Bizim bu Qardabani-Rustavi yolunun yol-yolağası açılmaq bilmir ki, bilmir. Yol ilə gedən yorulmaz deyiblər, vallah, biz yorulduq. Yola çıxan yolda qalmaz deyiblər, vallah, biz yolda qaldıq. Hətta könüldən könülə yol var deyiblər, vallah, Qardabanidən Rustaviyə düz yol olmadı ki, olmadı.
Üzü Rustaviyə, Tbilisiyə yola çıxandan bu yol bizə yol olmadı, çuxur oldu, xəndək oldu, gölməçə oldu, palçıq oldu, çınqıl oldu, toz oldu...
Ölkənin ikinci prezidenti Eduard Şevardnadzenin yolsuz dövründə Qardabanidən Rustaviyə iyirmi dəqiqəlik bu yolu düz iki saata gedirdin. Bu yol o qədər bərbad idi ki, maşın Rustaviyə çatana kimi xarab olurdu, palçığın, gölməçənin ortasında qalırdı. Bir də baxırdın təkər çıxıb çuxurda qalıb. O qədər enişli-yoxuşlu idi ki, silkələnə-silkələnə elə bil at belində gedirdin, içalatın tökülürdü, başını maşının qapısına, pəncərəsinə çırpırdın. Hətta o vaxt belə bir söz gəzirdi ki, hamilə qadınları xəstəxanaya bu yolla aparmaq olmaz. Yol bu qədər bərbad idi yəni. Bütün bunlar qardabanililərin yaxşı yadındadır.
Qızılgül inqilabından sonra yollar yavaş-yavaş bərpa edilməyə başladı. İnqilabı bölgələrə, kəndlərə aparmaq üçün yol mütləq lazım idi. Paytaxtı ürəyə, yolları damarlara bənzətsək yersiz olmaz, məncə. Bədənin bütün orqanlarına, əzalarına qan çatdırmaq üçün damarların qaydasında olması vacib olduğu kimi, paytaxtla madii, mənəvi, sosial, iqtisadi, tarixi, ideoloji bağların olması üçün də yolların olması vacibdir.
Görünür “yağlı YEMƏKlərin” təsirindən bu damarlar (yollar) xolesterin çoxluğundan tıxandı, tez sıradan çıxdı, hər gələn bir yamaq vurdu, yamaya-yamaya yolu yola verdilər.
Nəhayət, sözügedən yolu tam təmir etməyə başladılar, yamaqlı asfaltı qazıyıb yerinə yenisini, əvvəlkindən qalınını tökdülər, altını sementlədilər, qırladılar, səkiləri yenilədilər. Çox gözəl! Əvvəl hamı sevindi, xüsusən də maşını olanlar, Rustaviyə, Tbilisiyə yolu tez-tez düşənlər. Amma bu sevinc çox sürmədi, toz olub, palçıq olub, gölməçə olub, çınqıl olub, tıxac olub yayı-qışı sürücülərin də, sərnişinlərin də burnundan gəldi təzə yol. Maşınlar ala-yarımçıq təmir olunan bu yolda xarab oldu, sürücülərin sinirləri pozuldu. Onsuz da bərbad gündə olan ictimai nəqliyyat probleminin üstünə yolsuzluq problemi də gələrək sərnişinləri lap çıxılmaz vəziyyətə saldı. Yenə Şevardnadzenin dövründəki kimi qısa məsafə uzun vaxta qət edildi. Əkinçi yağış istər, yolçu quraqlıq deyiblər, yağış yağanda yolçu palçığa batdı, quraqlıq olanda tozdan boğuldu.
İki ilə yaxındır ki, yolun təmiri hələ başa çatmayıb. Gah ortasında yarımçıq iş qalıb, gah ayağında, gah da başında. Yenə yağış yağanda, quraqlıq olanda gah ortasında palçığa, toza batırsan, gah ayağında, gah da başında...
Dinəndə də bəzi ağzıgöyçəklər başlayırlar ki, iş görmürlər vay, görürlər vay. Axı bu görülən işin hay-hayı gedib, elə vay-vayı qalıb. Yol tam hazır deyil, amma artıq bəzi yerlərində çuxurlar əmələ gəlib, bəzi yerləri çöküb. Danışanda ağızlarına çullu dovşan sığmır, elə bil öz ciblərindən xərcləyib yol çəkirlər. Danışana dil vermirlər, yeriyənə yol. Hamı ağzına su alıb susmalıdır.
Ucuz ətin ucuz da şorbası olar. Odey, baxın görün Yaponiyada necə yol çəkirlər. Çörəyi ver çörəkçiyə, birini də artıq ver. Nə xalqın pullarını zay elə, nə maşınını, nə də sinirini. Necə deyərlər: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Azər MUSAOĞLU