Əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəm atəşindən qurtuluş olan Ramazan ayının ortasını, yəni məğfirət qismini yaşamaqdayıq.

 

Ramazan orucu İslam dininin beş əsas şərtindən biri və Allahın Qurani-Kərimdə əmr etdiyi bir ibadətdir. Bilindiyi kimi, oruc ibadəti ibadət niyyəti ilə imsaqdan (sübh namazının girdiyi vaxtdan) günəş batıncaya (axşam namazının girməsinə) qədər yemək, içmək və cinsi münasibətdən uzaq durmaqdır. Həzrət Peyğəmbər “Allahın razılığını qazanmaq üçün bir gün oruc tutan kimsəni Allah-təala bu bir günlük oruc səbəbiylə cəhənnəm atəşindən yetmiş il uzaq tutar” buyurmuşdur (Buxari, Cihad 36; Müslim, Sıyam 167-168).

 

Vurğuladığımız kimi, oruc ibadəti sırf Allahın rizası üçün olmalıdır. Digər niyyətlərlə – pəhriz tutmaq, arıqlamaq, “başqaları tutur mən də tutum” niyyəti ilə tutulmamalıdır. Belə oruc haqqında Həzrət Peyğəmbər bizlərə belə xəbərdarlıq edir: “Nə qədər oruc tutanlar vardır ki, orucundan özünə quru bir aclıqdan başqa bir şey qalmaz! Gecələri nə qədər namaz (təravih və təhəccüd) qılanlar vardır ki, namazlarından özlərinə qalan tək yuxusuzluqdur” (İbni Macə, Sıyam, 21).

 

Oruc tutan şəxs bütün vücudunu oruc tutdurmalıdır ki, onun ibadətinin bir dəyəri olsun. Oruc tuturam deyərək pis vərdişlərdən, harama baxmaqdan, söyüş söyməkdən, qeybətdən, yalandan, iftiradan əl çəkmirsə, hədisdə də deyildiyi kimi, bu, oruc deyil, şəxsin sadəcə ac qalmasıdır.

 

Ancaq Ramazan ac qalmaq deyil, acın halından anlayaraq onlara kömək etmək ayıdır. Bu baxımdan İslam ölkələrində ehtiyac sahiblərinə həmişəkindən daha çox yardımlar olunur. Bu ayda bir də fitr sədəqəsi vardır ki, bayram bitmədən o sədəqə ehtiyac sahiblərinə verilməlidir ki, onlar da bayram edə bilsinlər.

 

Rəbbimiz bizi dünya həyatında pis əməllərdən çəkindirmək, yaradılışımızdakı paklığı qoruyub saxlamaq, zamanla dünya kirləri ilə aşınan ürəyimizin, imanımızın yenilənməsi üçün bizə oruc tutmağı əmr edir. Rəbbimizin bütün əmrləri dünya həyatında insanları eyni zamanda tərbiyə etmək üçündür. Oruc da Uca Yaradanın insanı dünyadakı tərbiyə metodlarından biridir. “Oruc bir qalxandır. Oruclu hörmətsizlik etməsin, pis danışmasın. Əgər biri özüylə döyüşməyə və ya söyüşməyə qalxsa iki dəfə “mən orucluyam” desin” (Buxari, Savm, 2).

 

Hər pisliyin başı Allahı unutmaq və məsuliyyət duyğusunu itirməkdir. Halbuki oruc bizə daim Allahı xatırladır, məsuliyyət duyğusunu inkişaf etdirir. Bir ay boyunca davam edən bu mənəvi təhsil nəticəsində Allah qorxusu qəlblərə yaxşıca yerləşir, bunun müsbət təsiri ilə də insan davranışlarını idarə altına alaraq hər cür pislikdən uzaqlaşmış olur.

 

Oruc həmçinin insan bədənini sağlamlaşdırır. Hədisi-şərifdə buyurulur ki: “Oruc tutun ki, (maddi və mənəvi) səhhət tapasınız!” (Heysəmi, 203 III, 179).

 

Ramazan ayı həm də bir Quran ayıdır. Çünki Qurani-Kərim Ramazan ayının içərisində yer alan, min aydan daha xeyirli olan Qədr gecəsində nazil olmağa başlamışdır. Bir müsəlmanın da həyat prinsiplərini təyin edən konstitusiya kitabı Qurani-Kərimdir.

 

Hacı BƏKİROĞLU