Mən fəhlələrin etirazını görmüşəm, sürücülərin etirazını görmüşəm, alverçilərin etirazını görmüşəm, əkinçilərin etirazını görmüşəm, naxırçıların etirazını görmüşəm, aktyorların etirazını görmüşəm, sakinlərin etirazını görmüşəm, sərnişinlərin etirazını görmüşəm... təkcə tələbələrin və müəllimlərin etirazını görməmişəm (Başqa coğrafiyalardakı dil daşıyıcıları təşvişə düşməsinlər, söhbət Gürcüstandan və gürcüstanlılardan gedir).

 

Mən şəhərlərində, kəndlərində, məhlələrində yolsuzluğa, işıqsızlığa, susuzluğa, özbaşınalığa, ictimai nəqliyyatsızlığa etiraz edən sakinlər, sərnişinlər arasında da heç müəllimləri görmədim. Yaşadığı şəhərin, kəndin, məhlənin yolsuzluğu, işıqsızlığı, susuzluğu, nəqliyyatsızlığı, özbaşınalığı bir yana, mən heç işlədiyi məktəbin yolunun, işığının, suyunun, nəqliyyatının olmamasına etiraz edən müəllimləri də görmədim – nə icra hakimiyyətinin binası qarşısında, nə televiziyada, nə radioda, nə də qəzetdə.

 

Bu o demək deyil ki, müəllimlərin günü-güzəranı əladır, onların etiraz edəcəkləri bir zad yoxdur, işlədikləri məktəblər təmirlidir, Avropa standartlarına cavab verir. Xeyr! Elə məktəblərimiz var heç rayon standartlarına da cavab vermir. Döşəməsi torpaq, beton, pəncərələri şüşəsiz, divarları sonuncu dəfə Sovet hökuməti zamanında yarıya qədər boyanmış, sinifləri hələ də odun sobası ilə isidilən, yağış yağanda tavanı daman, yel əsəndə yelçəkən olan, taxta tualeti 200-300 metr aralı olan, əlini yumağa su tapılmayan məktəblərimiz var. Demək olar ki, hər il təhsil naziri dəyişir və hər yeni təyin olunan nazir də müəllimlərin fikrini soruşmadan-eləmədən yeni-yeni qaydalar tətbiq edir, məktəbləri öz təcrübə laboratoriyasına çevirir, müəllimlərə o qədər kağız-kuğuz yazıb doldurmaq tapşırılır ki, dərs keçməyə vaxt qalmır, müəllim evə gedəndə də dincəlmir, onlayn treninqlərə qoşulur. Müəllimlərin əməkhaqqı deputatların maaşının yanında qəpik-quruşdur və sair, və ilaxır. Problemlərin siyahısını artırmaq da olar, amma, məncə, bu sadalananlar müəllimin etiraz etməsi üçün əsaslı səbəblərdir. Lakin müəllimlər etiraz etmirlər ki, etmirlər.

 

Etiraz deyəndə əllərinə molotov kokteyli alıb Təhsil Nazirliyinin binasına tolazlamalarını nəzərdə tutmuram, narahat olmayın. Onsuz da çox müəllimlərimiz heç Təhsil Nazirliyinin binasının harada yerləşdiyini bilmirlər. Paytaxtda getdikləri yer bir zooparkdır – uşaqları yığıb ekskursiyaya aparırlar; bir də seçkiqabağı hakim partiyanın zorla avtobuslara doldurub apardıqları mitinqlərdir.

 

Axı müəllimlərimiz yuxarıda sadalanan əsas problemləri çox yaxşı bilirlər, bu problemlərdən əziyyət çəkirlər, hətta toyda, yas yerində raslaşanda bu və digər problemlər haqqında danışırlar da, həlli yollarını da təklif edirlər. Sadəcə olaraq, birləşib aidiyyəti qurumlara öz irad və təkliflərini demirlər, etiraz etmirlər.

 

Başa düşürəm, heç kəs başını ağrıtmaq istəmir, az aşım, ağrımaz başım deyib, başını aşağı salıb işini görür, az-çox maaşını alır və qorxur ki, nəyəsə etiraz etsə işdən çıxararlar. İstəyirlər kimsə onların yerinə etiraz etsin, problemləri haqqında danışsın, problemlərini həll etsin və ya etdirsin. Bu kimsə də ayda, ildə bir namaz, onu da şeytan qoymaz. Bir də ki, bu kimsə çıxıb televiziyada, radioda, qəzetdə, nazirlikdə müəllimlərin problemlərindən danışanda ondan soruşurlar ki, hansı müəllimlərin, hanı o müəllimlər, problemləri varsa niyə özləri gəlib danışmırlar, sən kimsən, niyə təxribat törədirsən, sabotaj yaradırsan...

 

Müəllimlərdə etiraz edəndə işini itirmək qorxusu yaradan da elə müəllimlərin özləri olublar. Tanışlıqla, tapşırmaqla işə girən müəllim etiraz edəndə işini itirməkdən qorxub susacaq. Seçkilərdə saxtakarlığa qoşulan müəllim etiraz edəndə işini itirməkdən qorxacaq, ümumiyyətlə, seçkilərin saxtalaşdırılmasında könüllü, ya könülsüz iştirak edən müəllimin nəyəsə etiraz etməyə üzü olmayacaq, sözü olmayacaq. Saxta diplomla işə girən müəllim etiraz edəndə işini itirməkdən qorxacaq. Məktəbə gələcək nəsillərin təlim-tərbiyəsi, savadlanması, maariflənməsi üçün yox, qazanc yeri, çörək ağacı, karyera nərdivanı kimi baxanlar etiraz edəndə işini itirməkdən qorxacaq və sair, və ilaxır...

 

Ona görə də, etiraz edəndə işini itirməkdən qorxmamaq üçün ilk növbədə öz işinin peşəkarı olmalısan, hakimiyyətin səni öz oyuncağına çevirməyə imkan və zəmin yaratmamalısan; işə imtahan verərək öz bilik və bacarıqların hesabına girməlisən, kiminsə telefon zəngi, tapşırması, tanışlığı, qohumluğu ilə yox; məqsədin gələcək nəsillərin düzgün təlim-tərbiyəsi, savadlanması, maariflənməsi, ağ günə çıxarılması olmalıdır; məktəb “zauç”, direktor və ya deputat olmaq üçün karyera nərdivanı olmamalıdır və sair.

 

Bir də ki, bütün müəllimlər etiraz edəndə hamını işdənmi çıxaracaqlar?.. Etiraz etməyən müəllimlər etiraz edə bilməyən amorflar yetişdirər. Bu gün susan, mövqeyi olmayan, passiv, təhsillə bağlı məlum qaydalara etiraz edənlərə quruca laykla, şərhlə belə həmrəylik bildirməyən tələbələrimiz buna ən bariz misaldır.

 

Azər Musaoğlu