Ömrünün son illərində Qalaktionun səhhəti kəskin şəkildə pisləşdi. Dipsomaniya, alkoqol aclığı, alkoqoldan sui-istifadə – Qalaktionun tibbi müayinələrində alkoqolla bağlı terminlər tez-tez təkrarlanır. Qalaktion müalicə kombinatının daimi pasienti idi. İntiharından bir il əvvəl Tabidze Vake klinikasına dörd dəfə düşdü. 1959-cu il də xəstəxana palatası ilə başladı. Üç həftəlik kurs 5 martda başa çatdı, halbuki, 12 gün sonra şair yenidən müalicə kombinatının nevrologiya şöbəsində göründü. İntihar etdiyi gün, 17 martda Qalaktionu qardaşı oğlu Nodar Tabidze səhər saat 10-da müalicə müəssisəsinə apardı.
Nodar Tabidze: “Xəstəlik və depressiya səbəbindən Qalaktion son vaxtlar aqressivlik nümayiş etdirirdi. Amma 17 mart səhəri o sakit idi. Demək olar ki, hər şeydə mənimlə razılaşdı. Paltosunu geyindirəndə əllərinin titrədiyini hiss edirdim. Belə vaxtlarda onun yeganə xilası bir stəkan araq idi, amma xəstəxanada yatmalı olduğu üçün həmin gün onu içə bilmədi. Yol boyu bir kəlmə də olsun danışmadan getdik”.
Tabidze müalicə müəssisəsinin nevrologiya şöbəsinə yerləşdirildi. Şairə çarpayı ayrılana qədər iki saat keçdi. Kombinatdakı bütün palatalar dolu idi. Ən yaxşı – lüks palata – Tbilisi Mərkəzi Univermağın direktoru tərəfindən tutulmuşdu.
Saat birdə şair üçün iki nəfərlik palataya əlavə olaraq üçüncü çarpayı yerləşdirildi. Palatadakı xəstələr darısqallıqdan narazılıqlarını bildirdilər. Qalaktion paltarlarını dəyişdi və xəstəxana xalatı geyindi. Qardaşı oğlu Nodar Tabidze paltarlarını evə apardı. Şair müalicə kombinatının dəhlizində tək qaldı.
Nodar Tabidze: “Getməzdən əvvəl Qalaktion məni qucaqladı və öpdü. Mənə çoxlu tapşırıqlar verdi. Çavçavadze küçəsində mətbəə bürosunun yerləşdiyi yerdə kitabın bir hissəsini mətbəə işçisinə çatdırmalı idim. Sonra nəşriyyatda onun kitabının çapının necə getdiyini öyrənməli idim. Nəhayət, o, ertəsi gün gələndə məndən “Pələng dərisi geymiş pəhləvan”ı ona gətirməyimi istədi”.
Saat ikidə Qalaktion ilk dəfə nevrologiya şöbəsinin palatasına daxil oldu. Şairin adına məcburi anket açıldı. Onu divanda uzandırdılar və standart müayinə prosedurundan keçirdilər. Nəbz 84, qan təzyiqi 180/80. Tabidzeyə hipertoniya və ateroskleroz diaqnozu qoyuldu.
Martın 17-də Qalaktion demək olar ki, palatasına girmirdi. İntihar etməzdən əvvəl bütün vaxtını dəhlizdə keçirir, xəstəxana işçiləri ilə söhbət edir və siqaret çəkirdi. Saat 4 radələrində nevrologiya şöbəsi müdirinin otağında bir daha, bu dəfə növbətçi həkim Susana Arakelova müayinə etdi. Saat 5-də şair ilk intihar cəhdini etdi. O, stul götürüb dördüncü mərtəbənin eyvanına çıxmağa çalışdı. Qalaktion xəstəxana işçiləri tərəfindən saxlanıldı. Eyvan yağışdan islanmışdı və tibb işçisi ona bayıra çıxmamağı məsləhət gördü. Xəstə Tabidze ona bir kəlmə demədən itaət etdi.
Saat altnın yarısında Qalaktion dəhlizdə terapevtik palatada müalicə alan tanış yazıçı Vladimir Maçavariani ilə qarşılaşdı. Maçavariani onu şeirlərini oxumaq üçün üçüncü mərtəbəyə dəvət etdi. Şair dəvəti rədd etmədi. Halbuki prosedurları səbəb gətirdi və daha sonra görüşəcəyinə söz verdi. Bu, Qalaktionun son sözləri idi.
Qalaktion nevrologiya şöbəsi müdirinin kabinetinə üçüncü və sonuncu dəfə daxil olanda saat altıya on dəqiqə qalmışdı. Xəstəxana xalatını çarpayının üstünə atdı, pəncərənin yanına stul apardı, üstünə oturdu və pəncərəni açdı...
Qalaktion pəncərədən yıxılanda ilk olaraq özünü ona yetirən tibb bacısı Medeya Çaxunaşvili oldu. Tibb bacısı xəstəxanadakı növbəsini bitirmişdi və artıq evdə idi. Medeyanın evi xəstəxana həyətinə yaxın idi, ona görə də xəstəxana həyətindəki hay-küyü aydınca eşitdi.
Medeya Çaxunaşvili: “Qışqırıqları eşitdim və səsə qaçdım. Ora çatanda üzü üstə uzanmış bir adam gördüm. Üzünü çevirdim və cənab Qalaktionu gördüm. Həmin an camaat onu əhatəyə almışdı. Nəbzini, arteriyasını yoxladım, amma nəbzi yox idi. Mən ora çatanda artıq ölmüşdü”.
***
“Bir dəfə Yazıçılar İtifaqı prezidentinin iclasına bir neçə yazıçını dəvət edirlər: Qalaktion Tabidze, Varlam Juruli və az tanınmış başqalarını. Dəvət olunanları içkiyə görə çox məzəmmət edirlər. Məzəmmət olunanları yola salandan sonra İosif Qrişaşvili birdən coşur. Bunlarla bərabər Qalaktion Tabidzeni necə dəvət ediblər deyir”. (Mariam Tielidze)
1924-cü ildə “Mnatobi” (“Dan ulduzu”) jurnalının beşinci nömrəsində Qalaktion Tabidzenin “Şimşək çaxan günlərin xatirələri” poeması dərc olunur. Bu poema 1921-24-cü illərdə Gürcüstanda baş verən faciənin kəskin poetik əks-sədasıdır. Sovet hökuməti bu poemanı dərc erdirdiyinə görə Qalaktionu həbs edir və Metexi qalasına salır, sözü gedən jurnalın tirajı isə tamamailə məhv edilir.
***
“...14 il Gürcüstanın rəhbəri olmuş Kandid Çarkviani xeyli vaxtdan sonra kitab yazdı, sonra bu kitabı nəşriyyata apardı. Burada da nəşr etmək üçün mənə verdilər. Oxuyanda gördüm ki, Qalaktion Tabidze barədə bir az qəribə yazılıb: “Qalaktionu heç bir vəchlə işə qoşmayaq, o, Lenin ordenini itirdi”. Mən ona dedim ki, Qalaktion Tabidze hansı işə qoşulmalı idi, qeyri mütəşəkkil idi, o, yaxşı şeirlər yaza bilirdi və bu hissəsini çıxardın dedim. Əvvəlcə təəccübləndi. Sonra xeyli vaxt keçəndən sonra o, bu abzası çıxartdı, kitab çıxdı və çıxandan sonra peşman oldum ki, o hissənin çıxarılması üçün gərək xahiş etməyəydim. Saxlatdırmalı idim. Çünki Qalaktion Tabidze təkcə bir böyük şair kimi deyil, eləcə də içən adam kimi tanınırdı. Bu cür günahlar bağışlanılmalıdır və ya da, ola bilsin ki, daha yaxşı yazılmalıdır”. ( Mariam Tielidze)
(davamı var)
Topladı və gürcü dilindən tərcümə etdi:
Mirzə Məmmədoğlu