Keçən dəfəki  “Abituriyentlərə tövsiyə” adlı yazımda vaxtı ilə özümün əməl etdiyim və etmədiyim mövzulara yer vermişdim. Çevrilib bir anlıq arxaya baxanda fikir verdim ki, tələbəlikdən heç söz açmamışam. Fikirləşdim ki, bu haqda bəzi mövzulara da toxunmaq lazımdır.

 

Deməli, on ay müəllim yanına hazırlığa gedəndən, həyəcan və qorxu hissi keçirərək imtahan verəndən və səbirsizliklə nəticələrin çıxmağını gözlədikdən, müsbət nəticə əldən etdikdən sonra tələbə həyatı başlayır. Azər Musaoğlunun da dediyi kimi, tələbə gərək bir çox şeyi tələb edə. Həmçinin həyat da səndən nələrisə tələb edir. Sanki insana bir məsuliyyət hissi gəlir. Məktəbdə iki-üç çalışmanı yazmağa ərinən şagirdlərin universitetə qəbul olduqdan sonra necə oxumağa çalışdıqlarını da gördüm, qəbul olandan sonra iki-üç gün dərsə gedib, qalan vaxtlarını o kafe sənin, bu restorant mənim gəzəcəklərini düşünənlərin xəyallarının necə puç olduğunu da. Amma bizim mövzumuz bu deyil. Əlimizdən gəldiyi qədər problemlərə toxunmalıyıq. Bu problemlərdən biri kirayə ev problemidir ki, “Yeni Yol”un yazarlarından Aytən Fətullayeva “Tələbənin kirayə ev problemi” adlı yazısında bu mövzuya toxunub. Əgər bu problemi həll etmək mümkün deyilsə, deməli, tək variant universitetə imkan daxilində, məsafədən asılı olaraq, avtobusla gedib-gəlməkdir. Bunun özü isə başqa bir dərddir.

 

Dərsə gecikməmək üçün avtobusa çatmaq, yolda tıxac, dərsdən çıxandan sonra son avtobusa çatmaq üçün tələsmək, yol yorğunluğu və sairə. Əlbəttə, bunlar tək tələbələrə aid problemlər deyil, əksər insanların yaşadığı problemlərdir. Mənə görə bunların şahı avtobusda oturmağa yer tapmamaqdır. Çünki avtobusda ayaq üstündə bir şəhərdən digərinə gedib-gələndə insan avtobusa çatdığına belə peşman olur. Ona görə ki, bizim nə sürücülərimizdə, nə də sərnişinlərimizdə avtobusla gedib-gəlmək mədəniyyəti yoxdur. Bəzi sürücülərin gözünü pul örtüb. Bəziləri avtobusa o qədər sərnişin doldururlar ki, içəridə oksigen azlığı yaranır. Elə bil daşıdıqları insan deyil, heyvandır, bazara satmağa aparırlar. Heç maşına heyvanı bu qədər basabas doldurmurlar ki, yeri sıx olar, heyvanlar tələf olar. 20 nəfərlik maşına 30 nəfər doldururlar. Hələ bəzi sürücülər maşınında əlavə sərnişinin oturması üçün kətil belə daşıyırlar.

 

Sürücülər bu cür məsuliyyətsizliyi gündüzlər Qardabani-Tbilisi istiqamətində getdikdə etmirlər. Tbilisiyə gedən avtobusda maksimum Təzəkəndə qədər ayaq üstündə gedirlər. Sonra orada düşənlər olur və Tbilisiyə gedənlər oturacaqlarda rahat bir şəkildə yoluna davam edirlər. Mən şəxsən bu istiqamətdə getdikdə ayaq üstə çox durmamışam, nə də çox duranı görməmişəm. Bəlkə bunun səbəbi həmin saatlarda Tbilisiyə müqayisədə az adamın getməsi və ya gündüz saatları olduğundan sürücünün qaydaları pozduğunun tez anlaşılacağıdır. Bunu dəqiq deyə bilmərəm. Amma bu cür qayda pozuntusunun hər dəfə evə qayıdanda şahidi olmuşam.

 

Bu günlərdə yenə Tbilisidən qayıdırdım. Dərsdən həmişəki vaxtdan bir az tez çıxmışdıq. Ona görə də avtobusa bir az tez çatdım. Yaxınlaşanda avtobusun dolu olduğunu gördüm. Yenə də içəri baxdım ki, bəlkə boş yer ola. Əsas oturacaqlar dolu idi. Bircə qatlanan orta oturacaqlarda heç kim oturmamışdı. Nə yalan deyim, mən orada oturmağı sevmirəm. Bu avtobusa minmək istəmədim. O birisinə baxdım, amma onun sürücüsündən sözün əsl mənasında zəhləm getdiyi üçün minmədim. Həm kobud insandır, həm də maşını çox sürətli idarə edir. Ona görə keçdim bayaqkının ən axrıncı orta oturacağında əyləşdim. Bir azdan o biri oturacaqlar da doldu. Elə avtobus yenicə tərpənmişdi, bir qadın özünü qabağına atdı ki, saxla, mən də minmək istəyirəm. Sürücü yer yoxdur desə də, arvad vedrəmin üzərində oturacağam deyib qapını açdırdı. Minəndə bizim klassik göy satan nənələrdən olduğunu gördüm. Stilindən başa düşməmək olmazdı. Onsuz o saatlarda həmişə onlarla eyni avtobusda getdiyimdən bəzilərini simasından tanıyırdım. Bütün yolu göyərtidən və bazar qiymətlərindən danışırlar. Bir də, qeybəti heç əskik etmirlər. Nənəmiz keçib vedrəsinin üstündə oturdu...

 

Mən də bir anlıq bizim millətdə nə qədər çatışmayan cəhət olduğunu düşünməyə başlamışdım. Sürücü deyir yer yoxdur, bu qadın yenə zorla avtobusa minir. Bir yandan da bu nə yaxşı sürücüdür deyə düşündüm, artıq adam götürmür. Çünki onun maşınına birinci dəfədir minmişdim və tanımırdım. Amma, təəssüf ki, bu düşüncəm uzun çəkmədi. Rustaviyə çatan kimi avtobusu saxlatdılar və üç nəfər mindi. Bir az gedəndən sonra bir nəfər düşdü və iki nəfər mindi. Düşən adamın yerində göy satan nənə əyləşdi. Bir az gedəndən sonra bir daha avtobusu saxlatdılar. Sərnişinlər minmək istəyəndə avtobusun dolu olduğunu gördülər. Gürcü idilər və yer olmadığı halda sürücüdən avtobusu niyə saxladığını soruşdular. Sürücü ortada oturanlar ayağa qalxıb oturacaqları bağlayıb geri çəkilsələr yer olacaq deyə cavab verdi. Qabağımdakı orta sırada oturan üç nəfər ayağa qalxıb oturacaqları bağladı. Mən tərpənmədim, halım da yox idi. Gürcülər deyinə-deyinə avtobusa mindilər. Dedim daha bu son olar, bu qədər adam ayaq üstə getməz. Bir daha saxlatdılar avtobusu. Bu dəfəkilər azərbaycanlılar idilər. Yer olmasa da kirimişcə yenə minməyə çalışdılar. Gürcülər etiraz etdilər ki, yer yoxdur. Bizimkilər rus dilində: “Onda sən düş biz minək. Elə bil bunlar var deyə biz evimizə gedəsi deyilik. Səsimizi çıxarmadıqca başımıza minirlər”, – deyə hay-küy saldılar. Gürcülər etiraz elədilər ki, siz qaydaları pozursunuz, bu qədər adamın minməsi qadağandır, sizi şikayət edəcəyik və sairə. Amma sürücü heç vecinə də almadı, “mən maşını saxlayıram, seçim sizindir, istər minin, istər minməyin” dedi.  Gürcülər düşdülər, bizimkilər mindilər. Artıq mən də ayaq üstündə idim. Bir az gedəndən sonra nəfəs darlığı başladı və yalnız qabaq pəncərələr açılırdı. Bir təhər gəlib çatdıq Qardabaniyə. Amma gəlib çatana qədər nə çəkdik – onu Allah bilir.

 

Bu əhvalatdan o nəticə çıxır ki, bizim nə sürücülərimiz düz-əməllidir, nə də sərnişinlərimiz. Təbii ki,  bunu hamıya şamil etmirəm. Məsələn, bir sürücü var, həm mədəni, həm maşını düzgün idarə edir, həm avtobusa o qədər adam mindirmir, həm də maşınını çox təmiz və səliqəli saxlayır. Daha bu danışdığım sürücü kimi yox. İndi ola bilsin deyəcəksiniz: bəs belə olanda niyə etiraz etməyirsiniz. Etmişik. Mən də etmişəm, başqası da. Hələ bir dəfə sürücü “şofer” mənəm, mən bilərəm, deyə cavab verib. Hətta sərnişinlərdən ona dəstək çıxaraq, onun işinə qarışmayın, özü bilər deyənlər də olub. Uzun sözün qısası, bizdə avtobus mədəniyyəti də yoxdur. Söhbət böyüyə, yaşlıya yer verməkdən getmir. İnsan kimi bir şəhərdən başqa şəhərə getməkdən gedir. Hava soyuq olsa, qar, yağış, boran olsa, yenə başa düşmək olar. Deyərsən, adamdır, çöldə, bayırda qalıb bu havada, daha avtobus da yoxdur. Amma daha belə də yox...

 

Ona görə də bir tələbə olaraq tələbə namizədlərə belə bir tövsiyə verim. Əgər ayaq üstə qalmaq istəmirsinizsə, ya ən arxada oturmalısınız, ya da ən öndə – sürücünün yanında. O da, bəxtiniz gətirib bu yerlər boş olarsa. Yoxsa bizim millətin bu istiqamətdə tərəqqi etməyinə və bu xüsusiyyətindən əl çəkməyinə hələ var deyə düşünürəm. Ümid edirəm çox uzun çəkməz. Camaatın kosmosa səyahət etdiyi dövrdə avtobusla iki şəhər arasında bu cür gedib-gəlmək biabırçılıqdır.

 

Müəllif: Çiyalə OSMANOVA