Tez-tez eşidirik ki, təhsil mütəxəssisləri profil təhsilə keçməyi tələb edirlər. Sizin nəzəriyyəniz bu fikri inkar edirmi?

 

– Profil təhsil müəyyən fənlərə istiqamətlənə bilər. Ancaq bu o demək deyil ki, əgər insan humanitar elmlərə istiqamətlənibsə, onun bütün humanitarlara lazım olan riyazi baza bilikləri olmamalıdır. Riyazi profili kim seçərsə o, bu fənn üzrə yalnız bizim tədris planının tələb etdiklərini deyil, daha yüksək kompetensiayları inkişaf etdirməlidir.

 

Mənim övladımın təhsil aldığı Amerika Birləşmiş Ştatlarında şagirdlərin bis qismi kompetensiyanın riyaziyyat üzrə cəbr 2 səviyyəsində olduğu məktəbi bitirir. Şagirdlərin digər qismi isə ali təhsil müəssisəsində bizdə tədris olunan kompetensiyaları inkişaf etdirirlər. Cəbr 2 səviyyəsi bütün şagirdlərin öhdəliyidir. Amma kimin profili riyaziyyatdır – çox kompetensiya təsdiq etməlidir. Humanitar elmlərdə də belədir və profili öyrənmək o demək deyil ki, humanitarlar riyaziyyatı ümumiyyətlə bilməməlidirlər və ya riyaziyyatçılar oxu-yazını bilməlidir, gürcü və ya ingilis dili kompetensiyaları olmamalıdır.

 

Tələbələrin sayına bağlanmış mövcud maliyyələşdirmə sistemi universitetləri daha çox tələbə qəbuluna və tələbləri sadələşdirməyə istiqamətlənməyə məcbur edir ki, daha çox gəliri olsun.

 

Bu isə lektorların hazırlıqsız tələbələrə görə şikayət etməsinə səbəb olur. Həmin hazırlıqsız tələbələr universiteti bitirə bilirlər. Çünki yenə eyni siyasətləri var – təhsil haqqı ödəyən tələbələri maksimum dərəcədə saxlamaq. Ona görə də qəbul imtahanları sistemi maliyyələşdirmə sistemi ilə birlikdə müzakirə olunmalıdır.

 

– Uzun zamandır yeni maliyyələşdirmə sistemindən də danışırlar, ancaq hələ də nə etmək istədikləri müəyyən deyil...

 

– Bəli, maliyyələşdirmə məsələsi artıq 10 ildir həll olunmur. Yeni modelin müzakirəsi aparılır. İndi 2024-cü ildən pilot olaraq müəyyən modelin gətiriləcəyindan söhbət açılır və sonra həmin model tətbiq olunacaq. Ancaq konkret olaraq hansı modeldən söhbət getdiyini və bunun proseslərə hansı təsir göstərəcəyi hələ məlum deyil.

 

Mənbə: “etaloni.ge”

Gürcü dilindən tərcümə etdi: Aynurə Əliyeva