Yəqin orta nəsil yaxşı xatırlayar. Gözəl uşaqlığımız vardı. Məhəllə uşaqları yığılar uşaq oyunları oynayardı. Evdə olanda maraqla televiziya proqramlarını izləyərdik. Ən əsası, ad günləri bir bəhanə idi, bütün qohumlar yığılardı. Bayramlarda isə hamı ya nənə-baba başına yığılar, ya da böyük əmi-dayı evinə yığılardı...
Uşaqlığımızdan danışacaq o qədər, bəlkə də bugübkü nəslə çatmayacaq, xoş xatirələr var ki. Artıq illərdir ki, bu xatirələr folklor tarixinə dönüb.
İnternet cəmiyyətimizə bir bıçaq kimi daxil olub. Əslində bıçaq cərrahda da ola bilər, qəssab da da. Təəssüf ki, az qala əksəriyyət cəllad kimi istifadə edir. Yəni internetlə dostlaşdıqca kimliyimizi unudur. Daha doğum günləri vatsap statuslarıyla təbrik edilir, şəkil paylaşıb ürək sözü yazmaqla bitir. Bəzən səmimi cümləyə belə vaxt ayırmırlar, ürək sözləri smayliklərlə kifayətlənir. Ailə də qonaq qəbul etmir. Kafedə, restoranda ya ailəsi, ya istədiyi bir neçə nəfərlə qeyd edir. Doğmalar yığıncağı olmur. Beləcə uşaqlar da bir-birini tanımır. Bu, bir uzaqlaşmadır.
Daha bayramlaşmalar mesajlarla göndərilir. Faciə odur ki, yazmağa da vaxt ayırmırlar, hazır mesjları və ya şəkilləri atırlar.
Daha darıxanda qonaq da getmirlər. Hamı bir-biri ilə virtual danışır. Əvvəllər görüntülü idi, indi yalnız zənglədir. Danışan isə böyüklərdir. Uşaqlar bir-birlərini görmədikləri üçün yadlaşırlar. Bayramlarda da hər kəs şəxsi kiçik əhatəsiylə yad mühitlərdə masa arxasında, doğma nənələrinin, bibilərinin, xalalarının əlinin duzu ilə yox, yad aşbazların yeməklərini yeyirlər. Bax, beləcə “sosiallaşırıq”.
Hər kəs öz izlədiyi feysbuk, instaqram, tik-tok səhifələri ilə baş-başa qalır. Əmilər, dayılar, xalalar, doğmalar beləcə naməlum sosial dostlara çevrilir. Kimliyini, əməlini, vicdanını, ləyaqətini bilmədiyimiz sosial profillər doğmaları əvəz edir. Faciəmiz odur ki, bu şəbəkələrdən müsbət tərəfləri götürmək əvəzinə “dekan olmaq istəyən Balaəliləri” daha çox izləyirlər.
Oğlumun futbolda qolu sınmışdı. Kiçik bir əməliyyat oldu. Xəstəxanadan çıxdıqdan sonra bir ay dayanmadan hər gün yoluxmağa qohumlar, dostlar, qonşular gəldi. Oğlum təəccüblə soruşdu: “Ana bu qədər qohum-əqrəba gözləməli idi ki, mənim qolum sınsın? Niyə başqa vaxt gəlmirdilər?” Düzü, sualdan həm xəcalət çəkdim, həm kövrəldim, həm də cəmiyyətimiz adına utandım. Sonra yaşadığımız uşaqlığı uşaqlarıma danışdım. Danışarkən təəssüflə kövrəlirdim. Çox təəssüf ki, bu gün bu faciələr cəmiyyətimiz kimi mənim də ailəmə sirayət edir. Uşaqlarımın intelektual səviyyəsinə milli və mənəvi təfəkkürümlə nə qədər müdaxilə etsəm də sosial cəmiyyət öz sözünü deyir. Etməlidir də, bu, həyat gerçəkliyidir. Boşa deməyiblər ki, hər kəs mühitin övladıdır. Mühit ilə ayaqlaşmasan cəmiyyətin özü səni “udalit” edir.
Bu il yerini dəyişən fəsil bizimlə ciddi zarafat eləməyə başladı: yaz fəsli gah qışın, gah yayın, gah payızın libasını geyindi. Nəhayət, may ayının son günləri özünü martın əvvəli kimi göstərərək çaylarımız daşdı, buludlarımız hönkürdü. Təbii fəlakət yüksək gərginlikli kiçik stansiyaları sıradan çıxartdı və iki gün işıqsız qaldıq. Buna sosial dillə “yeniliyin iflic olunması” deyə bilərik. Elektriklə işləyən bütün cihazlar dayandı. İnternet şəbəkələri, telefonlar işləmədi, elektrik olmadığına görə ötürücülərimiz zəiflədi. Beləliklə bir az özümüzü düşünməyə vaxtımız çatdı. Əksər adamların telefonlarında enerji olmadığından sanki insanlar başını qaldırıb ətrafa baxdı. Heç kəs şəbəkələri izləmədi, statuslara baxmadı. Hamının yadına doğmaları düşdü. Darıxdıqlarından bir-birini axtardılar. Qonşuluqda yaşayan virtual danışan qohumlar bir-birini çəpərdən səslədilər. Yox, yox! Əhvalını soruşmurdu, işığı soruşurdu. Ən azından danışırdı. Axşamlar şam işığının başına yığıldılar. Hər gün yığışdığımız şam süfrəsində hər kəs yeməyini yeyib öz guşəsinə çəkildiyi halda, indi bir-biri ilə söhbət etməyə başladı. Söhbətin sonunda xatirəyə dönmüş ailəcə oynanılan dominolar, damalar gündəmə gəldi. Beləcə doğmalıq bərpa olundu. İki gündə “səssizlikdən”, qaranlıqdan darıxan qohumlar axşamı qonaq getdilər. Təəssüf ki, bu iflic dediyimiz xoşbəxtlik iki gün çəkdi, çox tez qayıtdıq əvvəlki həyatımıza...
Mən yalnız hamını birlikdə şam süfrəsində yığırdım. Məcbur edirdim ki, hamımız birlikdə yemək yediyimiz zamanda bir retro filmi izləyək. Bir saatlıq sakit, hərdən müzakirəli izləmədən sonra hər kəs öz guşəsinə çəkilər, kimi yazar, kimi şəkil çəkər, kimi telefona baxar və sair işlərlə məşğul olardıq...
Artıq gecədən işıq yanmışdı. İşə, dərsə gedən bizlər yenə axşama şam süfrəsinə yığıldıq. İki günlük xoşbəxt həyatımızı yaddaşa salmaq istədim. Yeməyimizi yeyib domino oynayaq dedim. Oğlum dedi mən futbola baxacam, qaçırdığım oyunlar var. Qızım dedi animasiya filmi hazırlayıram, şəkilləri çəkəcəm. Yoldaşım dedi yorulmuşam, bir az xəbərləri-zadı izləyək, görək iki gündə dünyada nə baş verib. Meydanda tək qalan mən keçdim kompüter arxasına...
Bax beləcə yenidən döndük palaza bürünüb sürünməyə. Yəqin məktəb dərsliyindən “Manqurt” hekayəsi yadınızdadır (Ç.Aytmatov – “Əsrə bərabər gün” romanı). İstəyəndə insanın keçmiş yaddaşını pozaraq bu günü yükləməklə öz adamın edə bilərsən. Bu qədimdə çox ağrılı yol idi. Bu gün manqurtlaşmağın ağrısız, sevdirə-sevdirə asan yolu hörümçək toru kimi bizi ağuşuna alan virtual mühitdir – internetdir.
Bəlkə də təbiət bizə ibrət dərsi vermək üçün insan təlafatı vermədən bu təbii fəlakəti yaratdı. Biz iki gün insanlıq yaşadıq, doğmalaşdıq, dünənə döndük. Ən əsası, iki gün adam kimi adam olduq...
Belə günlər üçün fəlakətlər gözləməyək, ictimai nəbzi izləyək, amma özümüzdən ayrılmayaq. Virtual həyatdan gerçəkliyə dönək, doğmaları bağrımıza basaq. Vallah, insanlığın ətri virtual hiss olunmur!
Esmira ƏLƏKBƏRLİ