8 may tarixində məlum oldu ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi müəyyən güzəştlərə gedib və kompetensiyası təsdiq olunmuş müəllimlərin pillələrə uyğun tədris aparması, bunun nəticəsində də pedaqoqun tam əməkhaqqı alması imkanı ilə bağlı siyasəti müəyyən dərəcədə yumşaldıb.
Konkret olaraq:
VII-XII siniflər üzrə gürcü dili və ədəbiyyatı və/və ya riyaziyyat fənlərindən kompetensiyası təsdiq olunmuş müəllimlərə sözügedən fənləri V-VI siniflərdə tədris etmək hüququ veriləcək və onlara təsdiq edilmiş kompetensiyaya uyğun əməkhaqqı ödəniləcək.
Sistemdə I-VI siniflərin gürcü dili və ədəbiyyatı ilə riyaziyyat fənləri üzrə fənn kompetensiyasının təsdiqi imtahanı mövcud olduğu üçün, V-VI siniflərdə sözügedən fənlərin saatları ilk növbədə I-VI siniflərdə tədris hüququ olan müəllimlər arasında bölüşdürüləcəkdir.
Gürcüstanda qüvvədə olan qanunvericiliyə əsasən, “Bizim Gürcüstan” (V-VI siniflər) və “Mən və cəmiyyət” (III-IV siniflər) fənləri ictimai elmlər fənn qrupuna aiddir. Müvafiq olaraq, 2026-2027-ci tədris ilindən etibarən, təsdiq edilmiş kompetensiyaya uyğun əməkhaqqı ödənilməklə, sözügedən fənləri tədris etmək imkanı tarix, coğrafiya və ya “Vətəndaş təhsili” üzrə tədris hüququ qazanmış müəllimlərə veriləcəkdir.
Həmçinin, 2026-2027-ci tədris ilindən etibarən, təsdiq edilmiş kompetensiyaya uyğun əməkhaqqı ödənilməklə, “Mən və cəmiyyət” fənnini tədris etmək imkanı gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) fənlərini kombinə edilmiş şəkildə tədris etmək hüququ qazanmış müəllimlərə də veriləcəkdir.
İbtidai sinif müəllimi, Milli Müəllim Mükafatının qalibi Natia Uçava hesab edir ki, bu kiçik addımlar, əlbəttə, çox yaxşıdır. Ancaq bəzi problemlər yenə də qalmaqdadır.
O, ibtidai pillə məsələsinə diqqət yetirir. Konkret olaraq isə, pedaqoqlar üçün “Mən və cəmiyyət”i tədris etməyən, saat yükü olmayan 1-2-ci sinif müəlliminin vəziyyətinin necə olacağı aydın deyil. Eləcə də incəsənət fənnində nə baş verəcəyi ilə maraqlanır və bildirir ki, fiziki olaraq yüksək saat yükü olmayan, əməkhaqqı saat yükünə bağlı olan ibtidai sinif müəllimi isə eyni vəziyyətdə qalır. Pedaqoq qeyd edir ki, əlavə dayandırıldıqdan sonra müəllimin böyük qisminin əməkhaqqı azaldılacaqdır.
– Siz bir ibtidai sinif müəllimi kimi bu dəyişikliyi necə qiymətləndirirsiniz, nə düzəlib?
– İlk növbədə, qeyd edilməlidir ki, müəllimlərin əməkhaqqı ilə bağlı yeni qayda birmənalı şəkildə önə atılmış addımdır. Müsbət haldır, ancaq bu dəyişikliyi qiymətləndirən zaman iki vəziyyət yaranır. Doğrudur, müəyyən addımlar atılıb, ancaq bu ibtidai pillənin əsas saat yükü problemini həll etmir. Dəyişiklik yalnız 3-cü və 4-cü sinifdə tədris edən müəllimlərin vəziyyətini qismən yüngülləşdirir. “Mən və cəmiyyət” fənninin əlavə edilməsi onlara imkan verir ki, az da olsa saat çatışmazlığını doldursunlar. Bu, az da olsa maddi baxımdan qurtuluşdur. Problem odur ki, bu fənn yalnız 3-cü və 4-cü siniflərdə tədris olunur. Müvafiq olaraq, müəyyən səbəblə bu fənni götürə bilməyən müəllimlər üçün saat çatışmazlığı yenə də dəyişməz qalır. Onlar yenə də minimal saat və aşağı əməkhaqqı almalı olurlar.
– İbtidai sinif müəllimləri üçün hansı problemlər qalır?
– Sərəncamın müsbət tərəflərinə baxmayaraq, ibtidai pillə müəllimləri üçün bir neçə kritik problem yenə həll olunmadan qalır:
Statusun dəyərsizləşməsi və itirilmiş motivasiya: Müəllim üçün aparıcı və mentor müəllim statusu qazanmaq zəhmətlə başa gəlir. Onların qiymətləndirilməsi mexanizmi qeyri-müəyyən olaraq qalır. Statusun əlavəsi itəndə peşəkar inkişaf üçün motivasiya da itir. Təbiidir ki, məntiqi sual yaranır: “Nəyə görə əziyyət çəkdik?”. İbtidai siniflərdə 13-15 saatlıq işləmək, emsoional və fiziki yük, yuxarı pillənin tam qrafikinə (18 saat) qeyri-bərabərlik. Bu həddin olmaması ibtidai sinif müəllimini daim uduzmuş vəziyyətdə qoyur.
Eləcə də ibtidai sinif müəlliminin incəsənəti tədris etmək hüququnun məhdudlaşdırılması da problemdir. Bu ciddi bir maneədir. Onlardan elə fənn imtahanları istəyirlər ki, proqram, ümumiyyətlə, ibtidai pillə metodologiyasından kənara çıxıb və yuxarı siniflərin spesifikasına istiqamətlənib.
Sinif rəhbərinin əməkhaqqı da mühüm məsələdir. Müəllimin valideynlə ünsiyyətə, sinfin idarəsinə və şagirdlərin şəxsi inkişafına sərf etdiyi böyük resurs yenə də saat yükündə tanınmır, yalnız simvolik əməkhaqqı olaraq qalır.
– Hələ də aydın olmayan və həll edilməli olan məsələlər nədir və Nazirlik tam ədaləti təmin etmək üçün əlavə olaraq nə etməlidir?
– Mövcud sistem ibtidai pillənin spesifikasını nəzərə almır. Burada saat sayı fiziki olaraq məhduddur. Rəsmi olaraq müəyyən edilsin ki, ibtidai pillədə 13 saatlıq həftə yükü əməkhaqqı baxımından tam qrafikə (18 saata) bərabər olsun.
Sinif rəhbərinin işi hələ də sistemin “görünməz” bir hissəsi olaraq qalır və yalnız simvolik əlavə ilə qiymətləndirilir. Sinif rəhbərliyi müəllimin iş qrafikində real iş yükü kimi əks olunmalı və görülən böyük iş üçün uyğun və layiqli əməkhaqqı ilə təmin edilməlidir.
Müəllimlər arasında haqlı narahatlıq doğuran ən vacib və qeyri-müəyyən məsələlərdən biri status əlavəsinin gələcəyidir. Müəllimlər bilirdilər ki, əməkhaqqı kontekstində maaşı azaldılanlar üçün funksional əlavənin yeni islahat fonunda müvəqqəti olaraq (iki il müddətinə) saxlanıldığı hissəsi gələn ildən, ola bilsin, tam ləğv edilsin. Bu əməyin ucuzlaşdırılmasıdır: aparıcı və mentor müəllim statusu yalnız simvolik status deyil – bu, pedaqoqun göstərdiyi əməyin, yuxusuz gecələrin, kvalifikasiyanın artırılmasının və çətin imtahanın nəticəsidir. Tam ədalətli olmaq üçün Nazirlik bu əlavənin ləğv edilməməsini təmin etməlidir. O, əməkhaqqının daimi strukturuna inteqrasiya olunmalıdır. Status müəllimin daimi nailiyyəti olmalıdır ki, bu da maliyyə cəhətdən qorunmalı və keçid mərhələsinin müddətlərindən asılı olmamalıdır.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə etdi
Aynurə Əliyeva