Tarix bir fənn kimi mənim maraq dairəmə daxildir. Nəinki tarixi əsərləri, filmləri, tarixi araşdırmaları sevirəm, oxuyuram, hətta tarixçi kimi müşahidələr aparıram bəzən. Özüm üçün nəzəriyyələr də irəli sürürəm.

 

Hamımız tarixi bir mərhələnin şahidi olduq: XX əsrin sonu XXI əsrin əvvəllərini əhatə edən Birinci və İkinci Qarabağ müharibəsi. Mən bu müharibənin birinci hissəsində yeniyetmə, ikinci hissəsində yetkin – əsgər anası olacaq yaşda idim. Müharibənin birinci hissəsində yaşım, təcrübəm analiz edəcək, proqnoz verəcək yaş təcrübəsində olmasa da, ikinci hissədə tamamilə dərk edəcək, fikir yüyürdəcək yaşda idim. Hətta yaddaşımın xatirələri ilə müqayisəli düşünürdüm. Bütün bunlar yazacağım mövzuma giriş üçün idi.

 

Bugünkü gənclikdən fərqli olaraq biz – orta nəsil veteran babalar nağıllarını dinlədik. Onlara müqəddəs kimi baxardıq. Hər 9 May – Qələbə Günü onların əfsanəvi qəhrəmanlığı gözümüz önündən kadr kimi keçərdi. Müharibəyə həsr olunmuş filmləri nəfəs çəkmədən seyr edərdik. İndiki müharibələr canlı yayımlanır, şəkil, video halında paylaşılır. Daha dəqiq gedişat izlənir. Daha real olur. Bizim uşaqlıq qəhrəmanlarımızın əksəriyyəti xəyali idi və ya hadisələr şişirdilmiş idi, amma biz o qəhrəmanlara oxşamaq həvəsiylə yaşayırdıq. Bütün veteranlara da filmdəki, əsərlərdəki qəhrəmanlar kimi baxırdıq.

 

3-cü sinfin “Ana dili” dərsliyində, kitabın sol səhifəsində partizan Zoya Kosmedemyanskayanın şəkli və ona həsr olunmuş şeiri bu günə kimi yadımdadır:

 

Zoya asılan yerdə

Otlar elə yumşaqdır,

Günəş elə parlaqdır.

İnanmırsan bu yerdə

Bir qız asmış qansızlar.

 

Çiçəklər əkmiş burda

Zoya yaşında qızlar! (M.Dilbazi)

 

7-ci sinifdə “Ananın öyüdü” (S.Vurğun), 11-ci sinifdə “Ana və poçtalyon” (S.Rüstəm) və sair şeirləri bu günə kimi yadımdadır. Hər il Faşizm Üzərində Qələbə Gününü qeyd edərdik. Rəhbər hakim dairələrdən biz uşaqlara qədər – hamımız veteran babalarımıza minnətdar olduğumuzu deyərdik. Onlar da bu tədbirlərə qürurla gələrdilər. Yaxaları medalla dolu olardı. Elə istəyərdik o medallara əlimizlə toxunaq. Heç qoyardılarmı? O babalar o medalları əzizləyər, göz bəbəyi kimi qoruyardılar. Onlar qəhrəman kimi yaşadılar, öldülər. Onların ən böyük sərvətləri bir medalları idi, bir xatirələri, bir də vətən sevgisi. Onlar mənəviyyatımızın tükənən sərvəti idilər. Tükəndilər. Bu gün müharibəyə ən son çağırışçının 98 yaşı ola bilər, əgər yaşayırsa.

 

Proletar-fəhlə, kəndli hökumətində veteranın mütləq şəkildə nə mülkləri, nə güclü təzminatları vardı, uzağı ZAZ-Zaparojets (Zapı) adlanan sadə, ucuz bir avtomobil verərdilər, o da əlillərə. Qalan heç bir sahədə, istisna halları nəzərə almasaq, elə bir fərqli maddi münasibət yox imiş. Məsələn, mənim babam 7 kəndin tabe olduğu sovetliyin sədri olmuşdu, o müharibədə olmamışdı. Qonşularda isə onlarla qara kağız saxlayan, itkini olan vardı. Heç eşitməmişdim kimsə deyəydi ki, filankəs burada ailəsinin içində idi, mənim balam, qardaşım, ərim gedib itkin düşdü, öldü...

 

Yəni xalq da, dövlət də düşünürdü ki, müharibəyə hər adam gedə bilməzdi, lazım olanı getməlidir, arxa cəbhədə də kömək lazımdır, fəhlə, işçi, ziyalı, kəndli qüvvəsi də lazım idi. Hər kəs öz işində yararlı olmalıdır: HƏR ŞEY CƏBHƏ ÜÇÜN, HƏR ŞEY QƏLƏBƏ ÜÇÜN!

 

Artıq Azərbaycan tarixinin ZƏFƏR şərbətini qürurla başına çəkir. Elə istərdim ki, mənim bu müqayisəmi anlayışla qarşılayalar. Mən də bir ana kimi o anaları lap dərindən anlayıram, o qazilərin hər yarası üçün mənən sızıldayıram. Qarşılarında baş əyirəm! Azərbaycan dövlətinin heç bir yardım layihəsinə qarışmıram, sadəcə kənardan tamaşaçıyam. Bəzi dırnaqarası adamların qəhrəmanlarımızın adına ləkə gətirəcək “laqeydlik” oyunlarının yayılmasını istəməzdim. İnanıram ki, bu saxtalaşdırılmış yayımlardır.

 

Azərbaycanda kütləvi səfərbərlik olmadı. Müəyyən qüvvələri döyüşə yararlı insanlar idi, müəyyən hissə də könüllülər idi. Onların vətən sevgisi yox, vətənə xidməti bizdən bir bal yuxarıdır. Biz onsuz da onlar qarşısında özümüzü borclu hesab edirik. Nolar, onlar bunu özləri dilə gətirməsin kaş...

 

Vücudunda məzara alman qəlpəsi aparan babalarımız kimi qürurlu olmağını istərdim Azərbaycan qazisinin, onsuz da Azərbaycan dövləti öz qəhrəmanlarını təltif və təmin edir – Sovet hökumətindən dəfələrlə yüksək dərəcədə. Dövlətçilik əleyhinə olan bədxahlar zəif bəndlərdən istifadə etməklə mənəviyyatı çirkləndirir. Mən əminəm ki, Vətəni təmənna ilə sevməz mənim qəhrəman əsgərlərim, çünki onlar Mübariz Tağıyevin çağırış səsiylə böyüdülər:

 

Vətəni sevmək azdır,

Onu qorumaq gərək.

Vətənim demək azdır,

Vətənin olmaq gərək.

 

Hərəmiz Vətənə bir cür yararlı oluruq, kimi hərbiylə, kimi təhsiliylə, kimi də qələmiylə. Bütün fədakarlıqların fövqündə isə qürur dayanır. Veteran babaların yeriyəndə sinəsində döyünən ürəyin təpəri kimi.

 

Esmira ƏLƏKBƏRLİ