Ömrün “Tale qapısı” hərdən-hərdən döyülür, bəzən sevinc gətirir, bəzən də kədər... İnsan oğlu öyrəşib kədəri-sevinci qarışıq qəbul edərək həyatını tarazlaşdırmağa. Bəzən də taleyin qapısından elə dərd gəlir ki, dərmanı dərdin özü qədər böyük olur.
Gürcüstanda Azərbaycandilli Məktəblərin şagirdi Sevgi balamız “Son zəng”in sevincini abituriyent adına yaraşdırarkən qəflət qapısı arzusuna çəpər çəkdi. Sosial mediada ətraflı işıqlandırılan bu mövzuya daxil olmadan məni təsirləndirən şahidi olduğum hadisələri sizinlə bölüşmək istəyirəm. Bəli, Sevgi mənim şagirdimdir. Olduqca yaxşı sözlərə layiq qızdır. Bacardığım qədər ona kömək etməyə çalışdım. Bunu ailəsi bilir. Məni qürurlandıran, kövrəldən isə başqa mövzudur.
Yəqin çox yerlərdə ümum el könüllü yardımından bəhs olunub, eşitmisiniz, oxumusunuz. Darda olan eldaşlarımıza kömək etmək bir vicdan borcudur. Axı heç birimiz qəfil döyülən qapıdan sığortalanmamışıq.
On gün əvvəl məktəbdə yayılan xəbər nəinki müəllimləri, hətta şagirdləri belə sarsıtdı. “Son zəng”in səsi qulağımızdan getməmiş gözümüzə yaş gəldi. Böyük məbləğ atasız bir ailə üçün əlçatmaz idi. Elə xəbər yayılan kimi kəndin “Ortalıq” dediyimiz mərkəzində bir masa, dəftər, qələm qoyuldu. Hər kəs sakit gəlib öz adını yazır, imkanı daxilində dəftərin içinə bir məbləğ qoyurdu. Bir vicdan borcu kimi. Bunlar, əminəm ki, elimizin əksər obalarında var. Ən kövrək tərəfi isə öndə idi. Bir gecənin içində bütün şagirdlərimizin, valideynlərimizin vatsap durumları eyni elanı paylaşaraq hər kəsi bir gəncin həyatını qurtarmaq üçün köməyə çağırdılar. Məktəbin yuxarı sinfindən oğlanlar müxtəlif kəndlərə gedib əhali üçün təbliğat aparır, köməklik etmələrini xahiş edirdilər. Kim bacarır hesab nömrəsinə, kim istəyir nağd verə bilər deyirdilər və üç gün ərzində müxtəlif kəndlərdən yardım topladılar. Elə bil bu xəbər hamını birləşdirmişdi. Sanki adamlar sabahın necə açılacağının naməlum olduğunu dərk etmişdilər. Bu, hər birimizin taleyi ola bilərdi. Məktəb şagirdləri, kənd uşaqları o qədər yekdil idilər ki, kövrəlməmək mümkün deyildi.
Yeddinci sinifdən yuxarı məktəbimizdə bütün sinifərlə icma qrupum vardı. Sadəcə bir təklif etdim: Məktəbdaxili bir xeyriyyə marafonu təşkil edək, “Sevgini sevək” deyərək, kədərin döydüyü qapını xeyirxahlığımızın gücü ilə qaytaraq dedim. Fikrim şagirdlər üçün o qədər xoş oldu ki, baxmayaraq ailələri də “Ortalıq” siyahısına qatılmışdı, mütləq təşkil edək dedilər. Məktəbin şagirdləri “Sevgini sevirik” deyə məktəbin həyətində, siniflərində gəzən qutu ilə xeyriyyə marafonuna qoşuldular. Etiraf edim ki, dəmir pullar gözlədiyim halda şagirdlər “Sevgini sevirik” deyərək kağız pulları qutuya atırdılar. Mən bu marafonu yuxarı siniflər üçün təşkil etmək istəmişdim, hətta ibtidai siniflər gəlib xahiş etdilər ki, olarsa qutunu saxlayın, sabah biz də qatılaq. Gözlədiyimdən yüksək məbləğ alındı.
Kədərin birləşdirdiyi bizlər yenə kövrək olmuşduq. Bəli, damlalar yığılıb dəryanı yaradır. Şagirdlərin bu addımı elə bir mənəvi dayaq idi ki, bu, Sevgini mütləq tezliklə Sevgi sevərlərlə görüşdürəcək.
Nənələr deyərdi alqış – xeyir dua arxadan atılan daşdır, mütləq biri dəyəcək. Fələyin çəkdiyi çəpərə nəinki xeyirxah insanlar, eyni zamanda şagirdlər də öz xeyirxah əməlləri ilə daş atdılar. O daş sevginin, birliyin, anlayışın sürəti ilə hücum idi.
Uşaqlar da bir mələkdirlər. Az yaşları ilə çox böyük iş gördülər. Sevgiyə “səni sevirik” dedilər, “tezliklə görüşəcəyik” dedilər. Böyük təpər verdilər. Bu, insanlığın birliyi idi, vicdanın birliyi idi.
Esmira Ələkbərli