“Mənim balaca qızım var, xahiş edirəm məni tutmayın, cənab polis. Məni tutsanız, qızıma kim baxacaq. Xahiş edirəm!” – Fantinanın dizi üstünə yıxılıb şivənli ağlamağı oxucunu sarsıntıya bürüyür. “Mən neçə ildir namusnan işləyirdim, cənab polis, amma məni işdən atdılar, balaca qızım var, onu saxlamaq üçün hər şeyimi satdım, özümü satdım, məni buraxın, mənim körpəm var” – Məzlum Fantinanın ağlamaqdan kəsilən cümlələri nalə olub oxucunun boğazına düyünlər bağlayır.
Müəllifi dahi Viktor Hüqo olan, ədəbiyyatın şah əsərlərindən biri sayılan “Səfillər” kitabının tragik personajıdır Fantina. O fermada qulluqçu, sonra isə dərzi işləyirdi. Təhsilsiz, utancaq, mülayim, həyat dolu qız idi. Xariqə gözəlliyi isə ona göz qamaşdıran ağ dişləri və “qızıldan olan” saçları verirdi.
Fantina varlı kişinin oğlu Tolomyes adlı oğlana rast gəlir, ona saf sevgiylə aşiq olub xəyallar qurur. Tolomyes ənənəvi Fransanın qızğın müharibə vaxtında qızı hamilə qoyub atır. Fantina uşağı həyata gətirir, qızın çiyinləri qaldıra biləcək yükdürmü? İşləməyə başlayır, qışda işdən qovulur. Sata biləcək hər şeyini – saçlarına kimi satır, sonunda sıra özünü satmağına gəlir. Nə etsin, anadı, körpəsi var. Övladı olan qadına ana, bədənini satan qadına isə fahişə deyilir. Bəs bədənini ana olduğuna görə satan qadına nə deyək?
Ona baxmayaraq, Viktor Hüqo Fantinanın mənəvi yüksəkliyini qoruyub və fahişə obrazında ananın müqəddəsliyini saxlayıb. Gözəlliyini gənc yaşında itirdi, artıq elə gözəl gülmürdü, “qızıl” saçlarının teli üzünə düşüb yanağına sığal çəkmirdi. Hər onun ağlamasında xalqa kini, dünyaya, ilk öncə isə özünə qarşı incikliyi hiss olunurdu. Fantina elə gənc yaşında əlacsızlığından, ənənəvi Fransanın mentalitetindən, damğasından gözü uşağında qalıb ölür. Qadının ən böyük cəhənnəmi övladına ata olmaq məcburiyyətində qalmağıdır. Atalığa çata bilmir, analığından da yarımçıq qalır. Düşünün, kimdir əxlaqsız, uşağı üçün canından keçən anamı, yoxsa övladının qayğısına qalmayan məsuliyyətsiz atamı?!
Viktor Hüqonun Fantinanın taleyini müharibə dönəmində yazmağı təsadüf olmaz. Müharibə sadəcə torpağı alıb, yaxud uduzmaq deyil, o, həm də sökülmüş ailələr, müharibənin viranəsi altında qalmış qadınların, uşaqların ağrısıdır. Bu, yazıçı Nuqzar Şataidzenin 1993-cü ildə Abxaziya faciəsinə həsr etmiş hekayəsində aydın əks olunur. Cavan gəlinin əri müharibəyə gedir, xəbər gəlmir. Ömür boyu evində oturan qadın qəfildən oğlan uşağı ilə küçədə qalır. İşi, peşəsi olmayan bu ana restorana ofisiant düzəlir. Ərindən qalan yeganə üzüyünü əlinə alıb tez-tez ona baxıb, dağılmış ailəsini, gəlməyən həyat yoldaşının üzünü görür. Çox çəkmir ki, qadın pis yola düşür. Oğlu isə uşaq yaşında uyuşdurucuya qurşanır. Bunlar kimi, bunlara bənzər milyonlarla bədbəxt, yarımçıq qalmış sevinc, təbəssümlər, həyatlar...
Kasıbçılıq, aclıq, yiyəsizlik, çarəsizlik kimin qürurunu, “onurğasını” qırmır ki?
Dünya çox əsrlər dəyişib-görüb, elə əzəldən səhv təməl üstündə tikilə-tikilə gedir. Kimisi yaşayır, kimisi isə sağ qalmaq çabasında-mübarizəsindədir. Hüqonun qələmi ilə cəmiyyət tərəfindən səfil edilmiş Fantinanın fəğanını hamı eşitdi, bizə isə onu eləcə başa düşmək qalır. Bəlkə ondasa ruhu nur içində yata.
Əxlaq uşaqlığımızdan hamımıza həkk olunan dəyərdir. Heç bir qadın bilə-bilə ki, istifadə olunur, o dəyərdən öz xoşluğuyla vaz keçmir. Sürünə-sürünə, ölə-ölə imtina edir özündən. Qadını pis yola salan təhsilsizlik, yiyəsizlik və ən əsası kişidir.
Şənhəyat SADİQ