Deyir “niyə həmişə pis şeylərdən yazırsız, yaxşı şeylərdən heç yazmırsız” və niyəsə özünün daltonik baxışları ilə “pis şeylərdən” yazanları və “yaxşı şeylərdən” yazmayanları müxalifətçi görür, özü də lap siyasiləşmişindən. Yəni əgər sən qatığa qara yox, ağ deyirsənsə; əgər sən düzü düz, əyrini əyri görürsənsə; əgər sən əyri otursan da düz danışmaq istəyirsənsə... olursan müxalifətçi, özü də niyəsə hakimiyyətə, niyəsə iqtidara, niyəsə məhz birbaşa hakim partiyaya qarşı müxalifətçi. Yəni sən yazırsansa ki, payız-qış günümüz qaradır, yollarımızın palçığından uşaqlar məktəbə gedə bilmirlər və ya əkinimizi suvarmaq üçün arxımız yoxdur; içməli suyumuz gəlmir; işığımız hər gün söndürülür; un yenə bahalaşdı; parkda oturmaq üçün yer yoxdur; yerli istehsal olan tualet kağızları çox keyfiyyətsizdir və sair və ilaxır, sən niyəsə avtomatik dönüb olursan müxalifətçi. Elə bil hansısa bir siyasi partiyanın üzvüsən, yaxud özün siyasi partiya yaradıb bunlarla siyasi mübarizəyə qatılmısan. Ay maşallah!

 

İndi sizin dediyiniz bu “yaxşı şeylərdən” yazsaq, “pis şeylərə” üç meymunluq edərək göz yumsaq, qulaq tıxasaq, ağız qapasaq nə dəyişəcək, cənablar?.. Bütün problemlər həllini tapacaqmı? Özünə hörmət edən “siyasətçi” məişət səviyyəsində olan problemlərin dilə gətirilməsindən bu qədər qorxarmı heç?!

 

Axı, əgər yağış yağanda səkilərdən keçmək üçün qayığa ehtiyac olursa; əgər Adəmin dövründən asfalt görməyən yollarda insanlar çamıra batırsa; əgər zibil yeşiklərinin üfunəti bütün şəhəri bürüyürsə; küçə itlərinin çoxluğundan həmin üfunətli yeşiklərə yaxınlaşıb zibil tullamaq həyatını risqə atmağa bərabərdirsə; xəstəxana və digər xidmət müəssisələrində insanlarla təcrübə dovşanı kimi rəftar edilirsə və sair və ilaxır, bütün bunlara necə kor, kar, lal olasan axı, “yaxşı şeylərin” kölgəsində bütün bunları necə gizlədəsən axı? Hələ mən məişət səviyyəli problemləri misal gətirirəm, insan haqları, söz azadlığı, demokratiya kimi ali söz birləşmələrini ki yazmıram.

 

Çe Qevaranınkı olmasın, “ac insanların qarnını doyuranda mənə qəhrəman, bunların niyə ac olduğunu soruşanda isə kommunist deyirlər”. Burada “kommunis” sözünü “müxalifətçi” sözü ilə əvəz edərək fikrimi Argentinalı inqilabçının sözləri ilə aydın çatdırmış olaram: ac insanların qarnını doyuranda mənə qəhrəman, bunların niyə ac olduğunu soruşanda isə müxalifətçi deyirlər.

 

Yəni, cənablar, qəhrəman olmaq üçün, medal, mükafat, ad, vəzifə almaq üçün, qohumlarımızı işə düzəltdirmək üçün mütləq tərifləməliyik, hər şeyə sizin tünd eynəklərinizdən baxmalıyıq, qatığa qara deməliyik ki, “yaxşı şeylərdən” yazmış olaq, eləmi?..

 

Ümumiyyətlə, “yaxşı şeylər” deyəndə nəyi nəzərdə tutursunuz? Axı bu “yaxşı şeylər” yaxşı şeylər olmamışdan qabaq “pis şeylər” kimi tənqid olunurdu, məhz “pis şeylərin” tənqidi, müzakirəsi, qınağı nəticəsində “pis şeylər” “yaxşı şeylərə” çevrilir. O da, əgər tənqiddən sağlam nəticə çıxarılarsa. Diliniz dolaşdı deyəsən. Lap yanıltmaca oxşadı. Axı güzgüyə baxaraq özünüzə güzgüdə çəki-düzən verirsiniz, cənablar. Durub güzgüyə deyə bilərsinizmi ki, saçlarımı daramadan, əyin-başımı düzəltmədən məni “yaxşı şey” olaraq göstər. Düzü, sizdən bunu da gözləmək olar.

 

Ümumiyyətlə, bizim tənqidə dözümümüz yoxdur, həqiqətdən, düz sözdən zəndeyi-zəhləmiz gedir. Hey tərif eşitmək, tərif oxumaq istəyirik. Yüz tərif yaz – olursan yaxşı oğlan, patriot, millətini sevən, nümunəvi vətəndaş; bir tənqid yaz – olursan müxalifətçi, vətən xaini, xalq düşməni, az qalırlar pasportunu ictimai şəkildə yandıraraq vətəndaşlıqdan-zaddan çıxaralar. Amma və lakin, həqiqət Rusiyadan böyükdür (L.Tolstoy).

 

Siyasətçilər kimi uzun-uzadı tavtologiyaya yol vermək istəmirəm, “niyə həmişə pis şeylərdən yazırsız, yaxşı şeylərdən heç yazmırsız” deyənlərə dahi Mirzə Ələkbər Sabirin “Nə yazım?” şeirini gecə-gündüz təkrar-təkrar oxumalarını məsləhət görürəm. Tənbəllər üçünsə şeirin bir bəndini burada tirajlayıram:

 

“Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izһar, yazım,

Günü parlaq, gündüzü ağ, gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü һəmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü.

Yoxsa bu ayinədə əyri görürsən özünü...”

 

Azər MUSAOĞLU