Cəmiyyətin sabahı olan gənclər bu gün görünməz, lakin dağıdıcı bir təhlükə ilə üz-üzədir. Bu təhlükə nə silah səsi ilə gəlir, nə də açıq müharibə ilə. O, səssizcə, yavaş-yavaş gənclərin ruhunu, düşüncəsini və gələcəyini zəhərləyir. Əvvəlcə bir maraq, sonra mühitin təsiri, daha sonra isə qaçılmaz asılılıq... Və sonda bir ailənin göz nuru, bir cəmiyyətin ümidi vaxtsız solur.

 

Hər gün eşitdiyimiz acı xəbərlər içimizi parçalayır: vaxtsız itirilən gənc ömürlər, göz yaşı içində qalan ailələr... Son illərdə bu səbəbdən ölüm hallarının artması artıq hamımız üçün bir həyəcan siqnalına çevrilib.

 

Bu təhlükə təkcə tibbi və ya hüquqi problem deyil. Bu, həm də böyük bir mənəvi sınaqdır. Qurani-Kərimdə buyurulur: “Özünüzü öldürməyin. Şübhəsiz ki, Allah sizə qarşı mərhəmətlidir” (Nisa, 29).

 

Həyat bizə Allahın verdiyi əmanətdir. Bu əmanəti zərərli vərdişlərlə puç etmək sadəcə özünə zülm deyil, ailəsinə və cəmiyyətə də xəyanətdir. Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur” (İbn Macə). Bu hədis göstərir ki, insan nəinki başqasına, özünə də zərər verə bilməz. Amma gənclərin qarşısına çıxan bu səssiz təhlükə həm özlərinə, həm də bütün cəmiyyətə ağır yaralar vurur.

 

Unutmayaq ki, gənclik insan ömrünün ən qiymətli dövrüdür. Güc, enerji, yaradıcılıq və arzularla dolu bir çağdır. Bu güc elmə, ədəbə, dinə və vətən sevgisinə yönəldikdə bir gəncdən həm ailəsinə, həm də millətinə fayda gəlir. Amma bu güc yanlış yollarda tükəndikdə həm gənc məhv olur, həm də cəmiyyət gələcəyindən məhrum qalır.

 

Bəli, gənclərin bu təhlükəyə düşməsində yalnız onların seçimi yox, həm də mühitin təsiri böyükdür. Ailədə sevgi və diqqət əskikliyi, məktəbdə laqeyd yanaşma, cəmiyyətdə mənəvi boşluq – bütün bunlar gəncin içində dərin bir boşluq yaradır. Təəssüf ki, bu boşluğu çoxları yanlış yollarda doldurmağa çalışır.

 

Ona görə də bizlər – valideynlər, müəllimlər, din xadimləri və ümumilikdə cəmiyyət gənclərimizə sahib çıxmalıyıq. Onları qınamaqla deyil, başa düşməklə; uzaqlaşdırmaqla deyil, qucaqlamaqla; danlamaqla deyil, yol göstərməklə xilas edə bilərik.

 

Qurani-Kərimdə buyurulur: “Kim bir canı dirildərsə (xilas edərsə) bütün insanları diriltmiş kimi olar” (Maidə, 32). Bu ayə bizə göstərir ki, bir gənci xilas etmək sadəcə bir fərdin həyatını qurtarmaq deyil. Bu, bir ailəni, bir məktəbi, bir nəsli yaşatmaq deməkdir. Bəlkə də xilas etdiyimiz həmin gənc sabah bir alim, bir müəllim, bir həkim, bir ata və ya bir ana olacaq.

 

Odur ki, gəlin gənclərimizi bu dağıdıcı vərdişlərin pəncəsindən qurtaraq. Onları elmə və təhsilə yönəldək. Qabiliyyəti təhsilə uyğun olmayanları isə peşəyə sahib edək ki, həm özlərinə faydalı olsunlar, həm də cəmiyyətin yükünü yüngülləşdirsinlər. Çünki gənclər bizim gələcəyimizdir. Onları qorumaq sadəcə borc deyil, həm də şərəfdir.

 

Hacı BƏKİROĞLU