Son zamanlar cəmiyyətimizdə narahatlıq doğuran bir tendensiya müşahidə olunur – bəzi gənclər arasında kriminal üslubda danışıq və davranış formalarının yayılması. Bu vəziyyət təkcə onların psixoloji və sosial inkişafına deyil, həm də ümumi ictimai nizam-intizama mənfi təsir göstərir. Bu mövzuya toxunmaq istəyim isə bir neçə gün öncə şahidi olduğum bir hadisə ilə bağlıdır.
Avtobusda olduğum zaman 13-14 yaşlarında iki oğlanın təsbeh oynatdığını gördüm. Təsbehin üzərində kriminal aləmdə simvolik qəbul edilən “vor” adlandırdıqları ulduz rəsmi var idi. Bir müddət sonra avtobusa təxminən 15-17 yaşlarında iki gənc mindi. Onlardan biri təsbehi uşaqların əlində görüb “Qardaş, pabratski, bunu mənə hədiyyə elə” dedi. Uşaq isə “Yox, bu bizə zondan yaxşı qardaşdan gəlib, verə bilmərik” cavabını verdi. Gənc isə narazılıqla “Bunlara bax, uşaq-muşaq təsbeh oynadır, hələ bir böyük qardaşa da vermirlər” deyə şikayətləndi. Bu dialoq məni dərindən narahat etdi. O yaşda uşaqların bu cür jarqonlardan istifadə etməsi və kriminal həyat tərzinin elementlərini mənimsəməsi düşündürücüdür. Bu hadisədə məni ən çox düşündürən isə həmin uşaqların təsbehin kriminal dünyada nəyi simvolizə etdiyini bilmələri, amma sadə bir ifadəni – sürücüyə gürcü dilində “saxlayın” deməyi bilməmələri idi. Bu, onların diqqətini hansısa mənasız və zərərli trendlərə yönəldib, əsas və vacib biliklərdən uzaq qalmalarının acı nümunəsidir.
Bu cür davranışların yayılmasının bir neçə əsas səbəbi var. İlk növbədə, sosial media və kütləvi informasiya vasitələrinin təsiri burada böyük rol oynayır. Bəzi filmlər, seriallar və sosial media platformalarında kriminal həyat tərzi “cəsarət”, “güc” və “hörmət” anlayışları ilə əlaqələndirilir. Bu isə gənc və təsir altına düşməyə meyilli şəxslər üçün cazibədar görünə bilər. Eyni zamanda, bəzi ailələrdə uşaqlar böyüklərin davranışlarını təqlid edir və onların danışıq üslubunu mənimsəyirlər. Bundan başqa, məktəb və sosial mühit də bu cür təsirlərin formalaşmasında mühüm rol oynayır. Uşaqların ətraf mühitdə bu cür davranışları normallaşdıran qruplarla ünsiyyəti onların mənfi təsirlərə daha açıq olmasına səbəb olur.
Bu tendensiyanın fəsadları isə kifayət qədər ciddidir. Belə hallarda gənclərin gələcəkdə riskli və təhlükəli mühitlərə daxil olma ehtimalı artır. Düzgün sosial bacarıqlar və sağlam dəyərlər formalaşmadığı üçün onların peşəkar və şəxsi həyatına da zərər dəyə bilər. Eyni zamanda, cəmiyyətdə aqressiya və hörmətsizlik kimi halların artmasına şərait yaranır.
Bu problemin qarşısını almaq üçün bir sıra effektiv addımlar atmaq mümkündür. İlk növbədə, məktəblərdə və gənclər mərkəzlərində kriminal mədəniyyətin fəsadlarını izah edən dərslər keçirilməlidir. Gənclər arasında idman, incəsənət və sosial fəaliyyətlərə maraq yaratmaq da onların özlərini daha sağlam mühitlərdə ifadə etmələrinə kömək edər. Eyni zamanda, valideynlər və müəllimlər birlikdə çalışaraq gənclərin davranışlarını izləməli və onlara düzgün istiqamət verməlidirlər. Risk qrupuna daxil olan uşaqlar və yeniyetmələr üçün psixoloji dəstək proqramlarının hazırlanması da vacibdir.
Gənclərin bu cür təhlükəli təsirlərdən qorunması üçün cəmiyyət olaraq hər birimizin üzərinə məsuliyyət düşür. Onlara düzgün dəyərləri aşılamaq, sağlam mühitdə böyümələrinə dəstək olmaq və maarifləndirmə işlərinə daha çox diqqət ayırmaq vacibdir.
Bu cür təhlükəli təsirlərdən qorunmaq üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür, xüsusən də müəllimlərin. Gələcəkdə bir müəllim kimi yalnız fənnimi öyrətməklə kifayətlənmək istəmirəm. Mənim üçün əsas olan şagirdlərimə doğru yolu göstərmək, onlarda sağlam düşüncə formalaşdırmaq və onları zərərli təsirlərdən qorumaqdır. Həyat elədir ki, hər bir uşaq nə vaxtsa seçim qarşısında qalır – ya düzgün yol, ya da zərərli vərdişlər. Mənim arzum və məqsədim odur ki, şagirdlərim bu seçimi edərkən yanlış istiqamətə yox, doğru yola üz tutsunlar.
Mən istəyirəm ki, gələcəkdə mənim şagirdlərim yalnız bilik deyil, həm də güclü xarakter qazansınlar. Onlar pis vərdişlərə yox deməyi, çətin anlarda düzgün qərar verməyi və həyatlarında sağlam prinsiplərə sahib olmağı bacarsınlar. Çünki inanıram ki, hər bir gənc, əgər vaxtında ona dəstək göstərilsə, böyük uğurlar qazana və cəmiyyət üçün dəyərli şəxsiyyətə çevrilə bilər.
Gələcək gənclərin əlindədir. Onların sağlam, savadlı və düzgün dəyərlərə sahib olaraq böyüməsi isə müəllimlərin, valideynlərin və bütövlükdə cəmiyyətin əlindədir.
Aytən FƏTULLAYEVA