SOSİUM

14. NİDERLANDIN İKİNCİ YALANÇI CƏNNƏTİ 

 

Narkotik maddələrdən istifadənin tarixi çox qədimlərə gedib çıxır. Belə düşünmək olar ki, onun tarixi insanın meydana gəlməsi ilə eyni vaxta düşür. İnsanın gündəlik qidalanmasında bitkilərin yeməli hissələrinin böyük rolu var idi. Qədim yığıcılar yığıcılıq prosesində bitkilərin cikini-bikini öyrənirdilər. Xəstələnəndə bu bitkilərdən ağrıkəsici kimi istifadə etməyi də öyrənmişdilər. Bəzi bitkilərin başgicəlləndirici xüsusiyyətlərini də sınaqdan keçirmişdilər. Kahinlərin bu bitkilərdən alınan maddələri qəbul etməklə ekstaza getdiklərini, bu maddələrin qəbulu nəticəsində adi insanlardan fərqli sözlər söylədiklərini də güman etmək olar. Sıravi tayfa üzvlərinin hamı kimi danışmayan, başqalarından fərqli hərəkətlər edən kahinlərə qorxu və həyəcanla baxmaları, onların hər sözünə vəhy kimi inanmaları da təbii görünməlidir. Kahinlərin bu bitkilərin sirlərini gizli saxladıqlarını, ondan istifadəni digər tayfa üzvlərinə yasaq elan etdikərini də bir güman kimi söyləmək olar. Sonrakı tarixi dönəmlərdə də, bunun bu şəkildə davam etdiyini, narkotik maddələrdən daha geniş miqyasda istifadə edildiyini də səsləndirmək olar. Bu maddələrdən dini, tibbi, siyasi məqsədlərlə istifadə edildiyini düşünmək olar. Orta yüzilliklərdə islam dünyasını uzun müddət qorxu altında saxlamış Əlamut şeyxi Həsən ibn əs-Sabbahın ismaililər təriqəti bəzi qaynaqlarda “assasin”lər və ya “assasiyun”lar da adlandırılır. Assasin sözü həşişin Avropa tələffüzüdür. Şeyxin müridlərinin həşişdən dadaraq, onun yolunda ölümə getməkdən belə çəkinmədikləri də danılmaz tarixi faktdır.

 

Əvvəllər narkotik tərkibli bitkilərin sirri məhdud sayda adama və ya müəyyən bir qrupa aid olsa da, get-gedə bu sirr faş olmuş, hamı bu sirrə vaqif olmuş, üzərindən sirr pərdəsi qaldırılmış bu maddənin, nə qədər qorxulu görünsə də, cəmiyyətin bütün üzvlərinin malına çevrilməsi dövrü başlamışdır. Bu gün narkomaniya dünyanın hər yerində cəmiyyəti təhdid edən bir bəla kimi görünməkdədir. Domokl qılıncı kimi bəşəriyyətin başı üstündən asılan bu bəla özüylə bərabər bir çox sosial-iqtisadi, siyasi təhlükələr də doğurmuşdur. Bu mövzu o qədər genişdir ki, biz ondan saatlarla danışa bilərik. Mən, sadəcə, bu barədə ümumi qənaətlərimi söyləməklə kifayətlənmək istəyirəm. Və bu mövzunu müasir Niderland müstəvisində davam etdirməyi düşünürəm.

 

Heç kimdən gizlin deyil ki, Niderland özünün “narkotik cənnəti” adlı imiciylə də dünyada tanınır. Artıq bildiyimiz kimi, bu imicdən xilas olmaq yolları barədə də düşünməkdədir. Bu imiclə assosiasiya olunan bir adından – Hollandiyadan imtina etməyi də gözə almış və 2020-ci ildən etibarən yalnız Niderland adından istifadə ediləcəyini dünyaya bildirmişdir. Bu yöntəmin necə təsir göstərəcəyi isə sonra yeridiləcək siyasətdən asılıdır. Prosesin necə gedəcəyini zaman göstərəcək.

 

Niderlandda narkotikdən istifadə qadağan edilməyib. Narkomanları buna görə heç bir cəza gözləmir. Narkotik maddələrin satıldığı kafe-barlar və ya kafeşoplar istənilən qədərdir. Ölkədə tərkibində narkotik maddələr olan, üzərində marixuana təsviri yerləşdirilən konfetlər, şokaladlar da istehsal edilir, açıq satışdadır. Almağın var, al. Narkotikdən istifadəmi etmək istəyirsən? Buyur, heç bir sıxıntısı yoxdur. Puluna minnət, pulunu ver, al. Pul sənin, can sənin, cəhənnəm Tanrının. Özün bilərsən. Narkotik maddənin təsiri ilə bir oyun çıxarmayana qədər heç kim sənə dəyib toxunmayacaq.

 

Narkotikdən istifadənin qanuniləşdirilməsi heç də ölkə əhalisinin başdan ayağa “narkomanlaşdırılması” siyasətinin yeridildiyi kimi anlaşılmamalıdır. Düzdür, bu maddənin leqallıq qazanmasınadək də cəmiyyətin müəyyən hissəsinin narkotik maddələrdən asılılığı olub. Hansı ölkədə yoxdur ki? Narkotikdən istifadənin leqal bir forma alması ən azından bütün ölkə miqyasında onlara nəzarəti asanlaşdırdı. Bundan başqa ölkəyə nə qədər narkotik maddənin gətirilməsi də müəyyən qədər nəzarətə götürüldü. Əslində narkotik maddələrin alqı-satqısına dövlətin tam nəzarət edə bilməməsini söyləsək daha doğru olar. Nədən ki, narkoticarətlə məşğul olanlar onun ölkəyə gətirilməsi, yayılması, satışının təşkil olunması sahəsində az qala hər gün yeni bir üsuldan, yeni bir plandan istifadə etdiklərindən bu sahəni nəzarətə almaq o qədər də asan deyil. Dünya miqyasında eyni mənzərənin müşahidə edildiyini də əlavə edək. Narkotik maddələr ticarəti ilə məşğul olanlar açığa çıxdığından dövlətin onlara göz olması da mümkün olur. 

 

Narkotik maddələrə rəsmiyyət qazandırmaqla Niderland hökumətinin başqa bir məqsəd güddüyü də gizlədiləsi bir məsələ deyil. Narkotik maddələrin istifadəsinin azad olduğu bu ölkəyə hər il məhz narkotikin dadına baxmaq üçün yaxın-uzaq ölkələrdən milyonlarla insanın axışdığı da bəllidir. Öz ölkələrində narkotikdən istifadəyə görə təqib olunan, cəzalandırılan, hətta ölümə məhkum edilən bu adamlar qısa müddətlik də olsa azad şəkildə bu maddələrin dadına baxmaq, asudə nəşələnmək imkanı qazanırlar. Bu minvalla da Niderlandda narkoturizm çiçəklənir, ölkənin büdcəsinə sanballı vəsait daxil olur. Bu proses o qədər şəffaf hiss olunur ki, danılması mümkün deyil.

 

Narkotik maddələrin leqallaşdırılması, onların açıq satışda olması Niderlandı narkomanlardan ibarət bir cəmiyyət kimi təqdim etməyə əsas vermir. Mənim tanıdığım, az-çox təmasda olduğum adamların davranışı, səliqəsi, təmiz-tarıqlığı, zəhmətsevərliyi, yardımsevərliyi hollandlar haqqında daha müsbət rəy, daha fərqli fikir yaradır. Az qala bəs bunların narkomanları haradadırlar kimi bir sual vermək istəyirsən. Narkomanlar gözə dəymirsə, bəs narkotikin qanuniləşdirilməsi nəyə gərək? Bu sual ətrafında düşündüklərimi sizə danışmaq istəyirəm və bu düşüncələrə mənim şəxsi müşahidələrimin sonucu kimi baxmanızı rica edirəm.

 

Narkotikdən istifadənin qanuniləşdirildiyi, buna görə heç bir cəzanın verilmədiyi Niderland dünyanın inkişaf etmiş turizm ölkələrindən biridir. Yaxın-uzaq ölkələrdən Niderlanda gələnlərin sayında hər il artım müşahidə olunur. Dövlətin turizm sektorunun inkişafı üçün yeniliklər axtarması, yeni turist marşurutları açması, ölkənin turizm üçün cəlbedici olması üçün digər vasitələrə əl atması turist axınının güclənməsini şərtləndirir. Bunun üzərinə seks turizmini və narkoturizmi də əlavə etsək mənzərə bütün çılpaqlığı ilə qarşımızda canlanacaq. Narkotikin istifadəsinin leqallaşdırılması ölkənin turizm sektoruna əlavə canlanma gətirib. Narkotikin qanuniləşməsi ilə Niderland turizmi yeni bir donor əldə edib ki, onun sayəsində turizmdən gələn gəlirlərin nəzərəçarpacaq qədər artdığını heç bir statistik məlumata əsaslanmadan da söyləmək olar. Bunu həftəsonları qonşu ölkələrdən məhz asudə şəkildə narkotikin dadına baxmaq üçün gələnlərin sayına baxaraq da müəyyənləşdirmək mümkündür. Özünün narkotik azarını asudə şəkildə öldürməyə gələn bu adamların növbəti, deyək ki, ikinci, üçüncü dəfə də buraya dönmək, buradakı xidmətlərdən yararlanmaq istəyəcəklərini də unutmayaq. Öz qısa tətilləri müddətində bu müsafirlərin narkotikdən əlavə qalmaq üçün otelə, yemək üçün kafe-restorana üz tutacağı, Qırmızı Fənərlər küçəsinə baş çəkəcəyi, bir yerdən başqa yerə getmək üçün nəqliyyatdan istifadə edəcəyi, öz ölkəsinə qayıdarkən Niderlandla bağlı kiçik də olsa bir hədiyyə-filan da alacağı və bütün bunlar üçün cibini və ya kartını boşaldacağı da mübahisə doğurmayacaq dərəcədə ortadadır. Hər bir turistin xərclədiyi pul ölkədə turizmin inkişafı üçün yeni üfüqlər açır. Bu üfüqlərin genişlənməsində narkotikin qanuniləşməsi də müstəsna rola malikdir. Məsələ, fikrimcə, bu qədər bəsitdir. Güdülən məqsəd gizlədilməsi mümkün olmayan şəkildə açıq-aydındır.

 

Narkotik maddələr – istər təbii olsun, istərsə də kimyəvi – Niderlanda necə gətirilir, burada necə ayaq tutub yeriyir, satış məntəqələrinə necə çatdırılır? Bu suallara birmənalı cavab vermək, doğru-dürüst bir yol göstərmək mümkün deyil. Narkotik maddələrin ölkəyə gətirilməsi və ya yerli narkotik maddələrin istehsalı ilə bağlı müxtəlif versiyalar söylənilir. Bu versiyaların nə dərəcədə doğru olduğunu, nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqliklə söyləmək çətindir. O üzdən ki, narkotik  maddələr bazarı çoxçeşidli olması ilə, hər məhsulun fərqli mənbəyə malik olması ilə diqqəti cəlb edir. Bu, təkcə Niderlandın leqal narkotiklər bazarında deyil, dünyanın digər ölkələrinin açıq və ya gizli narkoticarətində də özünü göstərir. Məhsul çox, tələb başqa, təklif tamam ayrı, satış yöntəmi də tamam fərqli.

 

Elə düşünməyək ki, narkotik maddələr təkcə müəyyən olunmuş, dövlətin icazə verdiyi və nəzarət etdiyi yerlərdə satılır. Əksinə narkotik maddələrin küçədə satışı daha rəngarəng, daha fərqlidir. Küçə ticarətilə daha çox gəlmələrin məşğul olduğu söylənilir. Mən bunu özüm də müşahidə etmişəm. Onların arasında yerlilərin də olduğunu ehtimal etmək olar. Kafelərin qarşısında motesikletlərilə duran mərakeşli gənclərin səhərdən axşama qədər internet üzərindən narkoticarətlə məşğul olduqlarını müəyyənləşdirmək üçün mütəxəssis olmağa gərək yox. Kənardan baxanların avaraçılıqla məşğul olduqlarını zənn etdikləri bu gənclərin bir zənglə, bir mesajla müştərinin sifarişini yerinə yetirmələri suiçimi qədər asandır. Sifarişin göstərilən ünvana motosikletlə çatdırılması qısa müddətdə həyata keçirilən bir əməliyyatdır. Bu ticarətin motosikletlərlə həyata keçirilməsinin bir çox səbəbi var. Motosiklet sifarişin tez çatırılmasında əvəzsiz vasitə olduğu kimi, polis təqibindən yayınmaq, küçələrin maşın sıxlığında manevr etmək baxımından da üstün bir vasitədir.

 

Öz dükanlarında əlaltından narkotik satışı ilə məşğul olan farsları, böyük partiya mal gətirmək üçün az qala beynəlmiləl tərkibli dəstə quran türk, fars, zənci işbirliyini də müşahidə etdiyimi, onların qaranlıq işlərlə məşğul olmağa meylli tiplər olmasını sezdiyimi də deməsəm olmaz.

 

Evlərinin damında, açıq sahədə çətənə əkib becərənlərin və məhsulun satışını özləri reallaşdıran narkotacirlərin olduğunu eşitsəm də, gözlərimlə görmədiyimi demədən keçməyim.

 

Narkotik maddələrin ölkəyə gətirilməsinin ən yayğın və klassik formalarından biri haqqında danışmaq istəyirəm. Eşitdiyim əhvalat narkotiklərin ölkəyə necə gətirilməsi barədə cızılmış bir planın detallarından ibarətdir. Bu məsələdən gözümlə görmüş kimi danışmamın səbəbi də budur. Əhvalatı nəql edən tanışım bir neçə dəfə böyük oynamaq, böyük qazanmaq üçün bu yöntəmə baş vurmuş, xeyli pul-para itirmiş, sözün qısası, bu yolda uğursuzluğa düçar olmuş adam idi. Uğursuz əməliyyatlarından o qədər yana-yana danışırdı ki, eşidəndə az qala özümü həmin əməliyyatların içində hiss edirdim. Başına gələn başmaqçı olar demirlərmi? Mənim tanışım da bu işi az-çox bilən, başı çəkmiş adam idi. Onun danışdığı əhvalatı, daha doğrusu əməliyyat planını ağlabatan olduğuna görə, həm də mövzumuzun tamlığı xatirinə burada bütöv şəkildə verməkdən özümü saxlaya bilmədim.

 

Əməliyyat planına bir şirkətin qurulması ilə başlanır. Şirkət dövlət qeydiyyatından keçdikdən sonra rəsmilik statusu qazanır. Dövlət rüsumunu alır, xeyir-duasını verir. Plan işə düşür. Planın ən diqqətçəkən hissəsi isə şirkətin sahibinin kimliyi məsələsidir. Adətən belə şirkətlər Niderland vətəndaşı olmayan, pula ehtiyacı olan bir əcnəbinin adına rəsmiləşdirilir. Bu şəxsin qanunlardan o qədər başı çıxmaya da bilər. Bunun elə bir əhəmiyyəti də yoxdur. Sadəcə onun adına şirkət açılmasına razılığını verməsi gərəkdir. Sənəd işlərini şirkətin əsil sahibləri yoluna qoyurlar.

 

Təsis edilmiş bu cür şirkət vasitəsilə xaricdən ticarət məqsədilə mer-meyvə, bostan məhsulları və s. gətirilir. İlk əməliyyat adətən qanunlar çərçivəsində baş tutur. Bundan sonrakı əməliyyatlarda isə planın gizli hissəsi dövrəyə girir. Gətirilən malların arasında narkotik maddə yerləşdirilir. Gətirilən malın içərisində yerləşdirilmiş narkotik müəyyən yollarla ölkəyə daxil olur. Əməliyyat uğurlu alındıqda gətirilən mer-meyvə, məsələn, banan maya dəyərindən də aşağı satıla bilir. Tonlarla banandan gələcək qəpik-quruş onları maraqlandırmır. Onları qramı qızıl qiymətinə satılan narkotik maraqlandırır.

 

Bu qəbildən olan şirkətlərin ömrü qısa olur. Nədən ki, ya şirkətin əsl məramı ilk əməliyyatdan üzərə çıxır, dövlət onun varlığına son qoyur, ya da təsisçilər bir neçə uğurlu əməliyyatdan sonra özləri bu addımı atıb, şirkəti qapadırlar. İzi azdırmaq üçün.

 

Şübhələrin üzərlərindən aralanması üçün fəaliyyətlərini dayandırmış kimi görünən narkoticarətçilər yeni planlar qurur, yeni bir şirkət qurmağa tələsmirlər. Onlar da hər işin səbrlə görüldüyünü bilməmiş deyillər. Tələsənin təndirə düşdüyündən də xəbərləri var.

 

Gözləmə müddəti başa çatır. Yeni şirkət qurmağa start verilir. Bunun üçün yeni qurban axtarışına baş vurulur. Onların şərtlərini qəbul edən istənilən qədər əcnəbi də əmrə müntəzir bəkləmədə.

 

Adına şirkət açılan bu adamların qazancı nədir? Ən yaxşı halda 5-6 ay fəaliyyət göstərən bu şirkətlərin kağız üzərində rəsmi sahibi olan şəxslər hər ay üçün 1000-2000 avro qazanc əldə edirlər. Əgər əməliyyat uğurlu alınarsa, bu işlərin arxasında duranlar onlara 10-15 min avro birdəfəlik mükafat da verə bilərlər.

 

Narkotiki qadağan olunmuş meyvə də saya bilərik, insan ömrünü puç edən zəhər də. Niderlandın üstündən qadağanı götürdüyü bu meyvəni – narkotiki dadmağa dünyanın çox yerindən insanlar axışıb gəlir. Buna dəyərmi? Kimlərinsə milyonlara sahib olması üçün kimlərinsə damarlarından bu zəhərin keçməsi gərək. Niderland özünün bu imicindən, bu saxta profilindən imtina etməyi düşünürmü? Bilmirəm.

 

Afiq MUXTAROĞLU

Niderland