Bu gün hamının marağında olan Avropada mənim xoşuma gələn bircə xüsusiyyət var. Böyük hərflərlə deyirəm: VƏSSALAM.

 

Mənim üçün Gürcüstan və Azərbaycan dünyanın ən gözəl məkanıdır. Təəssüf ki, bir ayıbı var, bax, bu ayıbla Avropaya qibtə edirəm: bizlər bir-birimizlə çəkişirik və çəkişərkən də məqsədimizi unuduruq.

 

Krılovun “Balıq, xərçəng və qu quşu” təmsilini məktəb illərindən hamımız bilirik. Faciəmiz odur ki, hələ uşaqlıqdan bilirik: araba ona görə tərpənmədi ki, hərə bir tərəfə çəkdi. Üçü də eyni tərəfə çəksə arabanı apara bilərdilər. Axı biz bunu uşaqalıqdan bilirik. Bəs niyə böyüdük başladıq özümüz də o səhvi etməyə. Niyə?..

 

Məktəbdə bir nağıl da vardı: “Güc birlikdədir”. Nar çubuqları yadınızdadırmı? – Baba uşağa onu tək-tək sındırmağı təklif etdi, uşaq sındırdı, amma dəstə halında gücü çatmadı. Vallah, billah, hamımız xorla təsdiq etmişdik ki, güc birlikdədir. Bəs nə oldu bizim uşaqlıqdakı təfəkkürümüz, məntiqimiz?

 

Bax, elə indicə tamlığıyla dərk etdim ki, niyə uşaqlara saf, müqəddəs varlıq deyirlər. Deməli, onlar həyatı olduğu kimi görürlərmiş – kin, paxıllıq, xəbislik olmayan dünyaları ilə. Böyüdülər oldular həyatın özü...

 

Deməli, biz məişətimizdən başqa Vətənimizin də arabasını tərpənməyə qoymayacaq qədər yazıq və qəddarıq. Yox, inciməyin, həm yazıq, həm də qəddar. Yazığıq ona görə ki, uşaqlıqdakı o saflığımızı itirdik. Qəddarıq ona görə ki, tək bu günü düşünürük, yalnız özümüzü düşünürük. Məndən ötdü düşüncəsiylə yaşayırıq...

 

İnanın o qədər sağlam düşüncəli gənclərimiz var, təəssüf ki, müxtəlif istiqamətlərə yönəliblər. Təhsildən, intellektdən, ictimai dünya görüşündən aldıqları gücü, enerjini müxtəlif toplumlarda itirirlər. Paralanmış güc isə istifadəyə yararsız şəkildə toplumda itib batır.

 

Olmazmı bir istiqamətə yönəlsinlər. Bütün enerji də orada işıqlanaraq eyni güc üstə güc gəlsin. Gənclərin bir təşkilatı ola, eyni amal uğrunda birləşsək qəbahətmi olar? Nəyə görə bir nəfər liderliyə can atmaqla rəqabətə  başlayır, gənclərə birləşmək əvəzinə onları bölür. Bax, gənclərdəki bu fikir ayrılıqları Vətənin sabahına atılan daşdır!

 

İstəyirəm səbəbi də açıqlayam, əlbəttə, anladığım qədərində.

 

Xərçəng də, balıq da, qu quşu da suda yaşasalar da xislətləri fərqlidir. O xislət qoymadı ki, üçü birləşib arabanı götürsünlər. Onların uşaqlığı olmayıb. Əqrəb onsuz da tısbağanı sancacaq, dost olsa da. Axı biz Şüurlu insan növünü təmsil edirik. Biz ağı qaradan seşəcək təfəkkürə malikik. Biz bilməliyik ki, arabanı hamımız eyni tərəfə çəkəndə araba gedəcək. Biz həm də bilirik ki, nar çubuqlarının dəstəsini heç kim qıra bilməz. Biz beləcə dəstələrə bölünməklə nar da olsaq tək tək sınacağıq.

 

Hər addımı yenidən başlamaq üçün heç nə heç vaxt gec deyil – neçə ki arabamız batmayıb, neçə ki çubuğumuz sınmayıb.

 

Məndən ötdü düşüncəsi ilə bu günümüzün atdığı daş sabaha dəyəcək, özü də get-gedə daha da ağırlaşan daşlar!

 

P.S.

 

Yəqin Məmməd Arazın bu şeirini də hamımız kövrələrək dinləmişik:

 

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə

Vətən, vətən, sənə dəydi...

 

Esmira ƏLƏKBƏRLİ