Əgər yağış yağanda özünü rahat, yağışlı havalarda özünü xoşbəxt hiss edirsənsə; pəncərənin qarşısında oturub saatlarla yağışın yağmasına tamaşa etməkdən zövq alırsansa; yağışın səsi sənin üçün ən gözəl musiqidirsə, ən gözəl ətir yağışın qoxusudursa; yağışın altında gəzməyi sevirsənsə və yağışlı havaların çox olduğuna görə sevdiyin fəsil payızdırsa, deməli, sən düzgün coğrafiyada doğulmamısan. Çünki sənin pluviofilliyin burada keçərli deyil; burada nə qədər istəsən də yağışdan zövq ala bilməyəcəksən; yağış yağan kimi çətirsiz yağışın altında gəzərək doyunca islana bilməyəcəksən... Nəyə görə?..

 

Əvvəla ona görə ki, sənə dəli kimi baxacaqlar, bunu qoyaq bir kənara; sonra da ki, buralarda bir balaca yağış yağan kimi yer-göy palçığa bələnir, evdən mağazaya gedib-qayıdana kimi, nə qədər ehtiyatlı yerisən də, alt paltarına kimi çamıra bulaşırsan. Hələ mən adı şəhər olan, şəhərin mərkəzi olan yerdən danışıram, gör indi bunun adı kənd olan yerləri nə gündədir.

 

Elə ki yağışlar yağmağa başladı günün qara palçığa batır, evdən bayıra çıxmaq sənin üçün Rubikonu keçmək kimi bir zada çevrilir. Sən hara, pluviofil hara? Sənin pluviofil olmağına hələ əsrlər var ki, onu da görəsən, ya görməyəsən, ay bədbəxt.

 

Ona görə də vaxtını bu cür boş və mənasız şeylərə sərf eləmə, yağış romantikası sənlik deyil, daha doğrusu, sənin yaşadığın coğrafiyalıq deyil. Qoy bu romantikaya heç olmasa sənin o bicarə şairlərin, rəssamların qurşansınlar. Sən qonum-qonşudan, qohum-əqrəbadan beş-altı adam yığ, get meriyaya, yol departamentinə, nə bilim, parlamentin qarşısına ki, bir az səs-küy salıb etirazdan-zaddan edəsən; yolla, yağışla, palçıqla bağlı sözlərdən ibarət şüarlar yazılmış plakatlar qaldır, de ki, mən də pluviofil olmaq istəyirəm, amma sizin biganəliyiniz, məsuliyyətsizliyiniz, vicdansızlığınız, yarıtmazlığınız, işbilməzliyiniz, tayfabazlığınız, yerlibazlığınız və digər bazlıqlarınız sayəsində pluviofil ola bilmirəm, yağışın ləzzətini çıxara bilmirəm. De ki, sizin nə vecinizə, cipiniz mənim mətbəxtimdən yekədi, az qala tualetə də maşınla gedirsiniz; asfalt örtüyünü birinci evlərinizə, qohumlarınızın evlərinə aparan yollara çəkdirmisiniz. De ki, seçkilər yaxınlaşar, yenə gəlib yalvararsınız ki, ayağınızın altında asfalt örtüyü olum, bizə, partiyamıza səs verin, sizin palçıqlı yolunuza asflat çəkəcəyik. Sonra da hansı məhlədən çox səs yığdığınızı hesablayıb o məhlələrə asfalt döşədin, az səs topladığınız məhlələrin yollarını isə əndərəbadi bəhanələrlə asfaltsız qoyaraq qocasının, cavanının, uşağının, hamiləsinin, xəstəsinin ayağını palçığa batıraraq hər yağış, qar yağanda söyüş, qarğış yiyəsi olun. Bunları de, deyim hə!

 

Yoxsa, ay mən yağışın səsindən məst oluram, günlərlə yağış yağa mən də mürgü döyə-döyə pəncərədən ona tamaşa edəm, nə bilim daha nə edəm... Yağış romantikası sənin elə rezin qaloşlarına yaraşır. Hələ var yağış da bir yağış ola, elə bil göydən sement yağır. Pluviofil olana kimi, arada bir başını qonşu şəhərdəki sement zavodlarına da çevir, üstünü bürüyən sement dumanına da nəzər sal, bəlkə palçıqlı yağışın haradan yağdığını görüb yağış romantikasından əl çəkəsən, keçəsən ekoaktivistlərin sırasına.

 

Bir də ki, sənin bu pluviofilliyindən başqalarına nə xeyir? Bir balaca yağış yağan kimi bütün şəhərin işıqları söndürülür, internet kəsilir, su kəsilir – hamamda sabunlu qalırsan, binaların damları sızır, xəstəliklər artır, hər şey bir-birinə qarışır. Sənin pluviofil olmaq eşqinə görə başqaları niyə əzab-əziyyət çəkməlidir ki?! Belə yağış sevənsən çıx get Londonda yaşa, buralar Londonun bir məhləsinə yaxın şəraitə oxşayanda, heç olmasa yollarımız asfaltlananda; sovetdən qalmış, yağışa dözümsüz işıq kabelləri təzələnəndə sən də qayıdıb gələrsən. Söz verirəm, sənin şəhərimizin ilk pluviofili olduğun haqqında birinci mən yazacam. Mən söz verirəm, amma görək seçkiqabağı küçə-küçə düşüb səs dilənənlər ən azı palçıqlı yollarımıza asfalt döşətdirəcəkləri haqqında verdikləri sözə əməl edəcəklərmi, yoxsa tender-blender söhbəti ilə yenə növbəti seçkiyə qədər camaatı aldadaraq palçıqlı yola verəcəklərmi – bax, bunu deyə bilmərəm. Sənin pluviofilliyin bir az da onlardan asılıdır yəni. Onu da xatırladım ki, buralarda həyasızın üzünə tüpürürsən, deyir yağış yağır.

 

Az qala yadımdan çıxmışdı, bilməyənlər üçün qeyd edim ki, pluviofil, – zəhrimar adamın dilinə də yatmır, – yağışı sevən adama deyilir. Birdən elə bilərsiniz müxalifətlə-zadla bağlıdır, yox, narahat olmayın, buralarda nə müxalifət üçün, nə də pluviofillər üçün münbit şərait hələ ki yoxdur. Belə ki, çətirlərinizi götürməyi unutmayın, əziz və nadir pluviofillər.

 

Azər MUSAOĞLU