“Yıxılanın əlindən tut ki, yıxılanda tutacaq əl tapa biləsən”
Ali Fuat Başgil
Daxildən və xaricdən gələ biləcək təhlükələrdən qorunmaq və sağlam bir cəmiyyət halında davam edə bilmək fərdlərin bir-birinə kömək etməsi ilə təmin oluna bilər. Hər cür yardım həmin cəmiyyətin möhkəm dayanmasını təmin edəcək. Bir-birinə kömək etməyən, öz mənafeyini və mənfəətini düşünərək hər zaman başqalarından üz döndərən fərdlərdən ibarət olan cəmiyyətlər bağları qırılan təsbehin daşlarının töküldüyü kimi dağılmağa məhkumdur.
Cəmiyyətdə yaşamalı olan insan heç vaxt bütün ehtiyaclarını təkbaşına ödəyə bilməz. Hər nə qədər əlində olan imkanlarla zəruri ehtiyaclarını ödəsə də, sonda mütləq başqalarından kömək istəməli olacaq.
Birlik ruhunda başqalarına kömək etmək düşüncəsi verdiyi bəzi faydalarla birlikdə sosial həyatın təməlini də təşkil edir. İctimai həyatın tərəqqisində böyük rolu olan yardımlaşma hissi hərtərəfli mənimsənilib tətbiq olunarsa çox faydalı nəticələr verər.
Yardımlaşma həmişə cəmiyyətin rifahına, tərəqqisinə xidmət edəcək işlərə yönəlməli, ona xeyir verə biləcək işlərdə görülməlidir. Əks halda, cəmiyyətin strukturunu sarsıdacaq, onu uçuruma sürükləyən məqsədlər güdmək nəzərdə tutduğumuz mənada olarsa bu, yardımlaşma deyil, mövcud nizamı məhv etmək deməkdir. Bəzi mənfi cərəyanlarda ilişib qalanlar, bilərəkdən və ya bilməyərəkdən onu müdafiə edən və ona xidmət edənlər cəmiyyəti xeyirdən çox zərərə sürükləyirlər. Bu davranış nə dini, nə də əxlaqi baxımdan qəbuledilməzdir.
Quranda “...Yaxşılıq və təqvada yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın!..” (Maidə, 2) buyurulur. Dinimiz bu əmrlə bizi cəmiyyəti gücləndirmək üçün yardıma və xidmətə dəvət edir. Yaxşılıq etməkdə və pislikdən çəkinməkdə bir-birinizə kömək edin deməklə iman gətirənlərin faydalı işlər görmələrini istəyir.
Ehtiyac sahiblərinin ehtiyaclarını ödəmək şəklində ortaya çıxan yardımlaşma ictimai həyatda bir çox müxtəlif formalarda istifadə edilə bilər. Məsələn, bilməyənə öyrətmək, yol bilməyənə yol göstərmək, ac olanı doyurmaq, xəstəni müalicə etmək və ya etdirmək və s. Yardımlaşmanın ictimai həyatda ən məşhur forması həyatını davam etdirmək üçün zəruri şeylərə sahib olmayan və bunları qarşılayacaq güc və ya imkandan məhrum olan kəslərin ehtiyacını qarşılama formasında ortaya çıxmaqdadır. Bunun isə ən uyğun yolu maddi olaraq yardım etməkdir.
Artıq bir neçə ildir ki, cəmiyyətimizdə formalaşan xeyirxah və yardımlaşma əməlləri müsbət yöndə öz nəticəsini verməkdədir. Yaxşı yadımdadır, bir neçə il öncə Qardabani rayonunun İstisu kəndindən olan rəhmətlik Knyaz Əliyevin müalicəsi üçün böyük bir həmrəylik meydana gəldi və cəmi bir neçə ay ərzində lazım olan miqdardan belə artıq vəsait toplandı. Bu yardımsevərlik millətimizin ruhuna yerləşdi və beləliklə bir neçə gəncimizi Allahın yardımıyla xilas etməyə yönəldi.
Son günlərdə aldığımız xoş xəbərlərdən biri də beta talassemiya xəstəliyindən əziyyət çəkən 2 yaşlı Dəniz balanın sağalması üçün ehtiyac duyulan məbləğin lazımından da artıq toplanması oldu. Bu da yardımsevər xalqımızın çəkdikləri əziyyətlərə baxmayaraq qazandıqları cüzi miqdardan ayıraraq verdikləri yardımlar sayəsində oldu.
Əziz millətimiz, indi isə Qardabani rayonunun Kosalı kəndindən olan Seymur Xəmmədovun sizin yardımlarınıza ehtiyacı var. Gənc qardaşımızın 2 il bundan əvvəl keçirdiyi avtomobil qəzasında onurğa sütunu ciddi zədələnib, buna görə də o, həmin gündən ayağa dura bilmir.
Türkiyəli həkimlər onun əməliyyatla ayağa qalxmasına tam zəmanət verir, lakin bunun üçün 50 min dollara ehtiyac var. Seymurun ailəsi tələb olunan məbləği qarşılaya bilmədiyinə görə siz yardımsevər vətəndaşlardan kömək istəyirlər.
Əziz millətimiz, gəlin əl-ələ verib Seymur qardaşımıza da dəstək olaq. Onun hələ çox arzuları, çox ümidləri var. Bu arzuların, ümidlərin yaşıllaşmasına, kök atmasına dəstək olaq.
Hacı BƏKİROĞLU