Biz nəyə inanırıq və ya biz nəyə tam olaraq, səmimi qəlblə inanırıq?..
İnam olmayan yerdə iman olmaz deyib atalarımız, imanını tərəziyə qoyanları görüb imanına tula bağlatdıranlar da oldu, imanını yandıranlar da. Günahı öz boynuna. Mən onların imanına bağlanan tulaları açıb buraxmaq fikrində deyiləm. İt də gedər, ip də. Çünki əqidə azadlığı deyilən bir zad var. Mürtəd oldu, olmadı, day onu da tula sahibi özü bilər, mən imanımı yandıra bilmərəm.
Yuxarıda soruşduğum sual isə imanlıya da, imansıza da ünvanlanıb, bu ikisinin ortasında qərar tutana da. BİZ də məhz elə budur – məşhur reklamda deyildiyi kimi – üçü bir arada. Malım yox, divan apara, imanım yox, şeytan apara deyənlər isə onsuz da bu yazını oxumayacaqlar.
Qayıdaq suala. Daha konkret olsun deyə sözümün mustafasını elə bu abzasdaca yazıram. Bütün dünyanı “imana” gətirən yeni koronavirus niyə BİZi özünə inandıra bilmir. Minlərlə insanın canını alan virusun varlığına hələ də inanmırıq. Burnumuzun ucuna qədər yaxınlaşan koronavirusa durbini tərs tutaraq baxırıq. Sosial şəbəkələrdən də aydın olur ki, dünyada bu virusla daha çox məzə tutan, lağlağı edən, inanmayan da elə bizik. Virusla bağlı xəbərin altındakı şərhləri oxuyanda təəssürat yaranır ki, biz koronavirusun yalan olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırıq. Hardandır bu entuziazm. Elə bil hamı bir-birinə söz verib ki, koronavirusun yalan olduğunu, oyun olduğunu hər kəsə söyləməli, inandırmalıdır.
Mağazanın qarşısında növbəyə durursan, tibbi maska çənəsində bir dayı ortaya girib virusun yalan olduğunu söyləyir. Aptekin qarşısında növbə gözləyirsən maska ilə təkçə ağzını örtmüş bir xala and-aman edir ki, koronavirus zad yoxdur. Avtobusa minirsən, koronavirusun seçkilərə görə bir oyun olduğu haqqında yaşlı dayılar, əmilər arasında qızğın debat gedir (yaşlı demişkən, niyəsə ən çox da yaşlı nəsil inanmır koronaya). Demək istəyirsən ki, ay əmilər, dayılar, axı virus bütün dünyanı bürüyüb, bunun virusun az yayıldığı Gürcüstanda keçiriləcək seçkilərə nə dəxli var, indi Gürcüstanda seçkilər keçiriləcək deyə minlərlə insanmı ölməlidir bütün dünyada?.. Vallahi, bir azca beynini qırışdırıb fikirləşəndə beyin də error verir. Axı bu nə məntiqdir, necə fantaziyadır, həncəri təxəyyüldür ki, təkcə bizim ağlımıza gələ bilir... Kor şeytana lənət oxuyub susursan.
Heç nəyə, heç kimə inanmırıq: nə elmə inanırıq, nə alimə (cadu-pitiyə daha çox inanırıq); nə həkimə inanırıq, nə dava-dərmana (antibiotikdən çox sarımsağa inanırıq); nə təhsilə inanırıq, nə dəftər-kitaba (alverə daha çox inanırıq); nə tarixə inanırıq, nə tarixçiyə; (ətrafında inanaraq təvaf edəcəyimiz ümumi ideologiyamız hələ yoxdur belələrinin ucbatından) nə hürriyyətə inanırıq, nə milliyyətə (hələ də komunizmə zada inananlarımız var, o da ala-bula); nə dindara inanırıq, nə dinə (xurafata daha çox inanırıq); nə idmana inanırıq, nə idmançıya; nə qələbəyə inanırıq, nə gələcəyə; nə Ümumdünya Səhiyyə Təşkilatına inanırıq, nə öz səhiyyəmizə, nə də koronavirusa... inansaq da yarı-yarımçıq inanırıq. Bəs biz nəyə bütöv, ürəkdən inanırıq görəsən?
Sən inanmırsan inanma, bəs qarnının azarı nədir ki, BİZi də öz inamsızlığının ateistinə döndərmək istəyirsən? Gərək elə virusa yoluxaqmı inanaq? Gərək elə qohum-əqrəbandan kimsə virusa tutulamı inanasan? Sən maska taxmırsan özün bilərsən, bəs maska taxanlarla nədir işin? Sən tövsiyələrə, qaydalara əməl etmirsən, bəs niyə əməl edənləri də yolundan azdırmağa can atırsan? Axı buna görə sənə nə verirlər? Bəs sən nəyə, kimə inanırsan ümumiyyətlə?
Cəhənnəmə gedən özünə yoldaş axtarar deyib atalarımız həm də. Allah hidayət versin.
Azər MUSAOĞLU