Bu qeydləri “Bodies GYM” adlı böyük bir fitnes mərkəzdəki işin fasilələrində yazıram. Mərkəz eyni vaxtda onlarla, bəlkə də yüzlərlə müştəriyə xidmət göstərmək nəhəngliyinə malikdir. Binanın girişi üzərində qollarını yana açaraq, düyünlü kötüyə bənzəyən əzələlərini üzünə yapma təbəssüm yapışdırmış sarışın bir qızın baxışları altında nümayiş etdirən Jan Klod Van Damm görünüşlü bir gəncin təsviri, yan və arxa tərəflərdə də buna bənzər reklam lövhələri görənləri “Bodies GYM”ə dəvət edir. Əlbəttə, bu mənzərələri görənlərdən kimlərsə nə vaxtsa bu məkana təşrif buyuracaq, əzələlərini şişirdəcəklər. Bütün bunların müəyyən haqq müqabilində baş verdiyini də yaddaşımızın bir yerinə yazaq.

 

Yaxınlıqdan yerüstü metro xətti keçir. Rotterdamın Slinge metrostansiyası məndən təxminən yüz-iki yüz addımlıqdadır. Zuiderparkverg küçəsinin o üzündə, fitnes mərkəzinin arxasında. Solda Hijkerveld küçəsidir, mərkəzin qarşısında.

 

Hava bir az soyuq, bir az da küləkli. Arada bir soyuq yağış damlaları da düşür. Qarmaqarışıq bir hava olduğu bütün əlamətlərindən bəlli.

 

Zuiderparkvergdə şütüyən maşınlardan, metro qatarlarından yüksələn səs-küy mənzərənin sakitliyini pozur. Bu səs-küy olmasa özünü təbiət qoynunda, məsələn, bir yaşıl çəmənlikdə və ya seyrək bir ormanlıqda hiss edə bilərsən. Çobanyastıqlarının, nərgizlərin, bənövşələrin arasına düşmüş birinə çevrilərsən. Uzaqdan bəyaz, çəhrayı çiçəklərə bürünmüş kiçik ağaclar diqqəti cəlb edir. Hə, yaza nə qalıb ki?!.

 

Zuiderparkverg küçəsinə paralel uzanan velosiped yolunun qırmızısı şərid kimi uzanır. Ətrafı yaşıllıqlarla örtülü böyük ağacların arasında piyada səkisidir. Velosiped yolunda gedib-gələnlər seyrək. Elə səki də boş kimidir. Hərdən harasa gedib-gələn tək-tük adamları nəzərə almasaq küçə bomboşdur. Keçənlərin əksəriyyəti Afrika mənşəli insanlardır. Görünür bu rayonda daha çox məskunlaşıblar. Sözarası deyirəm: Niderlandda xeyli afrikalı yaşayır. Elə fitnes mərkəzinin sahiblərindən biri də onlardandır. Endi. Gözəl bir insan. Sözün bütün mənalarında.

 

Onların çoxu hollandların keçmiş müstəmləkələrindən gələnlərdir. İndi Niderland əhalisinin müəyyən hissəsini bu Afrika mənşəlilər təşkil edir. Sıralarını yeni gələnlər doldurmaqdadır. Artımları da göz dəyməsin, maşallahları var.

 

Onlara qaradərili, zənci demək də yasaq kimi bir şey imiş. Mən də bunu təzəlikcə bilmişəm. Ötən yazılarımda onlardan bəhs edərkən, mən qaradərili, zənci, hətta qarabala kimi sözlərdən istifadə etmişəm. Heç bunu danmaq niyyətim də yoxdur. Amma dilə-ağıza düşməmiş bundan imtina etdiyimi elan edirəm. Yoxsa mənim artıq başımmı var məhkəmələrdə sürünməyə? Doğru sözümdür, vallah. Üstəlik də, yuxarıda zikr etdiyim sözlər onların xətrinə dəyirsə, onlar bu sözlərlə özlərini təhqir olunmuş sayırlarsa, niyə işlətməliyik ki? Bir az uzun da olsa, qulağa yatımlı olmasa da elə afrikalı və ya afroamerikalı istilahlarından istifadə etsək dünyamı dağılacaq?

 

Afroamerikalılar arasında surinamlılar çoxluq təşkil edir. Surinam Niderlanddan yalnız 1975-ci ildə müstəqillik əldə edib. Niderlanddan sonra ikinci dövlətdir ki, rəsmi dili holland dilidir.

 

Keçmiş müstəmləkə ölkələrindən Avropaya gələnlərin sayı hər keçən gün bir az da artmaqdadır. Onların təbii artımını da bu sayın üzərinə gəldikdə mənzərənin heç də Avropa üçün xoşagələn olmadığını söyləmək olar. Artıq Afrika insanı bir çox sahədə Avropa cəmiyyətinin üst təbəqəsinə doğru yol almaqdadır. Bu insanlar Avropanın idman, musiqi həyatında özlərini təsdiq etmiş kimidirlər. Fransanın müasir milli futbol komandasına fikir verin, elə Niderland da, digərləri də onu kimi. Düzdür, mən müasir futbolu (təkcə futbolmu?) bir qədər əski qladiator oyunlarına bənzədirəm. İyirmi iki nəfəri oynadıb, milyonlarla pul xərcləyənlərin əvəzində milyardlar qazanmaları bunu deməyə əsas vermirmi? Hələ totalizatorların – mərc oyunlarının milyonlarla insanı müflis etməsi də bir ayrı dərddir. Bu məsələ başqa bir yazıya mövzu ola bilər. İpucu məndən, yazanın da halalı olsun. Bəlkə özüm də girişdim, nəsə bir şey qaraladım. Artıq tikə göz ha çıxartmır?

 

Söhbət düşmüşkən, bir müşahidəmi də sizinlə bölüşüm, yaddan çıxmasın. Keçmiş müstəmləkələrdən Avropaya təşrif buyuranları buraya dolanışıq problemləri gətirsə də, sanki onlar təkcə məişət müşküllərini çözmək üçün deyil, həm də tarixi ədaləti bərpa etməyə, avropalıların onlardan aldıqları maddi və mənəvi dəyərləri qaytarmaq, öz öclərini almaq üçün gəlirlər. Bu gün Avropa şəhərlərində gəlmələrin az qala bütöv məhəllələrə, müəyyən iş yerlərinə sahibliyi, yuxarıda da ucundan-qulağından dediyim say artımı Avropa xanımın baş ağrısına çevrilməkdədir. Keçmiş qulların törəmələrinin keçmiş ağalarının nəvə-nəticələri ilə ailə qurmaları da gizlədiləsi deyil. Bütün bunlar xırda detallar kimi görünsə də, ümumi müstəvidə qabarıq sezilir. Afroamerkanların arasında ağlardan gec-tez keçmişin qisasını almaq niyyətində olduğunu gizlətməyənlər də var. Qisas qiyamətə qalmaz demirikmi? Buynuzsuz qoçun qisasının buynuzlu qoçda qalmadığını da əlavə edim ki, ürəyim soyusun. Mən bu mübarizədə gəlmələrə qahmar çıxıram, onların tərəfindəyəm. Avropa bir əppək para da bizdən yeməyibmi?

 

Avropa ölkələri gəlmələrə, onların rənginin necəliyindən asılı olmayaraq birmənalı münasibət bəsləmir. Onların gəlmələrini, artmalarını əngəlləyəcək müxtəlif planları olsa da, bunu açıq söyləmir və ya söyləyə bilmir. Nitqini insan hüquqları, demokratiya kimi ibarələrlə süsləmiş Avropa gəlmələrə münasibətdə özünü ksenofobiyadan, zenofobiyadan arınmış kimi aparsa da, müşahidələr bunun əksini qarşımıza çıxarır. Avropanın Yanus baxışları yerindədir. Qeyri-avropa mənşəlilərə plebey münasibətini istənilən Avropa ölkəsində görmək olar. Gəlmələrin Avropanın tamhüquqlu vətəndaşı olmaları mümkünsüz görünür. Gəlmə Avropaya gərəklidirsə, onun varlığına göz yumulur. Bir cümlə ilə fikrimi toparlayım: avropalı gəlmələri özünün fərqli olmasına, fərdi düşüncəsinə təhlükə hesab edir.

 

Afrika mənşəlilərin bir qismi müsəlmandır. Xristianları da çoxdur. Yəqin ənənəvi dinlərinə sitayiş edənləri də var, amma mən bunu dəqiqləşdirə bilmədim. Heç onların etnik mənşəyini də öyrənə bilməmişəm. Həbəşmi, tuareqmi, buşmenmi və ya zulumu olmalarını deyirəm. Bir də bunun nə mənası, onlar da bizi kimicə insandırlar. Oldu, bitdi, daha bunu çürütməyə nə hacət.

Elə aşağıdakı örnəkləri də o üzdən verirəm.

 

Saçlarını başlarının ortasında pompul bağlamış, gözlərinin içinə qədər sevincə qərq olmuş bu qızcığazlar bacı olmalıdırlar. Skuterlərində şütüyən bu qıvrımsaç oğlanların yüzdə yüz əkiz olmalarını sübut etmək üçün dağa-daşa düşməyə də gərək yox. Əlacları olsa elə skuterlərindəcə bir-birinin əlindən tutar, qanad taxıb göylərə uçarlar.

 

Bu da nə az, nə azacıq düz dörd Akita cinsi köpəyini gəzməyə çıxarmış eynəkli qadın. Afrika mənşəli qadının bədəninin qeyri-simmetrikliyini də buraya əlavə edirəm.

 

Arada piyada keçidindəki holland kişinin yerişindəki qeyri-təbiilik də diqqətimdən yayınmır. Onun yerişi mənə Çarli Çaplinin səssiz filmlərini xatırladır. Qaş-qabağım açılan kimi olur, yəqin üzümə-gözümə zəif bir təbəssüm də qonur.

 

...Bu dünyada ağa, qaraya, sarıya – hamıya yer var. Təbii ki, bəşər övladı içindəki pisliklərdən arınsa...

 

Afiq MUXTAROĞLU

Niderland