Dünyada elə bir cəmiyyət yoxdur ki, orada hamı varlı olsun. Sadəcə işləmək, çalışmaq lazımdır.

 

Ümumiyyətlə, ağlaşma quran, hər şeydən şikayət edən adamlardan heç vaxt xoşum gəlməyib. Əlbəttə, adam evsizlikdən, mənzil şəraitinin çətinliyindən əziyyət çəkə bilər, öhdəsində böyük ailə ola bilər. Bu cür adamların çətinliyi dilə gətirməyini anlayışla qarşılamaq lazımdır. Bir də bir cibi və boğazı olan adamlar var, onlar şikayətçi olanda adamın əli-ayağı hər yerdən üzülür. Sizə deyim, az maaşla elə qürurlu və gözütox yaşayanlara rast gəlirəm, adam onların daxilən böyüklüyünə qibtə edir.

 

İşsizlik bəşəri problemdir. Dünyanın hər yerində, həmişə olub və olacaq da. Gürcüstanda iş tapmaq samanlıqda iynə axtarmağa bənzəyir. Amma tam əminliklə deyirəm ki, bizdə işsizlikdən daha çox tənbəllik problemi də mövcuddur. O insanın ki azacıq da olsa istedadı, qabiliyyəti var, mütləq bir dolanışıq vasitəsi tapır. Yetər ki, bir qədər zəhmətə qatılsın, dolanmağa bir qapı tapır, ən azı fəhləlik edir.

 

Mətbuat və televiziyanı hamımız izləyirik. Hər gün qətl də olur, intihar da, müxtəlif qəzalar da, təbii fəlakətlər də. Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağıntılı keçdi. May ayı özünü lap mart kimi apardı. Bir canımızı isitdi, bir qanımızı dondurdu. Görünür, təbiətin ürəyi doludu, nəsə edəcəkdi...

 

Bu il bölgəmizə yaz əvvəlki illərə nisbətən daha tez gəldi. Haradasa, iyirmi gün, bir ay erkən düşən istilər ağacların tez oyanması və çiçək açmasına səbəb oldu. Bu da təsərrüfat sahiblərinin, eləcə də kəndlilərin narahatçılığına səbəb oldu. Yağan yağışlar da bu narahatçılığın əbəs olmadığını göstərdi. Nə ağaclarda düz-əməlli meyvə var, nə də ki, torpaqda məhsul. Olan da ya caddır, ya yaralı...

 

Ötən günlərdə Marneuli və Bolnisi kəndlərinə sel gəldi. Axşam saatlarında başlayan şiddətli yağış nəticəsində Algeti çayı daşdı, Marneuli bazarını su basdı. Dolanmasını o bazarda alıb yığdığı mala bağlayan caamat palçıq və suyun içindən zəhmətini toplamağa çalışırdı. Məhsullar yararsız vəziyyətə düşdü. Zərər ən azı 3 milyon larini təşkil edir.

 

Marneuli bələdiyyəsi ərazisində sel nəticəsində vətəndaşlara dəyən zərərin müəyyən edilməsi ilə bağlı komissiya yaradılıb. Deyilənə görə, komissiya təbii fəlakət nəticəsində dəymiş zərəri öyrənib bir qərar verəcək. Aidiyyatı qurumlardan hələ ki xəbər yoxdu, ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər. Hələ meriyanın zərərdi, seldi – vaxtı yoxdur baxmağa, konsert keçirirlər. Dövlətə milyonlarla vergi ödəyən bazar işçiləri hələ də yardım gözləyirlər. Təzminat ödənəcək, ödənməyəcək, hələ o da müəmmadır.

 

Yazıq kəndliyə ay da qaradır, gün də. Kredit götürüb əkib-becərir, alın təri tökür və bir gündə hamısı məhv olur. Əllərində olanı da məcbur nəyə gəldi satacaqlar, təki çörək pulu olsun. Oliqarx adamların xüsusi parniklərində yetişdirilən məhsul kəndlinin məhsulundan üç qat artıq satılır. Niyə, hansı səbəbdən? – Evində oturub robotlara, insan sağlamlığına zərər verən dərmanlara pul verdiyinə görəmi?..

 

Bazar qorunmur. Biz yalnız qiymət baha olduğunda narazılığımızı bildiririk, amma bunun səbəblərini araşdırıb gün üzünə çıxaran yoxdur. Bazar qorunmalıdır. Kənd təsərrüfatı məhsullarının ucuz satışı üçün yarmarkalar təşkil olunur. Bir nəfər çıxıb deməlidir ki, sən kimsən ki, kəndlinin məhsulunu ucuz satırsan? Sən hesablayıbsan ki, həmin məhsulun maya dəyəri nə qədərdir? Niyə hər zaman fermer əzilməlidir? Bu gün kənd təsərrüfatı məhsullarının əksəriyyəti maya dəyərindən aşağı satılır. Kəndli əkdiyindən pul qazanmalıdır, hədəf o deyil ki, şəhərdə yaşayanlar fermerin məhsulunu ucuz alsın.

 

Səlahiyyətli qurumlar fermerin problemini həll etməlidir, bu problemlərlə maraqlanmalıdır. Çayların suyu hara axır – araşdırılmalıdır. Arxlar, su kanaları düzəldilməlidir. Kreslo sahibi oturmamalıdır, xalq üçün bu işlərə nəzarət etməlidir. Sahədən xəbəri olan problemləri çözə biləcək adamlar məsələ ilə maraqlanmalıdır və s.

 

Aytən FƏTULLAYEVA