Əcəb epoxanın içindəyik. Süniləşə-süniləşə gedirik. Bu gedişlə təbiiliyimizdən bir zad qalmayacaq. Mağazaya girirsən, pomidor süni, xiyar süni (geni dəyişdirilib), düyü süni, toyuq əti süni, yağ süni... Deyilənə görə, xaricdə artıq süni ət, süni kələm, süni yumurta da satılır. Allah bizim bazarlardan iraq eləsin! “Nə yeyirsən, osan” deyiminin prizmasından baxanda, süni qidalar yeməkdən özümüz də, hisslərimiz də, əməllərimiz də, münasibətlərimiz də süniləşib. Epoxamızın süni insanı üçün təbiilik getdikcə tarixin səhifələrində tozlanmağa başlayır deyəsən. Müasir insan zəhmət tələb etməyən, zəhmətsiz yerinə yetirilə bilən, zəhmətsiz əldə edilə bilən hər şeyin asanına can atır; zəhmət çəkmək, işləmək, əkib-becərmək, qurub-yaratmaq, düşünüb-daşınmaq, duyğularını, hisslərini, əzələlərini, beynini işlədərək təbii yaşamaq əvəzinə, ver yeyim, ört yatım, gözlə canım çıxmasın deyib hər şeyin sünisini yaradır, süni dünyada özünü daha rahat hiss edir.

 

Süni dünyanın süniləşən insanı üçün düşünmək, fikirləşmək, dərk etmək artıq əzab-əziyyətə çevrilməyə başlayıb. İntellektual olmaq üçün zəhmət, ağıl, istedad, bacarıq tələb edən uzun yolu qısaldıb asanlaşdıran müasir insan, intellekti də – ağılı, düşüncəni, biliyi də süniləşdirdi.

 

Bütün bu sünilikləri kənara qoyub, diqqəti süni müəllifliyə, süni yazıya yönəltmək istəyirəm. Son zamanlar qəzetimizin imeylinə bu cür yazılar göndərənlərin sayı artıb deyə bu haqda danışmağı lazım bildim. Yazıları açıb oxuyursan, göndərənin yaşına-başına baxırsan, görürsən ki, yazı açıq-aşkar sünidir, Sİ, yəni Süni İntellek tərəfindən yazılıb. Adam Sİ-yə istədiyi mövzunu qeyd edib və o haqda məqalə yazmasını istəyib. Sİ gözünə döndüyüm də yazını nöqtə-vergülünə qədər düzgün, məzmunlu yazıb qoyub adamın qarşısına. Adam da yazının altına öz adını və soyadını artıraraq olduğu kimi göndərib qəzetin imeylinə. Çox asan bir şəkildə yəni. Bir-iki səhifəlik yazı üçün 10-15 dəqiqə vaxt sərf edirsən. 10-15 dəqiqəyə olursan yazar, məqalə müəllifi. Bir az çox əlləşsən tərcüməci də ola bilərsən, elmi iş müəllifi də, lap şair, yazıçı da. “ChatGPT”nin atasına rəhmət!

 

Əlbəttə, yazının insan və ya Sİ tərəfindən yazıldığını yazı-pozu adamları birinci cümlədən başa düşürlər, yazının yazılması bir yana, kim tərəfindən redaktə olunması və ya korrektə olunmasını da başa düşmək çətin deyil. Yaxşı, redaktəni, korrektəni başa düşdük. Olsun. Zamanla ayaqlaşmaq-zad məsələsi... Bəs bu cür yazıları qəzetlərə, saytlara göndərib çap olunmaq istəyənlərin məqsədi nədir? Necə başa düşək?

 

Ümumiyyətlə, yazmaq bacarığı olmayan biri niyə məqalə yazmalıdır, çap olunmalıdır? Süni İntellektə yazı yazdırıb öz adı ilə qəzetdə, saytda çap elətdirməklə bu adamlar yalnız və yalnız özlərini aldatmış olurlar. Onlar elə düşünməsinlər ki, Sİ-dən çırpışdırdıqları yazıların plagiat olduğunu “yazılarını” göndərdikləri qəzetlərin, saytların redaktorları, oxucuları başa düşmürlər, bilmirlər. Axı, niyə özlərini biabır edirlər, özlərini aldadırlar. Məgər bacardıqları başqa iş yoxdurmu ki, həmin işlə məşğul olalar, özlərini bacardıqları işlə ifadə edələr. Axı, sizə kim deyib ki, mütləq yazı yazmalısınız, çap olunmalısınız? Bu öhdəliyi sizə kim qoyub ki, özünüzü biabır edirsiniz. Mənə çatmır, vallah, çatmır, bir adam bacarmadığı işi niyə görməlidir ki? Yazımı yazmaq istəyirsən, canın cəhənnəm, yaz, səhvlərlə yaz, zəif yaz, öz fikirlərini, düşüncələrini, hisslərini yaz, özün ol... Daha Sİ-yə yazı yazdırıb öz adınla qəzetə, sayta niyə göndərirsən? Deyim, qonorara görə bu hərəkəti edirsən, yalan olar. Verdiyimiz qonorar nə elə bir böyük puldur, nə də sənin o pula ehtiyacın var. Bəs nədir qarnının azarı, dərdin nədir? Niyə aldadırsan özünü? İmtahanlardan qorxmursanmı?..

 

Vallah, Süni İntellektin də epoxasını çıxardırsınız, adam day bu qədər də saxtakar olmaz! Yazının, müəllifin sünisini görəcək günlərimiz də var imiş...

 

Azər MUSAOĞLU