Sonra həkim soruşur:

 

 – Qulağınıza səslər gəlir? Qarabasmanız varmı, gözünüzə nəsə görünürmü?

 

Əgər bunlar varsa – iraq, iraq! – deməli, hallüsinasiyaya tutulmuşsan və dərdinə çarə qılmaq yoluna çıxmalısan.

 

Tibb elminə aid latın əsilli “hallucination” sözü də dilimizdə elə “gözəgörünmə”, “qarabasma” anlamlarını verir. Çünki hallüsinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara belə gəlir ki, gördükləri və düşündükləri qeyri-real hadisələr ətraf mühitdə doğrudan da mövcuddur.

 

Lap bu yaxınlara qədər qələm dostlarımdan biri iddia edirdi ki, “hallüsinasiya” sözü əslində latın əsili deyil, türk əsilli olmalıdır. Dostuma görə, bir halda ki, “hallüsinasiya”nın kökü “hal”dır, bir halda ki, bizdə də bu qədər “hal” köklü söz və ifadə var – məsələn, hal aparmaq, hal əhli, haldan-hala düşmək, halına ağlamaq və sairə – onda niyə də olmasın?

 

Əsrlər boyu başın sağlamlığı – dünyanın varlığı hesab edilib. Buna görə də başı qorumaq şərti başdan gəlməlidir. Nə isə...

 

İnsan münasibətlərinin psixologiyasında iddia edilir ki, tibbdə imperativ hallüsinasiya kimi qəbul edilmiş: beyindən çıxmayan zəhlətökən-qarayaxa, təngəgətirən fikirlər, verbal yalan, təlqin, əmr xarakterli hallüsinasiyalar hətta bəzi imperatorlarda, məşhur din xadimlərində, ünlü sənət adamlarında da müşahidə edilmişdir. Uca Yaradanın altından hara qaça bilərsən?

 

Babası məşhur gürcü şairi Qalaktion Tabidzenin həkimi olmuş, özü isə qələm dostum Mirzə Qələmə də təbiblik etmiş hörmətli N.V. (adının çəkilməməyini özü istədi – İ.) Mirzə Qələmlə bağlı sorğuma belə cavab vermişdi:

 

– Xəstəliklər gəlir və gedir. Amma əgər yaradıcı insanın ruhu xurafatçıdırsa, deməli, ona dinclik yoxdur – və əlavə eləmişdi – Sizin dostunuzda buralarda az təsadüf edilən bir Stendal sindromu da var. Stendal sindromu xəstəliyi məşhur yazıçının adı ilə adlandırılıb. Bu, psixosomatik xəstəlik olaraq, xüsusilə gözəl bir sənət əsərinə baxarkən  ürək döyüntülərinin artması, qarabasma, çaşqınlıq və başgicəllənmə ilə müşayiət olunan prosesdir. Florensiyanın Basilica of Santa Croce kilsəsinin gözəlliyi qarşısında oxşar hisslər keçirmiş Stendalın adı da məhz  bu səbəbdən həmin xəstəliyə verilib. Gördüyünüz kimi, bəzən yaradıcı insanlara dəlicəsinə gözəllik vurğunu olmaq da zərər gətirir.

 

Həkimin qeydləri nələrəsə işarəmi idi? Bilmirəm. Amma dərhal da bir dahinin sözləri yadıma düşmüşdü: “Dəlixanadan buraxıldınsa, bu, hələ tam müalicə olunduğun anlamına gəlməz. Sadəcə, hamı kimi oldun, vəssalam”!

 

Bəlkə də daha çox hallüsinasiyalı adama görə, bax, məhz burası dəhşət saçır: hamı kimi olmaq. Sənət adamı elə hamı kimi olmaqdan qaçmağa çalışır. Hamı kimi olmaq ona bəzi... psixi travmalar gətirir. İndi gəl bu qədər oxşar xəstə informasiyalar əsrində, bu qədər işsizlər ordusunda başı salamat saxla! Xəstəliksiz yaşa! Başqalarına da hər şeydən öncə psixi sağlamlıqlar dilə!

 

Ən maraqlı və diqqətçəkən isə budur: tibbdən az-az arazbarı fərqli olaraq, bədii ədəbiyyatda bambaşqadır!

 

Məsələn, F.M.Dostoyevskidə, onun bəlkə məzarımızda da oxunacaq əsərlərində!

 

Psixoanalizin banilərindən sayılan F.Nitsşe onun haqqında yazmışdı: “F.M.Dostoyevski mənim psixoanaliz haqqında ondan öyrəndiyim yeganə insandır. O, mənim həyatımın ən böyük sevincidir”.

 

Bədii ədəbiyyatda hallüsinasiyanı bir formul, bir düstur şəklinə çevirən Dostoyevski! Ədəbiyyatın Məcnunlar Məcnunu! Hədsiz dərəcədə, dəlicəsinə sevən! Onun ədəbi qəhrəmanlarının vaqifi-əsrar, pünhan nidalarlı-nöqtələrli fantasmaqoriyaları... Məgər insan qəlbinin dərin guşələrindən, dərin dəryalarından, qat-qat ağıl dünyasından “analizlər” almaq, qan analizi, vərəm, sidik, şəkərlilik, tromb analizləri almaqdan qat-qat çətin, həm də ağrılı deyilmi?!

 

Həyatın dolanbaclarında azmamağı, itkin olmamağı saxlamaq, uçurumlardan, əxlaqi “cinayətlər”dən uzaq tutulmağı bacarmaq, Xeyirlə Şər arasında doğru seçim etmək! Dünyadan, külldən, Rayner Mariya Rilkedən, Vaqif Bayatlıdan, Şeyx Nəsrullahdan və “Kefli” İskəndərdən, Parisdən, Tiflisdən və Təbrizdən, çiçəklərdən, kanalizasiya borularından öncə özünü təhlil eləməyi bacarmaq! Təhlil demiş, bu yerdə gərək Z.Freydin F.Nitsşe haqqında söylədiyini də çatdıram. Z.Freyd: “Nitsşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman ki, bacaranlar da bir daha çətin tapılsın” – demişdi.

 

P.S.

 

...Arada-sırada ustadlar ustadı Mövlananın sözlərini zümzümə eləmək də adama nisgil qarışıq bir zövq gətirirmiş:

 

Sən də sev səni sevəni – dağlarda çoban olsa da.

Sevmə səni sevməyəni – Misirdə sultan olsa da...

 

...Amma nə sirdisə, filan padşahın səni sevməyən kiçik qızını fəsman sultanın oğluna versələr də... sən onu – o kiçik qızı sevməkdə davam edirsən...

 

Sevgisiz ömür olmasın!

 

Çünki hallüsinasiyalı həyatın öhdəsindən sevgi ilə gəlmək olur; özü də illüziyalar dolu sevgi ilə deyil, gerçək sevgi ilə!

 

İBRAHİMXƏLİL