Son zamanlar Qardabaniyə Daxili İşlər Nazirliyi tərəfindən göndərilən polis ekipajlarının fəaliyyəti çoxlarının xoşuna gəlmir. Ay yersiz cərimə yazırlar, ay harada gəldi maşınları saxlayırlar, ay səsboğucularımıza çubuq soxurlar və sair və ilaxır. Mən isə məsələyə belə yanaşmazdım.

 

Yersiz cərimə yazırlar deyirsiniz. Bəs son iki gündə sürücülük vəsiqəsi olmayan mindən artıq şəxsin saxlanılmasına nə deyirsiniz? Bu olar, eləmi? Məhz onlar gələndən, gecədən səhərə qədər drift göstərən tərbiyəsiz sürücülərin səsləri kəsilib. Əvvəllər ayda azı dörd avtomobil qəzasının şahidi olurduq və onların ikisi ölümlə nəticələnirdi. Şükürlər olsun ki, son zamanlar belə faciələrlə əvvəlki qədər qarşılaşmırıq.

 

Bəs necə olmalıdır, ay əmimin uşaqları, qanun pozuntusuna göz yumulmalıdır? Yoxsa kiminsə rahatlığına görə başqalarının həyatı təhlükəyə atılmalıdır?

 

Dünənə qədər qanun yoxdur deyirdiniz. Buyurun, alın sizə qanun.

 

Heyif bəzilərinin daydayları artıq imdadlarına yetişə bilmir. Əvvəllər polis kimi saxlayırdısa, başlayırdılar öz daydaylarına zəng etməyə, bir zənglə də məsələ həll olunurdu.

 

Hələ bəzi polislər isə: “Bu maşın “malyar”ındır, yazma”, “Bu “polirovşik”dir, yazma”, “Bu mühərrik ustasıdır, ona dəymə” – deyirlər. Niyə? – Çünki səbəbi bəllidir. Çünki polislərin də özlərinin həmin ustalara işləri düşürdü. Beləcə, bir-birinə güzəşt edib hörmət adı altında şəhər xaosa çevrilirdi.

 

Amma indi Daxili İşlər Nazirliyinin göndərdiyi üç polis ekipajı bu adamlara göz verib işıq vermir. Və düz də edirlər.

 

İndi də görürlər ki, daydayları imdadlarına yetişə bilmir, keçirlər başqa taktikaya – “Mən mollayam”.

 

Polis gecə saatlarında bir vətəndaşı saxlayıb soruşur:

 

– Bu saatda haradan gəlirsən?

 

Vətəndaş cavab verir:

 

– Məsciddən.

 

Polis təəccüblənir:

 

– Necə yəni məsciddən? Bəs üstündən niyə çaxır iyi gəlir?

 

Test edilir və məlum olur ki, vətəndaş içkili vəziyyətdədir.

 

Polis də təəccüblə soruşur:

 

– Mən başa düşmürəm, siz məsciddə içirsiniz?..

 

Gör insanlar nə günə qalıblar ki, içkili vəziyyətdən çıxmaq üçün məscidin adından istifadə edirlər. Yaman moda düşüb, polis kimi saxlayır ilk cavab hazırdır: “Ara, me molla var”, yəni  mən mollayam, içən deyiləm.

 

Elə burada deyirlər: yalançının lap elə... Nə deyim, hansından danışım, hansını deyim, biyabırçılıqdır.

 

Hələ bu yaxınlarda bir hadisənin şahidi oldum. Yanğınsöndürən maşını yol istəyir, amma “BMW” markalı avtomobilin sahibi yol vermir. Yanğınsöndürən gah sirenasını işə salır, gah da mikrofonla dəfələrlə səslənir: “Yol ver!”

 

Bizim balaca dığa isə sanki heç nə eşitmir. Elə bil asfaltı dədəsi çəkib, yol da öz şəxsi mülküdür.

 

Axırda səbir kasası dolan yanğınsöndürən maşınının əməkdaşı mikrofonla qışqırır: “Ay oğraş, yol ver, ev yandı”. Və yanından keçib gedir.

 

İndi bax, düz deyir, ay oğraş, insan bu qədərmi qudurğan, bu qədərmi məsuliyyətsiz ola bilər ki, təcili yardım və yanğınsöndürən kimi xüsusi nəqliyyat vasitələrinə yol verməyə?

 

Ay oğraş, sən yol vermədiyin o maşının içindəki insanların hansı təhlükə ilə üz-üzə olduğunu bilirsənmi? Bəlkə həmin evdə bir ailənin həyatı təhlükədədir, bəlkə də kimsə son ümidlə yanğınsöndürənlərin yolunu gözləyir.

 

“BMW” sürmək səni böyük adam etmir, ay oğraş. Səni insan edən nə sürdüyün avtomobil, nə cibindəki pul, nə də arxandakı daydayındır. İnsanı insan edən vicdanı, mədəniyyəti və başqalarına  göstərdiyi hörmətdir.

 

İndi, ay əmimin uşaqları, yeni gələn polis ekipajından narahat olanlar. Zorla şəhərdə nizam-intizam yaradırlar, düz edirlər, qoy belə də davam etsinlər.

 

Binəli İslamoğlu