Bazar sözü ən geniş mənada satıcı və alıcıların alış-veriş etdiyi məkan, həmçinin iqtisadi mübadilə mühiti deməkdir. Söz fars mənşəli “bazar” sözündən götürülüb və Azərbaycan dilində bir neçə fərqli kontekstdə istifadə olunur:

 

• Ticarət məkanı: Əsasən kənd təsərrüfatı və gündəlik tələbat mallarının açıq və ya qapalı ərazidə satıldığı yer (meyvə-tərəvəz bazarı və s.).

 

• İqtisadiyyatda: Alıcılar və satıcılar arasında tələb və təklif əsasında mal və xidmətlərin mübadiləsini təmin edən qlobal və ya yerli proses.

 

• Həftənin günü: Həftənin yeddinci, yəni şənbədən sonrakı günü (Bazar günü).

 

Azərbaycan dilinin izahlı lüğətindən də aydın olduğu kimi, bazar həftənin yeddinci günü olur. Qardabanidə də yerli əhali üçün məhz həmin gün açıq bazar təşkil edilir. Ancaq şəhərdə həftənin digər günlərindəki mənzərə adama elə bir təəssürat yaradır ki, sanki hər gün bazar günüdü. Küçələr satış piştaxtasına, səkilər ticarət sıralarına çevrilib.

 

Qardabani şəhərində fəaliyyət göstərən mərkəzi bazar uzun illərdir ki, həm yerli sakinlərin alış-veriş etdiyi, həm də yüzlərlə ailənin dolanışıq mənbəyi olan mühüm ticarət məkanlarından biridir. Burada kənd təsərrüfatı məhsulları, geyim, məişət əşyaları və müxtəlif şeylər satılır. Bazar təkcə ticarət məkanı deyil, həm də rayonun sosial və iqtisadi həyatının ayrılmaz hissəsidir. Lakin son illər burada yaranan problemlər həm sahibkarların, həm alıcıların, həm də ümumilikdə şəhər sakinlərinin narahatlığına səbəb olub.

 

Universitetdə bu semestr tədris olunan “Gürcüstanın sosial-iqtisadi coğrafiyası” fənni zamanı maraqlı bir hadisə yaşadım. Dərsi deyən lektor universitetimizin ən hörmətli lektorlarından biridir. İlk dərsdə siyahı üzrə adımı oxuyanda hansı bölgədən olduğumu soruşdu. Kvemo Kartli, Qardabani cavabını verəndə üzündə təəccüb hiss olundu. Sonradan bunun səbəbini də izah etdi. Dedi ki, uzun illərdir dərs desə də, Qardabanidən tələbələrə çox az rast gəlib. Bölgədə apardığı araşdırmalar və statistik göstəricilər də bunu təsdiqləyir. Onun sözlərinə görə, Kvemo Kartlidə əhalinin böyük hissəsi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur və ali təhsil alan gənclərin sayı digər bölgələrlə müqayisədə aşağıdır.

 

Bu fikirlər məni düşündürdü. Çünki doğrudan da, etnik azlıqların sıx yaşadığı bölgələr haqqında hazırlanan sosial-iqtisadi hesabatlarda Kvemo Kartli inkişaf göstəricilərinə görə ön sıralarda yer almır. Bunun səbəbi isə yalnız statistika deyil, illərlə yığılıb qalan problemlərdir. Təhsil alan, diplom alan gənclər belə öz ixtisaslarına uyğun iş tapa bilmədikləri üçün bazarlarda, əkin sahələrində və müxtəlif təsərrüfatlarda işləməyə məcbur qalırlar. Əlbəttə, zəhmətlə qazanılan hər bir peşə hörmətə layiqdir. Ancaq ali təhsil almış bir gəncin öz bilik və bacarığını tətbiq edə bilməməsi cəmiyyət üçün ciddi siqnaldır.

 

Bazarda müşahidə olunan problemlər də bu ümumi mənzərənin bir hissəsidir. Rəsmi qaydada bazarda yer icarəyə götürən, vergisini və ödənişlərini edən sahibkarlar fəaliyyət göstərirlər. Digər tərəfdən isə bazarın girişində, küçələrdə və əsas yolun kənarında heç bir rəsmi icazə olmadan satış həyata keçirən şəxslərə (daha doğrusu nənələrə) rast gəlinir. Bu isə həm qanunsuz, həm də ədalətsizdir.

 

Məsələnin ən düşündürücü tərəflərindən biri də odur ki, bazarda küçə ticarəti ilə məşğul olanlar arasında ali təhsilli insanların, hətta müəllimlərin də olduğu bildirilir. Burada söhbət heç də zəhmətlə çörək qazanmaqdan getmir. Əksinə, hər bir peşə sahibi kimi onların da işləmək və ailəsini dolandırmaq hüququ var. Problem fəaliyyətin harada və hansı şəraitdə həyata keçirilməsindədir. Axı müəllimlərimiz bizə illər boyunca qanun-qaydanı, nizam-intizamı, etik qaydaları başa salan həmin şəxslərdir; əhaliyə yardım etməli, ölkəmizin, yaşadığımız yerin abadlaşması üçün əlimizdən gələni etməli olduğumuzu qulağımıza sırğa edən şəxslərdir.

 

Küçə ticarəti bir sıra problemlər yaradır. Piyadaların hərəkəti çətinləşir, nəqliyyatın hərəkətində sıxlıq yaranır, bazarın ətrafında nizamsızlıq hökm sürür. Ən ciddi məsələ isə sanitariya vəziyyətidir. Ana yolun kənarında avtomobillərin yaratdığı toz, tüstü, küçə heyvanları və müxtəlif çirkləndiricilər arasında xüsusilə ərzaq, eləcə də süd məhsullarının satılması insan sağlamlığı üçün risk daşıyır.

 

Bu problemlərlə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara, meriyaya müraciət etdiklərini bildirirlər. Yerli idarəetmə orqanları isə bəzi hallarda bunun onların səlahiyyətində olmadığını, müəyyən məsələlərə digər qurumların cavabdeh olduğunu qeyd edirlər. Lakin sadə vətəndaş üçün əsas məsələ məsuliyyət bölgüsü deyil, problemin həllidir. Əgər meriya şəhərin problemləri ilə maraqlanmırsa onda bu məsələnin həlli ilə kim məşğul olmalıdır?

 

Bir şəhərin inkişafı yalnız yeni binaların tikilməsi və ya statistik rəqəmlərin dəyişməsi ilə ölçülmür. Əsl inkişaf insanların təhsil ala bilməsində, ixtisasına uyğun iş tapmasında, sahibkarlar üçün bərabər rəqabət şəraitinin yaradılmasında, şəhərdə qanunların hamıya eyni tətbiq olunmasında və vətəndaşların sağlam, təhlükəsiz mühitdə yaşamasında özünü göstərir.

 

Qardabani böyük potensiala malik rayondur. Bu potensialdan düzgün istifadə etmək üçün təhsilə, gənclərə, sahibkarlığa və qanunun aliliyinə daha çox diqqət yetirilməlidir. Şəhərin inkişafı üçün mövcud problemlərə biganə qalmaq olmaz. Qanun hamı üçün eyni tətbiq olunmalı, küçə ticarəti nəzarət altına alınmalı, sahibkarlar üçün bərabər şərait yaradılmalı və şəhərin abadlığına daha çox diqqət yetirilməlidir. Ümid edirəm ki, bir gün doğrudan da aidiyyəti qurumlar mövcud vəziyyəti diqqətdə saxlayacaq, problemlərin həlli istiqamətində konkret addımlar atacaq və Qardabani həm yaşayış, həm də ticarət baxımından daha müasir, təhlükəsiz və nizamlı şəhərə çevriləcək. Bunun üçün sadəcə bir az səy tələb olunur.

 

Aytən Fətullayeva