Bir yerdə ki, müəllim bir şey desin, valideyn başqa şey, yoldakılar/birjadakılar başqa şey, çayxanadakılar başqa şey, televiziya başqa... ortada nə yetişəcək?

 

Hər yetən gəlib qazana ağlına və əlinə gələni tökəcəksə süfrəyə qoyulan nə olasıdı?

 

Ümumiyyətlə, ictimai müzakirə varmı ki, bir ictimai çəkisi olan adamlar yığılıb özünə və xalqa, icmaya sual verə ki, biz süfrəyə nə qoymaq istəyirik? Necə gənclik yetişdirmək istəyirik?

 

Qoçumu? Banditmi? Fatmagülmü? Müsyö Jordanmı? Boynu kraxmallı inteligentmi, Sabir demiş? Damazlıqmı? Cibgirmi? Tələbkar vətəndaşmı? Çalıb-çapanmı? Yığıb-səpənmi? Züy tutanmı?

 

Ki, görək bir xalqın fikri nədir? Necə bir xalq olmaq istəyirik? Necə bir cəmiyyət olmaq istəyirik?

 

Bundan sonra bir sual yenə versinlər, görək bir xalq bu süfrənin aşpazı olaraq kimi görmək istəyir? Bu canlı binanın mühəndisi olaraq kimi görmək istəyir?

 

Müəllimimi? Kriminalımı? Mollanımı? Deputatımı? İctimai xadimimi? Əsgəri-generalımı?

 

Süfrəyə Qoçu ilə Fatmagül təqdim etmək istəyiriksə, onda yığılaq bir ərizə yazaq ki, məktəbləri bağlayın, əvəzinə bizə təsbehlə, “qrosnu antena” paylayın.

 

 

Əgər istəyiriksə ki, süfrəyə əsgər təqdim edək, onda hərbi liseylər tikək, əlimizə kalaşnikov alaq.

 

Əgər ictimai qarşıdurmanı, məişət münaqişəsini, qanun pozuntusunu kriminal həll edəcəksə və elə kriminalın həll etməyini istəyiriksə, onda maaşı niyə deputata, polisə, sosial xidmətə, məktəbə, nazirə veririk?

 

Əgər daş dövrü istəyiriksə, texnikanı, kitabı neynirik?

 

Əgər sivil yaşamaq istəyiriksə baltanı, bıçağı, daşı-kəsəyi neynirik?

 

Bir yola qulluq edək ki, bilək hara getdiyimizi də.

 

İstisna deyil axı bu, artıq şifahi dastan statistikasıdır.

 

Əgər yarsan gəl sarmaşaq qol-boyun,

Durub daldalardan baxmağın nədir?

Yar deyilsən, çək ayağın, geri dur,

Canımı odlara yaxmağın nədir?

                              (Molla Pənah Vaqif)

 

P.S.

İki fərqli şey bir-birini tutmur. Mislə alüminiumu calaq edib elektrikə qoşanda qığılcımdan ev yanır.

 

Ya misi seçək, ya alüminiumu, ya da naqili kökündən söküb aparıb satıb əvəzinə balta, bıçaq, beşbarmaq, toxa, lapatka alaq və birdəfəlik bilək ki, çırağımız yoxdur.

 

Həmid SADIX