Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzinin Geologiya Departamentinin rəhbəri Giorgi Boiçenko ölkədəki seysmik risklər və əsas problemdən danışıb.
Bildirib ki, Qafqaz seysmik olaraq fəal yerdir və Gürcüstanda zəlzələ riski həmişə var. Böyük şəhərlərdə hətta orta güclü zəlzələ də ciddi problemlər yarada bilər, çünki yaşayış binalarının əksəriyyəti seysmik baxımdan dayanıqlı deyil.
“Qafqaz seysmik baxımdan fəal regiondur və bizdə də güclü zəlzələ riski var. Bir neçə il əvvəl bunun təcrübəsini yaşamışıq – 1991-ci ildə Racada 7 bal gücündə zəlzələ baş vermişdi. Eləcə də cəmi bir neçə ay əvvəl Cavaxeti silsiləsində 6 bal gücündə zəlzələ oldu. Bədbəxtlik odur ki, böyük şəhərlərdə problemin yaranması üçün güclü zəlzələ lazım deyil. 2002-ci ildə 4,5 bal gücündə zəlzələnin necə ciddi problemlərə səbəb olduğunu xatırlayırıq. 6,5-7 bal gücündə zəlzələnin olması tam mümkündür. Sadəcə, əgər bu, Türkiyədə 100 ildən bir təkrar olunursa, bizdə bu aralıq nisbətən böyükdür, məsələn, bir neçə əsr ola bilər”, – deyə Giorgi Boiçenko bildirib.
Onun sözlərinə görə, əsas problemlərdən biri köhnəlmiş seysmik risk xəritəsidir ki, ölkə hələ də köhnə xəritədən istifadə edir. Yenilənmiş seysmik risk xəritəsi tikintilər üçün yeni tənzimləmələr gətirəcək və bu, qiymətlərə də təsir göstərəcək.
Seysmoloq bildirib ki, Milli Seysmik Monitorinq Mərkəzi 2020-ci ildə xarici mütəxəssislərlə birlikdə yeni seysmik risk xəritəsi tərtib edib, ancaq bu günə qədər də həmin xəritə təsdiq edilməyib.
“Seysmik risk xəritəmiz köhnəlib, 1999-cu ildə hazırlanmış xəritədir. Qaydaya əsasən, xəritə 5-10 ildə bir dəfə yenilənməlidir. Bu günə qədər də bu xəritədən istifadə edirik. Buraya böyük məlumat daxil edilməyib. Bu xəritədə ölkəmizin və qonşu ölkələrin seysmik, geoloji və digər göstəriciləri cəmləşdirilir və bunun əsasında məntəqələrə hansı gücdə zəlzələnin baş verə biləcəyi parametləri ötürülür. Buna əsasən də binanın planlaşdırılması olmalıdır. Müəyyən məntəqələrdə seysmik risk parametri artıb və tikinti işləri yenə də köhnə satandartla aparılır, bu, problemdir”, – deyə seysmoloq vurğulayıb.
Mənbə: bm.ge