“Mən artıq bunu bacarmıram, daha növbəti anı düşünmədən bu anı yaşaya bilmirəm. Sən bunu necə edirsən?
Mən ancaq indiki dəqiqələr haqqında düşünürəm, onlarsa əbədidir...”
Dostlarıma sual verdim: “Təəssəvür edin, bir gün içində bank sizə 86400 dollar verir, amma iki şərti var. Birinci şərt – bu pulu günün sonuna qədər xərcləməlisiniz, çünki günün sonunda hesab sıfırlanır, ikinci şərt – bank heç bir xəbardarlıq etmədən hesabınızı anidən dondura bilər. Bu pulla nə edərsiniz?”
Cavablar fərqli idi, kimisi ev alacağını, kimisi paltar, kimisi sevdiklərinə hədiyyələr alacağını söylədi. Amma gözlədiyim sualı heç kimdən ala bilmədim: niyə məhz 86400 dollar? Niyə başqa rəqəm yox?
Cavab çox sadədir, çünki hər gün bizə 86400 saniyə verilir. Bu bank əslində hər birimizdə var, bu, zamandır.
Bu saniyələr həyat bankının hesabıdır. İstəsən də, istəməsən də axşam olanda sıfırlanır. İstənilən gün də xəbərdarlıq edilmədən bu hesab birdəfəlik bağlana bilər, hər an həyat bitə bilər.
Bəs biz bu hesabın qədrini bilirikmi? Təəssüf ki, çox vaxt, yox. İnsanların çoxu sabahkı günün də özünə aid olduğunu düşünərək bugünün dəyərini gözdən qaçırır. Halbuki sabah heç vaxt gəlməyə də bilər. Həyatın hər günü bizə verilmiş bir hədiyyədir. Həyat hər gün 86400 saniyəlik ömür payı verir bizə. Bu saniyələri necə xərcləyəcəyimiz isə yalnız öz seçimimizdir. Pul yenidən qazanıla bilər, amma vaxt geri qaytarılmaz.
Bu həqiqət o qədər aydındır ki, biz çox zaman onu görmürük sanki. İnsan əsl sərvəti olan vaxtı ucuz şeylərə xərcləyir – mənasız söhbətlərə, sosial şəbəkələrdə bitib-tükənməyən saatlara, boş narazılıqlara. Halbuki hər saniyə ömürdən gedir. Vaxt pulla ölçülməyəcək qədər qiymətlidir. Çox az adam ötən günün fərqindədir və ona dəyər verir.
Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı ilin sonunda imtahandan kəsilmiş tələbədən soruş, bəzən bir tələbə imtahandan kəsilir və anlayır ki, bir saatlıq hazırlıq onun taleyini dəyişə bilərdi. Bəzən bir ata övladının böyüdüyünü görmür, sonra isə itirdiyi illərə görə peşman olur. Bəzən bir xəstə nəfəs uğrunda mübarizə aparır və bir dəqiqənin nə demək olduğunu anlayır. Bəzən bir insan sevdiyini son dəfə görə bilmir və bir anın nə qədər böyük olduğunu dərk edir. Göz yaşları ilə dilənilən vaxtı isə heç bir bank vermir.
Bəs biz niyə gözləyirik? Niyə hər şeyi sabaha saxlayırıq? Sabahın gələcəyinə kimin zəmanəti var? Həyatımızın çox hissəsi “bir gün edərəm” deyə gözləməklə keçir. Deyirik sabahdan idmana başlayacağam, sabahdan yaxşı olacağam, sabahdan öyrənəcəyəm, sabahdan sevəcəyəm. Amma sabah bəlkə də olmayacaq. Həyat bankının qapısını bu gün bağlaya bilərlər.
Əgər bu gün sosial şəbəkədə saatlarla vaxtını itirirsənsə, deməli, həyat bankının pullarını havaya sovurursan. Əgər valideyninə bircə dəqiqə də ayırmırsansa, sabah çox gec ola bilər. Əgər sevdiyinə “səni sevirəm” deməyi sabaha saxlayırsansa, bəlkə də o sabah heç gəlməyəcək.
Həyat sənə hər gün yeni fürsət verir. Hər gün 86400 saniyəlik xəzinə. Amma bu xəzinənin bir şərti var: geri qaytarmaq olmur. Ona görə, indi yaşa. İndi gül. İndi öyrən. İndi sevdiklərini qucaqlayıb yanlarında ol. Çünki sabahın açılıb-açılmayacağını heç kim bilmir. Həyat bankının qapısı bağlandığı an artıq heç nəyi dəyişmək olmayacaq.
Əgər həyatın qədrini bilmək istəyirsənsə gözünü gələcəkdən çək və diqqətini bu günə yönəlt. Çünki yaşadığın anın dəyəri nə qədərini gördüyün, nə qədərini hiss etdiyin və nə qədərini sevdiklərinlə bölüşdüyün qədərdir. Hər kəs üçün eyni saniyə fərqli çəkiyə malik ola bilər. İnsan xoşbəxtliyi təxirə salmadan bu anın içində axtarmalıdır. Çünki gələcək hələ gəlib çıxmayıb, keçmiş isə artıq əldən gedib. Bizim sahib olduğumuz yeganə real varlıq indiki andır.
Ətrafıma baxanda görürəm ki, bu gün insanlar çox vaxt bu həqiqəti unudur. 80-90-cı illərin şəkillərinə baxanda 18-19 yaşlı gənclərin necə sağlam, canlı, iri bədənli göründüklərinə heyran qalıram. O vaxtlar nə oğlanların ailə dərdi vardı, nə də qızların evlənmək qayğısı. Sadə həyat kifayət edirdi, xoşbəxtlik üçün çox şey lazım deyildi. Amma indi... Gənclər qınanmaqdan qorxur. Kimlə sevgili olsa, kimlə evlənsə, dərhal “onun maşını yoxdur, evi belədir, işi elədir” deyə mühakimə olunurlar. Gecə yuxuları qaçan, qərar verməyə qorxan bir nəsil yetişib. Hər kəsin başında eyni suallar dolanır: “Necə olacaq? Necə edəcəyəm? Səhv qərar versəm? Tənqid olunsam?”
Psixoloqlar bu vəziyyəti təsadüfi saymırlar. Onların sözlərinə görə, gənclərin bu qədər cılızlaşmasının səbəbi yalnız fiziki zəiflikdə deyil, beyində baş verən qarışıq duyğulardadır. İnsanın yediyi qida bədənə güc verməyə macal tapmamış beyin artıq min cür narahatlıq, min cür qorxu ilə onu əridib tükəndirir. Gündəlik stress, sosial müqayisə, “başqaları nə deyəcək” düşüncəsi bütün enerjini yeyib bitirir. Əslində bədən zəifləmədən öncə ruh yorulur, ruh yorulanda isə gözlərdəki işıq sönür.
Bəs bunun çarəsi nədir? Çünki ətrafın sözü tükənmir, insanlar həmişə danışacaq. Çarə odur ki, insan diqqətini başqalarının dediyindən çəkib öz həyatına yönəltsin. Əgər biz hər günün 86400 saniyəsini başqalarının düşüncəsinə yox, öz hədəflərimizə və sevdiklərimizə sərf etsək, heç kimin sözü gücümüzü ala bilməz.
Təəssüf ki, çoxları bu saniyələri başqalarının mühakiməsi, bitib-tükənməyən istəklər və süni gözləntilərlə havaya sovurur. Halbuki xoşbəxtlik böyük salonlarda, brend geyimlərdə və bahalı hədiyyələrdə deyil. Xoşbəxtlik sadə bir sözdə, səmimi bir təbəssümdə, sevdiklərinin yanında keçirdiyin anlarda gizlidir. Əgər bu gün balaca şeylərdən sevinc duya bilmirsənsə, sabah milyonların olsa belə xoşbəxt ola bilməyəcəksən.
Odur ki, həyat bankının hesabını boşuna xərcləməyək. Qırmadan, incitmədən, sadə şeylərlə özümüzü xoşbəxt etməyi bacaraq. Çünki sabahın açılıb-açılmayacağını heç kim bilmir.
Aytən FƏTULLAYEVA