Müstəqillik – bu sözə necə tərif vermək olar? Mənə elə gəlir ki, bu sözə dilucu “azadlıq”, “hürriyyət” deyərək bir kəlməyə sığdırmaq, cılızlaşdırmaq böyük qəbahət olar. Bu müqəddəs kəlməyə kitablar yazmaq, əsərlər yaratmaq, ensiklopediyalar təşkil etmək belə onun əsl mənasını olduğu kimi izah etməyə kifayət edə bilməz. Axı müstəqillik adı heç bir xalqa nimçədə pay gəlməyib. Neçə-neçə oğulların qanı bahasına başa gəlmiş, ərişilmiş bu ali məqam bir kəlmə ilə izah edilə bilməz. Tökülən hər damla qanda bir tarix, hər yarımçıq qalan ömürdə Vətən daşına dönən bir vətəndaş arzuları yatır. Neçə-neçə ümidlər, neçə-neçə çıraqlar sönüb, öz ömründən alov verib bu ocağı yandırmaq üçün həmin insanlar, insanlığın çata biləcəyi ən yüksək zirvəyə çatmış şəhidlər!
Qarşıdan 9 Aprel gəlir, yarı kədər, yarı sevinc, yarı qürur sayılan 9 Aprel. Gürcü xalqının özünü, kimliyini, milli özünüdərki isbat etdiyi, təsdiqlədiyi o qanlı bazar günü... Gəlin bununla bağlı olaraq dövlətimizin bu günlərə necə çatması, hansı çətin yollardan keçməsi haqqında çox da uzaq keçmişə getmədən tarixə bir az nəzər yetirək.
1783-cü il, Georgiyevsk traktatının imzalanmasından və keçmiş Kartli-Kaxeti çarlığının Rusiya imperiyasının yalan vədlərinə inanıb qurduğu tələyə düşərək müstəqilliyini itirməsindən sonra xalqın irəliyi görən, savadlı, fədakar şəxsləri bu yoldan dönmək, bu ağır boyunduruqdan qurtulmaq üçün daim canla-başla çalışmışdır. Birinci Dünya Müharibəsi və bu dövrdə Rusiyada baş verən 1917-ci il daxili çəkişmələri nəticəsində imperiyanın parçalanması təhlükəsi Cənubi Qafqaz xalqları, o cümlədən gürcü xalqı üçün yenidən bir ümid işığı olmuş, əzəldən bəri sönməyən müstəqillik istəklərini daha da alovlandırmışdır. Nəhayət, 1918-ci il 26 mayda Noe Ramişvilinin rəhbərliyi ilə sosial demokrat menşevikləri tərəfindən Gürcüstan Demokratik Respublikası qurulmuş və SSRİ-nin yaranmasına qədər ömür sürmüşdür. Çox da uzun müddət çəkə bilməyən bu sevinc əliqanlı cinayətkarlar tərəfindən 1921-ci ilin mart ayında yenidən yerindəcə boğulmuşdur. Qarşıdakı 70 illik əsarət dövründə gürcü xalqı hər dəqiqə, hər an bir daha tarixi başdan yazacağına inanmış, bir gün belə buna ümidini itirməmişdir. Elə 1989-cu il 9 aprel günü xalqın bir nəfər kimi küçələrə axışması, Abxaziyanın Gürcüstanın tərkibində qalması tələbi, daha sonra Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirməsi, patriarx II İlianın xalqı sakitləşməyə, ibadət üçün kilsəyə dəvət etmək cəhdinin nəticə verməməsi, sinəsini düşmənin odlu silahına sipər etməsi, bir yandan bu xalqın gücünə, əzminə bariz nümunə idisə, digər tərəfdən aksiya iştirakçılarını meydandan qovmaq üçün dəyənəklər, zəhərli qazlar, rezin güllələr kimi hər vasitədən istifadə etməklə öz mənfur istəyinə çatmaq cəhdi düşmənin nə qədər aciz və əzazil olduğuna bir sübut idi. Bu qanlı hadisədə 3-ü yeniyetmə, çoxu qadın olmaqla 20 nəfər həlak olmuş, 200-dən çox şəxs ağır xəsarətlər almış və ya şikəst qalmışdır.
9 Aprel tarixi hər bir Gürcüstan vətəndaşının yaddaşında dərin yaralar açmış, silinməz izlər buraxmışdır. Günahsız millətə divan tutmaqla Sovet rejimi xalqın iradəsini, əzmini qıracağını düşünürdü, amma bu belə olmadı. Məşhur rus yazıçısı Lev Tolstoyun dediyi kimi, “azadlığa təzyiq göstərməklə ona meyli daha da gücləndirmiş oldular”. Nəhayət ki, çəkilən əziyyətlər, uğruna tökülən qanlar, yarımçıq qalan talelər boşuna getmədi, 2 il sonra, həmin gün - 1991-ci ilin 9 aprel günü Gürcüstanda yenidən Müstəqillik Aktı qəbul olundu.
Bu uzun və şərəfli yolda, Gürcüstanın var olması, müstəqilliyi üçün canından keçmiş insanlar daim dərin hörmət və sayğı ilə anılır və anılacaqdır. Hüznlə dolu Milli Birlik və Müstəqillik Günün mübarək, Vətən!
Lətafət KƏRİMOVA