Elm inkişaf etdikcə insan daha da irəli getmək istəyir. Daha da rahatlıq düşüncəsiylə insanların tənbəlləşməsi də artır. Bu gün dünyanın gündəmini süni intellekt zəbt etməkdədir. Artıq maşınlar düşünür, robotlar danışır, proqramlar yazı yazır, şəkillər çəkir, musiqi bəstələyir. Bəzən insan öz-özünə sual etmədən də dura bilmir: “Bəs mənim yerim haradadır? Texnologiya məni əvəz edəcəkmi? İnsanlıq bu yarışda geridəmi qalacaq?”
Bəli, süni intellekt riyaziyyatı, məntiqi, informasiyanı emal edə bilər. O, hesablaya bilər, analiz edə bilər, nəticə çıxara bilər. Amma vicdanı, mərhəməti, məhəbbəti, qəlbi əvəz edə bilməz. Çünki vicdan – Allahın insana verdiyi ilahi bir nemətdir. Qurani-Kərimdə buyurulur: “And olsun nəfsə və onu yaradana. Sonra ona fücurunu (pisliyini) və təqvasını (xeyirini) öyrədənə” (Şəms, 7-8). Bu ayə göstərir ki, insanın ən böyük üstünlüyü onun mənəvi aləmidir. Süni intellektin kodları var, insanın isə qəlbi.
Bugünkü texnologiya inkişafı bir həqiqəti daha açıq göstərir: elm yüksəlir, amma əxlaqın da yüksəlməsi zəruridir. Əgər elm imanla yanaşı getməzsə, texnologiya bəşəriyyətə fayda deyil, zərər də gətirə bilər. Atom enerjisi buna misaldır – həm elektrik verir, həm də silaha çevrilir. Süni intellekt də belədir: ya insanlığa xidmət edəcək, ya da insanı öz mənəviyyatından uzaqlaşdıracaq. Bu, hənçinin bütün texnologiya alətləri üçün də keçərlidir.
Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Əməllər niyyətlərə görədir”. Əgər niyyət safdırsa texnologiya da faydalı olar. Amma niyyət zədəli olarsa ən müasir ixtira belə insanı məhvə apara bilər. Süni intellektin necə istifadə olunacağı insanın niyyətindən asılıdır.
Odur ki, XXI əsrin insanı qarşısında böyük bir seçim dayanır: elmi imanla birləşdirmək. Biz gənclərimizə yalnız texnologiyanı deyil, həm də əxlaqı, mənəvi məsuliyyəti öyrətməliyik. Çünki robotun qəlbi yoxdur, amma insanın var. Qəlbi olan, vicdanı olan, Allah qarşısında cavabdeh olan yalnız insandır. İslam dini elm öyrənmə demir, əksinə, Quranın ilk əmri “oxu”dur. İnsan elmlə birlikdə kainatı da oxumalıdır. Bir insan sadəcə elm öyrənərsə sadəcə yaxşı bir həkim, yaxşı bir mühəndis, yaxşı müəllim olar. Ancaq mənəviyyatı da mənimsəyərsə əlindəki neştəri tutarkən sadəcə maddiyyat xətrinə deyil, insanlığın yaşaması üçün əməliyyata girər; bir mühəndis binanı tikərkən insanların qeydinə qalaraq sağlam bina inşa edər; mənəviyyatlı bir müəllim şagirdinin həqiqət elmini də mənimsəməsinə can atar.
Süni intellekt dövründə ən böyük vəzifəmiz qəlbimizi qorumaqdır. Çünki texnologiya nə qədər inkişaf etsə də, insanı insan edən əsas keyfiyyətlər – mərhəmət, vicdan, sevgi və empatiya yalnız qəlbdən qaynaqlanır. Elm və texnologiya bizə böyük imkanlar verir: bizə məlumatı sürətlə əldə etməyə, xəstəlikləri müalicə etməyə, uzaq məsafələri yaxın etməyə kömək edir. Ancaq bütün bu imkanlar yalnız vasitədir, məqsəd isə həqiqi insan olmaqdır.
Elm bizi bilik sahibi edir, amma mənəviyyat bizi insan edir. Tarixdə elmin inkişaf etdiyi dövrlərdə də insanlığa qarşı böyük haqsızlıqlar baş verib. Bu da onu göstərir ki, təkcə bilik kifayət deyil, əgər biliklə yanaşı mənəviyyat da yoxdursa, həmin bilik bəzən dağıdıcı gücə çevrilə bilər. Ona görə də biz həm ağlımızı, həm də qəlbimizi eyni anda inkişaf etdirməliyik.
Atalarımızın dediyi kimi: “Alim olmaq asandır, adam olmaq çətin”. Bu deyim zaman keçdikcə daha da aktuallaşır. Bugünkü dünyada bilik əldə etmək heç vaxt olmadığı qədər asandır. Bir neçə tıklamaqla böyük kitabxanalara çıxış əldə edə, süni intellektin köməyi ilə mürəkkəb problemləri həll edə bilərik. Lakin insan olaraq mənəvi bütövlüyümüzü qorumaq, doğrunu-yanlışı ayırd etmək, başqasının ağrısını hiss etmək bacarığı hələ də ən çətin və ən dəyərli keyfiyyət olaraq qalır.
Bu çətinliyi aşmaq üçün biz həm texnologiyanı, həm də ruhumuzu inkişaf etdirməliyik. Əgər texnologiyanı yalnız maddi inkişaf üçün istifadə etsək, bir gün onun əsirinə çevrilə bilərik. Lakin texnologiyanı mənəviyyatla birləşdirə bilsək – insanlığa xidmət edən, şəfqəti təşviq edən, dünyanı daha ədalətli edən bir gücə çevrilə bilər. Bu tarazlığı qorumaq bizim üzərimizə düşən ən mühüm vəzifələrdən biridir.
Unutmamalıyıq ki, ağıllı olmaq kifayət deyil, yaxşı insan olmaq lazımdır. Yalnız bu zaman süni intellekt və texnologiya dövründə də insan olaraq qalmağı bacararıq.
Hacı BƏKİROĞLU