Məni yaxından tanıyanlar bilirlər ki, uşaq vaxtı nəinki futbola marağım vardı, hətta ən böyük arzum futbolçu olmaq idi. Üstəgəl, bu xəyalımı gerçəkləşdirmək üçün futbol məktəbinə belə yazılmışdım. Amma müxtəlif səbəblərə görə futbol karyeram kəpənək ömrü kimi qısa sürdü. Bəlkə də belə olmağı daha yaxşı oldu. Hər nə qədər azdan-çoxdan istedadım olsa da, inanmıram ki, yüksək səviyyəli bir futbolçu olardım. Bizim elə futbolda da bəxtimiz gətirməzdi. Yəqin ki, hazırda Gürcüstanın hansısa 2-ci liqa klubunda ayda 630 lari maaşa futbol oynadırdılar. Lakin pozitiv istisnalar da az deyil.
Gürcüstanda hər nə qədər bəzi sahələrdə inkişaf zəif olsa da, idman sahəsi bu yöndə müsbət olaraq fərqlənir. Məsələn, indi bir çoxumuzun yaddaşında Tbilisi meri olaraq yer alan Kaxa Kaladze dövrünün ən yaxşı müdafiəçilərindən biri hesab olunurdu. Uzun illər şərəfini qoruduğu İtaliyanın “Milan” klubu o dövrdə Avropanın ən güclü beş klubundan biri sayılırdı. Həmçinin Şota Arveladze də, Türkiyə çempionatında qol kralı olan və “Trabzonspor” azarkeşləri tərəfindən komandaya gəlmiş ən yaxşı əcnəbi futbolçu kimi göstərilən Şota daha sonra Hollandiyanın “Ayaks” və “AZ Alkmaar”, Şotlandiya nəhəngi “Reyncers” klubunda atdığı qollarla dövrünün ən yaxşı hücumçularından birinə çevrilmişdi. Bu siyahıya hazırda Gürcüstan Futbol Federasiyasının prezidenti olan Levan Kobiaşvilini də böyük ürəklə əlavə edə bilərik. O da vaxtilə Almaniyanın “Frayburq”, “Şalke 04” və “Herta Berlin” kimi güclü klublarında çıxış edib. Sadəcə futbolmu? Əlbəttə ki, xeyr! Fərqli idman növlərində də bir çox dünya şöhrətli idmançılar bu torpaqlarda dünyaya göz açıblar. Məsələn, basketbolda zirvə hesab olunan Amerikanın peşəkar basketbol liqası NBA-da uzun illər, nə az, nə çox, altı fərqli klubda çıxış etmiş Zaza Paçuliya! Məşhur tennisçimiz də var: Nikoloz Basilaşvili. Hansı ki, 2019-cu ilə qədər dünyanın ən yaxşı tennisçiləri sıralamasında 16-cı yerə sahib idi. Gürcüstanın hətta dünya şöhrətli sumo güləşçisi də var: Levan Qorqadze. Lap elə soydaşımız Zabit Səmədovu da nümunə göstərə bilərik. Qardabanidə dünyaya gəlib və kikboksinqdə zirvələri fəth edib. Siyahını daha da uzada bilərik. Amma qayıdaq əsas qəhrəmanımıza...
Xviça Kvaratsxeliya 2019-cu ilə qədər mənim də dəfələrlə matç izlədiyim palçıqlı, kartof yetişdirmək üçün kifayət qədər əlverişli olan Rustavi stadionunda, 46 adamın qarşısında oynayırdı. İndi isə o, dünyanın ən gözəl, ən böyük, ən görkəmli stadionlarında, ən azı 46 min azarkeşin qarşısında çıxış edir. Və hazırda futbol bazarında onun dəyəri 60 milyon avro olaraq göstərilir. Bu cür davam edəcəyi təqdirdə tezliklə, yüksək ehtimalla, yazdığım məbləğə yaxın, hətta daha yüksək bir qiymətə Avropanın 4-5 ən güclü klubundan birinə transfer olacaqdır.
Bəs Xviça və adlarını sadaladığım digər idmançılar necə uğur qazandılar? Əminəm, onlardan bəzilərinə də zamanında deyilib ki, Gürcüstandan futbolçu, basketbolçu, tennisçi, güləşçi və s. çıxmaz. Təəssüf ki, həvəs qırmağı sevən coğrafiyada yaşayırıq. Keçdiyimiz yazılardan birində qeyd etmişdim ki, “bir insanın həvəsini qırmaq onun gələcəyini əlindən almağa bərabərdir”. Görünür, bu şəxslərin həvəsini qırmağı və gələcəklərini əlindən almağı bacarmayıblar. Məhz budur uğura gedən yolun açarı: motivasiya, qərarlılıq, əzmkarlıq. Yoxsa filankəs onu dedi, filankəs bunu dedi deyə hamıya qulaq versən, axırda olacaqsan uzunqulaq. Sözə və sözü kimin dediyinə baxmaq lazımdır ilk öncə. “Qəzənfər dayı belə deyir” deməklə deyil. Kimdir axı Qəzənfər dayı? Nəçidir? Mütəxəssisdirmi? Tarixə, elmə, sənətə işıq tutmuş, yön vermiş şəxsdirmi? Əgər bütün bunlar deyilsə, onda biz niyə Qəzənfər dayının dediyi ilə oturub-durmalıyıq? Əslində dərinə getsək, Qəzənfər dayının heç özünün bu yaşa kimi bir baltaya sap olmadığını da görərik. Amma yox, Qəzənfər dayılar, bəzi xalalar, bibilər həyatımızın bir çox mərhələsində, bir çox məsələdə bizdən daha çox həlledici rol oynayırlar. Oxumaq istəyirik – “onu oxuma”, evlənmək istəyirik – “onunla evlənmə”, iş qurmaq istəyirik – “o işin başını burax”... Bütün bunları niyə yazıram? Çünki, bilirəm ki, Xviça kimi bir çox istedadlar yenə var. Amma istedadlardan daha çox həmin istedadları öldürən şəxslərin olduğunu da bilirəm. Əfsuslar olsun ki, bizdə həzm problemi var. Bəli, baxmayaraq ki, Borjomi, Nabeqlavi, Likani kimi dəyərli mineral sularımız var, yenə də həzm etməyi bacarmırıq. Lap hər şeyi həzm edə bilsək də, uğuru həzm edə bilmirik biz. Elə ona görə də deyirik ki, Gürcüstandan futbolçu çıxmaz, yazıçı çıxmaz, alim çıxmaz. Bütün bunları qırmızıcasına söyləmək isə əslində bizim kəmfürsət təmənnimiz, paxıl istəyimizdir. Qorxuruq ki, birdən kimsə qabağa gedər, biz də onun arxasında qalarıq. Məsələn, indi inanırsınızmı ki, bir neçə il öncə Xviça ilə eyni meydana çıxan dostlarının hamısı Xviçanın bu gününə sevinir? Bəziləri hətta bəlkə də deyir: “Bu petləbaşa bax, dünənə kimi mən verən şortiki geyinirdi, indi adamı saymır”. Amma nəticə etibarilə tarixdə onlar yox, Xviça Kvaratsxeliya qalacaq. Çünki tarix uğursuzları yox, uğur qazananları yazır...
Anar RAFİQOĞLU
“Era Teatrı”nın bədii rəhbəri, rejissor