Hamımız uşaqlıqdan “oğlun sağ olsun”, “Allah oğul versin”, “yeddi oğul istərəm...” və bu kimi alqışların əhatəsində böyümüşük. Nənələr fəxrlə anladırdı ki, oğul nəslin davamçısıdır. Qız yad ocağa saxlanan qonaqdır. Bu cavabın necə böyük zərbə olduğunu daha dərin hiss etmək üçün gərək ata evində əzizlənən ərköyün bir qız olasan və düşünəsən ki, nə vaxtsa buradan yad adamlar əhatəsinə gedəcəksən, orada yaşayacaqsan. Bax, əminəm ki, əksər milli ailələrimiz bu psixologiya ilə fokuslanıb.
Gəlin bir az tarixi geri vərəqləyək. Hələ lap qədim zamanlarda bizdən uzaq sahillərdə qız uşaqlarının diri-diri basdırılması kimi fərziyələr yazılsa da, şəxsən mən o fikri qəbul etmirəm. O halda soy davam etməzdi. Hansısa cahillərin seyrək addımları tarix ola bilməz!
Cahilliyin pəncərəsindən görünməyən uzaqlarda bir ANA XAQANLIĞI da vardı. Cəmiyyəti qadınlar yönəldərdi. Dünyaya qız uşağı kimi gələn analar, sonralar cəngavər döyüşçü qızlarımız tarix yazdı. Ata soyunu davam etdirməsələr də oğul soyunu şərəflə ucaltdılar.
Məqsədli böhtançıların islam adına bağlamaq istədikləri qadın hüquqsuzluqları tamamilə səhvdir düşünürəm. Dinimizin təməl daşı cənnəti qadının ayağına gətirən peyğəmbərimiz qız uşaqlarına tam fərqli davranarmış. Hətta hədislərdə deyilir ki, otağa girən qızı Fatiməyə qalxar, yer verər, öz sağında oturdarmış.
Biz xalq olaraq işğal tarixi yaşamasaydıq Şərqin ilk diplomat qadını olan Sara Xatun kimi qızlarımız çox olacaqdı. Saf dini baxışları, xeyirxah əməlləriylə xatırlanan Hacı Zeynalabdin Şərqdə ilk qızlar məktəbini yaratdı. Yüzlərlə türk qızı təhsil yoluna oradan başladı, zamanla ziyalı qadın, ziyalı ana, ziyalı ömür yoldaşı kimi türk oğlunu, qızını yetişdirdilər.
Biz tariximizdə ata xəttini götürmüşük və bu səbəbdən də oğul övladının varlığı nəslin davam etməsi kimi qəbul edilir. Bu, oğlun varlığının tamamlanması demək deyil. İnanın, nəinki ananın, atanın, qardaşın, hətta bacının özünün də bacıya o qədər böyük ehtiyacı var ki, əlbəttə, yaxşı bacıya, yaxşı qıza.
Oğul mənim ocağımda yandıranda odumu,
Harda olsa qız çəkəcək şirin-şirin adımı.
Bəli, həmin nənələr həm də onu deyirdilər ki, xeyirin də, şərin də urvatı qız imiş. Oğul maddi yük çəksə də, bütün mənəvi yüklərimizin ağırlığı qızların boynuna düşür. Hətta ataların kövrək ürəklərini qızları qədər kimsə ovuda bilməz.
Vağzalı sədasına kövrələn, gəlin qızının alnından öpüb yola salan ata üçün də qızlarının ocaqdan pərvazlanmağı asan olmur. Atalar əksər halda qızlarına daha çox bağlı olurlar.
Yəqin elə həmin nənələr ki vardı, qız yükü – duz yükü deyirdilər, oğul adına qurban kəsirdilər, oğul başına and içirdilər – onlar qız nəvələri istəməyən əzrayıllar yetişdirdilər. Yüzlərlə qız uşaqlarının ana bətnində doğranaraq götürülməsi, mənə elə gəlir, bizim milli faciəmizdir. Övlad qatili olmağın bu da bir variantı deyildimi. Şahidi olduğum bir neçə bu hadisə həyatım boyu rastlaşdığım ən böyük fəlakət idi.
Əminəm ki, heç bir digər xalq oğlan-qız fərqi ilə ailə planlaması adıyla belə qəbahətə yol verməz.
Bax, o dünənki düşüncəsizliyin nəticəsi isə bu gün məktəb siniflərində kəskin cins fərqi yaradır. Necə deyərlər, qız qızıla dönüb, yox xəbəri nənlərin.
BMT Baş Assamleyası 2012-ci ildən 11 oktyabrı Beynəlxalq Qızlar Günü kimi qeyd edir.
Bax, o cahil nənələr bunu düz deyirlərmiş ki, ölümüzün də, dirimizin də urvatı qızlar imiş.
Gəlin kiçik qız deyib keçməyək. Bu qız sabahın anası, ləyaqəti, şərəfidir.
Mən də qızımın timsalında bütün fidan qızlarımızı təbrik edirəm! Onlara gülər üz, sağlam can arzulayıram!
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək! (H.Cavid)
Esmira ƏLƏKBƏRLİ