Bilmirəm sovet gənclərində də yerliçilik hissi vardımı və ya hansı dərəcədə idi, amma keçid dövrünün gəncləri elə bil bir başqaydı. Ətrafımız doluydu qaçqın, köçkün, didərgin insanlarla. Kəndimiz deyəndə el-obasına həsrət qalan gənclərin gözlərindəki həsrətin və qibtənin nə olduğunu şahid olanlar bilərdi. O həsrətin, qibtənin təsiri altında bir elini itirmək qorxusu biz gürcüstanlı tələbələrdə bir başqa idi. Bir təşkilat olmasaq da, demək olar ki, əksər tələbələr bir arada idi, hətta bizə kütlə tərəfindən qoyulan “QrAz” kəlməsini də yekdilliklə qəbul etmişdik. Axı sonunda “Az” vardı. Bax beləcə dəxli yox idi haralısan, Borçalının hansı nöqtəsindənsən. Əsas o idi ki, özümüzdənsən, vəssalam!
Mən heç kimin hansı rayondan olduğuyla da maraqlanmırdım, əsas o idi ki, “QrAz” idi. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Bakı universitetlərində gürcüstanlı tələbələrin sayı çox azalmışdı. Bakıda tədris proqramı fərqi, test üsulu qəbulu və ödənişli təhsil, demək olar ki, bir eniş gətirmişdi. Yalnız imkanlı ailələrin uşaqları 9-cu sinifdən sonra gelib Bakıda repetitorla hazırlaşırdılar və qəbul ola bilirdilər. Həmin azlıq siyahısında Marneuli öndə idi. Dmanisidən, Bolnisidən çox savadlı uşaqlar olardı, hansı ki, xüsusi müəllim olmadan öz gücləri ilə hazırlaşırdılar. Etiraf edim ki, mən heç Qardabanidən tələbəyə rast gəlmirdim, yəni mən tanımırdım. Elsevər, yurdsevər biri kimi bu məni çox narahat edirdi. Həmişə gürcüstanlı tələbələr bir-birimizlə görüşəndə ilk sualım o olurdu ki, Qarayazıdan – Qardabandan tələbə tanımırsınızmı?
Həmişə düşünürdüm ki, yəqin Qardabanidə təhsilli insanlar olaraq yalnız sovet dövründə təhsil alan ziyalılar qalıb. Axı mən heç Qardabanidən tələbələr eşitməmişdim. Borçalı dediyimiz məmləkətimizin bir parçası Qarayazımız üçün bunu bir faciə hesab edirdim. Necə də olsa sovet təhsilinin nəticəsi “tükənən sərvətimiz” idi axı. Etiraf edək ki, doğrudan da bu qorxu var idi. Nə yaxşı ki, “1+4” layihəsi təşkil olundu...
İllər sonra mən Borçalıya döndüm. Bu 3 ildə apardığım araşdırmalar mənim Qardabani haqqında olan narahatlığıma elə xətt çəkdi ki, mən artıq Qardabani deyəndə teatr, rəssam, şair, inteqrasiya mərkəzi, gənclər mərkəzi, xüsusi milli uşaq bağçası, qəzet, jurnal ocağı haqda düşünürəm.
Qızların məktəb oxuması qadağan olan zamanda kişi qeyrəti ilə deputat olan, bir neçə dil bilən, leksikonumuzdakı “Kişi Pəri” ifadəsinin prototipi olan Pəri Sofiyevanın Qarayazı mahalının gənclərinin uğurları məni o qədər sevindirir ki, hər birinə öz balam kimi kövrəlir və qürurlanıram.
Son ayların uğurlu gəncləri Qardabani səmasının ulduzlarıdırlar – Pəri Sofiyeva günəşinin səmasından boylanan ulduzlar. Hansı ki, hələ bilmədiyimiz, tanımadığımız nə qədər gənclər var o səmada...
Ümumiyyətlə, son zamanlar Gürcüstanda azərbaycandilli məktəblərin məzunu olmuş gənclərimizin xoş sədaları hamımızı elə qürurlandırır ki, fəxr etməmək mümkünmü?!
Qardabani gənclərinin xoş sədalarından xeyli yazmaq olar, amma son aylarda ardıcıl olaraq üç gəncin uğuru bizi daha kövrək notlara köklədi. Ağtəhləli gəncimiz Albina Məmmədova Kembric Universitetində ödənişsiz magistr təhsili aldı və məzun olduğu universitetin Coğrafiya Departamentində işə başladı. Bir neçə gün sonra Qaracalar kəndindən 19 yaşlı Yusif Mehdiyev Gürcüstan futbol yığmasına dəvət edildi. Bəli, bu da artıq idman sahəsində Qardabanidən növbəti uğurdur. Ən qeyri-adi, fərqli, gözlənilməz xəbər isə Əsmər Nuriyevadan gəldi. Borçalıdan təyyarəçi qadın olaraq ilkə imza atdı.
Azərbaycanda, Cənubi Qafqazda, Cənubi Avropa və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyova (1909-1989) olmuşdur. Jukov adına Hərbi Hava Akademiysının məzunu Züleyxa Seyidməmmədova İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş, böyük təltiflər sahibi olmuşdur. O, hətta 1952-1975-ci illərdə Azərbaycan SSR-nin ictimai təminat naziri olmuşdu.
Gürcüstanda ilk təyyarəçi qadın isə Zuqdididən 1915-ci il təvəllüdlü Rusudan Jordaniya olmuşdur. O, 1935-ci ildən işinə başlamış və ömrünün sonuna qədər cəmi 550 saat havada olmuşdur. Təqaüdə çıxdıqdan sonra hərbi pilot məktəbində müəllim işləmişdir.
Qaracalar məktəbinin məzunu Əsmər ABŞ-ın Florida ştatında “Epik Flight” Akademiyasının tələbəsidir. O, birinci kapitan pilot olaraq məşhur “United Airlines” şirkətində işə başlayıb. Əsmər də Borçalının ilk pilotu oldu. Az yaşda böyük uğurdur. Əsmərimizin belə xoş sədasını eşidək!
Hə, beləcə mənim Qardabani haqqında necə böyük səhvimin şahidi elə özüm oldum. Mən maraqlı mövzular axtardıqca əksəriyyəti gözəl yurdumuzun bir parçası olan Qardabani rayonuna – Qarayazıya ünvanlanır.
Qarayazı gənclərinə uğur və müvəffəqiyyət arzulayıram! Yuxarıda adlarını çəkdiyim Azərbaycan və Gürcüstan təyyarəçi qadınların şərəfli həyatı ibrət olsun Əsmər qızıma. Tarix yazdığı kimi, tarix yaşatsın! Siz zirvələr fəth edin, mən daim sizinləyəm!
Müəllif: Esmira ƏLƏKBƏRLİ