AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ

 

(Fraqmentlər)

 

Avropada yel əsib, qoz tökülməyib ki, gələn-gedən ətəkləyib torbasını doldursun.

 

Ancaq iş elə gətirib ki, bir çox insan Avropaya ümid qapısı kimi baxır. Bu qapını açıb içəri girincə ümidlərinin bir-bir muradına yetişəcəyini düşünür. Kimi maddi sıxıntıdan qurtaracağını, kimi siyasi, dini, milli təqiblərdən xilas olacağını, bir başqası bütün azadlıqlara qovuşacağını, bir parası da Avropada yaşayaraq ailəsinə, xalqına, dövlətinə daha faydalı olacağını fikrindən keçirir və onun qapısını döyür. Avropa da qapılarını taybatay açmağa tələsmir. İstədiyinə açır, istəmədiyinə yox. Bir az anırı-bəri edən işçinin qulağından yapışıb deport edir, diplomatı “persona non grata”, o da gedir işinin dalınca. Evin sahibi odur, qonaqla necə davranmaq hüququ da ona məxsusdur.

 

Bəzi məqamlarda Avropanın doğru hərəkət etdiyini də düşünmək olar. Nədən ki, nənəsindən küsən, azan-təzən hamı üz tutur Avropaya. Avropaya gəlib çıxanların durumunu ikinci şəxsə üz tutaraq, çözməyə çalışaq.

 

Birincisi, Avropa səni çağırıb, gətirməyib. Öz ayağınla gəlibsən, kəsdiribsən qapısının ağzını. İkincisi, gəmiyə minib, gəmiçiylə dava edə bilməzsən. Sən gəmiçinin – Avropanın tələblərinə əməl etməlisən. Sən ev yiyəsinə qonaq olduğun halda niyə çörək yemirsən deyə də bilməzsən. Ağlım belə kəsir, əritmirəm, kərə yeyirəm, sənə nə? Deyə bilərmi? Yüzdə yüz.

 

Avropa – Almaniyası, Fransası, Belçikası olsun “qonağa” – gəlməyə, qaçqına, miqranta qapı açır. Niyə açmasın ki? Amma “qonağ”ın bir burnuna zad, bir burnuna şey eləyəndən sonra. Qapı açmağına açır, səni içəri alır. Sən ona lazımsansa, sənin qalmana icazə verir. Bir şərtlə. Sənin gəlmə olmanı hər fürsətdə xatırlatmağı, səni “qonaq” etdiyini qafana taqqıldatmağı da yadından çıxarmır, sənə yerini, statusunu tanıdır. Düzü sənin də bunu bəri başdan bilmən xeyrinə olar.

 

Avropa qapısını açıb səni içəri ötürür. Sənin həyatının qürbət günləri başlayır. Sən ilk başdan tezliklə gəldiyin yerə – Vətənə qayıdacağını beynindən keçirirsən. Bir az da dözüb, qazanıb dönəcəyini düşünürsən. Amma qürbət dibsiz bataqlıq kimi, səni sorub sömürməmiş buraxmaq istəmir. Nə qədər ki, sən sağlamsan, canında su var ona lazımsan. Qonaq qalmağın da bir müddəti olmalıdır. Demirikmi “qonaq gələr-gedər quş kimi, nəinki oturar bayquş kimi”. O üzdən də sən avropalı olmağı düşünürsən, həyatının geridə qalanını avropalı kimi davam etdirmək istəyirsən. Qanuni, qeyri-qanuni yollara baş vurursan. Evlənməkdən tutmuş işbazlara bir ətək pul verməyə qədər müxtəlif yollardan keçirsən və deyək ki, olursan avropalı.

Səni bundan sonra nələr gözləyir?

 

Bir anlıq düşünək ki, Avropa ssenari yazır, öz ssenarisinə rejissorluq edir, rolları bölüşdürür və film hazır olur. Sənə hansı rolu verəcək və ya səni hansı rola layiq biləcək? Baş rolda çəkilə bilərsənmi? Ağlından keçirmi? Cavabı növbəti abzaslarda.

 

Ən başdan düşdüyün ölkənin dilini bilməlisən. Dil bilməməzlik yoxsa sənin ayağına çidar olacaq. Qarşında açıla biləcək ən xırda nəfəslik belə qapanacaq. Dili öyrəndinsə, bir az bacarığın varsa nəyəsə ümid edə bilərsən. Avropa sənə ən kirli işləri təklif edəcək: təmizlik, yumaq-yaxamaq, toz-torpaqda eşələnmək, biş-düş etmək, sökmək-tikmək və s. və i. a. Nəbadə yaxanı qırağa çəkəsən, bəyənməyəsən. Ac qalarsan, çörəyin olmaz. Pis yola düşərsən. Deyək ki, oğurluq, narkotik alveri, fahişəlik kimi yollara və bu da sənin sonunu gətirər. Bunlardan yaxa qurtarmaq üçün başını aşağı salıb qismətinə çıxan işin qulpundan yapışmalısan. O insan haqları, səkkiz saatlıq iş günü kimi şeylər sənə aid deyil. Nə qədər deyəcəklər, yorucu da olsa, o qədər də işləyəcəksən. Bunu da beyninin bir yerində saxla.

 

Bunlar, az-çox sənin qədərini həll edəcək, oturum izni, sonra isə vətəndaşlıq ala biləcəksən, sosial müdafiən olacaq, zəif də olsa ayaqda duracaqsan, həyatının avropalı dönəmini qura biləcəksən. Bir dönərçi dükanı və ya fırın aça bilərsən, başına beş-üç adam yığıb kiçik bir təmir şirkəti qurarsan. Bir az kəmərini çəksən market də açmaq imkanın olacaq. Restoran, kafe kimi nələrsə yaratmaq da mümkündür.

 

Müəllim çatışmayan Avropa ölkəsində müəllimlik, həkim çatışmayan yerdə həkimlik də edə bilərsən. Sən edə bilməsən də sənin oğul-uşağın, nəvə-nəticən buna nail olacaq. İdmançı, musiqiçi, hətta siyasətçi ola biləcək. Amma Avropa sənə və sənin davamçılarına analıq gözü ilə baxacaq. Hər hansı bir cinayət hadisəsi baş verən kimi, ilk öncə ağla sən gələcəksən. Avropa sənə olan şübhəsini bir an da olsa ertələməyəcək, azaltmayacaq. Əksinə daha da artıracaq. Gəlmələrin say artımı onu düşüncələrə qərq edəcək. Dünən səni ucuz işçi qüvvəsi hesab edən Avropa sənin davamçılarına vətəndaşı kimi baxmaq məcburiyyətindən qaça bilməyəcək. Əlahəzrət faktdan kim qaça bilib ki? Əcəb işə düşdüm deyib, təəssüflənəcək.

 

Avropanın ssenarisində gəlmələr epizodik rol ala bilər, kütləvi səhnələrdə ümumi fon kimi görünə bilər. Bəzən gəlmələr üçün heç o da nəzərdə tutulmur.

 

Avropanın başqa ssenarisi də var. Bizə olan olub, bir ona da göz ataq.

 

Avropaya gələnlərin sayı günü gündən artmaqdadır. Dünyanın çox yerindən - Afrikadan, Asiyanın dərinliklərindən, Okeanın o tayından, Avropanın şərqindən insanlar axın-axın gəlməkdədirlər. Hərə bir yolla Avropaya düşür. Leqal və ya qeyri-leqal yolla müvəqqəti də olsa Avropada yaşamalı olur. Hərə bir yolla bir qismət çörək tapır. Hərənin qazandığı çörək özünə çatanadək işbazlar tərəfindən paramparça edilir. Bəzən biçarə işçiyə heç o çörəyin qırıntısı da düşmür. Aldadılan, düşdüyü vəziyyətdən necə çıxmağın yollarını bilməyən minlərlə insan Avropanın küçələrində qəpiyə güllə atmaqla gün keçirir. Aldadılmış, hələ üstəlik təhqir olunmuş biçarə işçinin qazancı aclıq, ailəsi qarşısında başıaşağılıq, bir sürü borc olur.

 

...Avropa bu gəlmə işçinin ümidlərinin, arzularının üstündən bir yağlı qara xətt çəkir...

 

Afiq MUXTAROĞLU

Almaniya