TƏBİƏTİN VƏ TARİXİN HARMONİYASI

1.YENİLİKLƏRƏ QAPI AÇAN ÖLKƏNİN TARİXİNDƏN YARPAQLAR

 

Niderland cəmiyyəti yenilikçi cəmiyyətdir, yeniliklərə açıq cəmiyyətdir. Ölkənin, xalqın yararına olan istənilən yeniliyin tətbiqi burada özünü çox da gecikdirmir. Mühafizəkarlıq arxa plandadır, yeniliklərə müqavimət göstərəcək, onların qarşısında çəpər ola biləcək gücdə deyil. Niderlandın yenilikçiliyə meyilli olmasının kökləri onun tarixinin dərinliklərində gizlənir. Fərqli fikirlərinə görə katolik kilsəsinin təqibindən, inkvizisiya tonqallarında yandırılmaq qorxusundan öz ölkələrini tərk edən protestantlara, yəhudilərə qucaq açıb, yer verməklə Niderland, həm də onların öz zamanına görə yenilikçi fikirlərinə, öz vətənlərində tətbiqini tapa bilməyən biliklərinə ev sahibliyi etməyə başlayır. Fransadan baş götürüb qaçan huqenotlar, İspaniyadan gələn yəhudilər, ayrı-ayrı ölkələrdə Jan Kalvinin kilsə islahatlarına tərəfdar olan kalvinistlər axın-axın Niderlanda üz tutub, burada həm özlərinin rahatlıqlarına qovuşur, həm də bu ölkəni şenləndirirdilər.

 

Bu gün cəmi 41.526 kvadrat kilometrlik əraziyə və təxminən 17 milyon 333 min nəfər əhaliyə malik olan Niderland müasir simasını alanadək uzun və şərəfli mübarizələrdən keçmişdir. Niderland yüzilliklər boyu apardığı savaşlardan sonra ülgülənmiş, biçimlənmiş, müsir şəklinə sahib olmuşdur. Miladdan öncədən başlayaraq Niderland torpaqları Avropanın böyük dövlətlərinin marağında olmuş, zaman-zaman bu böyük dövlətlər öz qılınclarını, nizələrini bu torpaqlara sancmış, burada onların bayraqları dalğalanmışdır. Roma imperiyasının ağalığı sona çatsa da, onu Frank dövlətinin, alman xalqının, müqəddəs Roma imperiyasının, İspaniyanın əsarəti əvəz etmişdir. XVI-XVII yüzilliklər Niderland xalqının azadlıq tarixinin qızıl səhifəsi olmuş, o, 1581-ci ildə müstəqilliyini elan etmiş, bu müstəqillik İspaniya tərəfindən yalnız 1648-ci ildə tanınmışdır. Niderlandın qurdlar süfrəsindən öz payını, yəni müstəqilliyini alması elə-belə baş vermiş, asanlıqla qazanılmış bir hadisə deyil. Müstəqillik Niderlanda bayram xonçası kimi təqdim edilməyib. Niderland azadlığını öz xalqının iradəsi, verdiyi çoxsaylı qurbanların hesabına qazanıb. Savaşlarda qazanılmış azadlıq, müstəqillik Niderland xalqının halal haqqıdır – ana südü kimi halal haqqı. Müstəqillik uğrunda aparılan və tarixə 80 illik müharibə kimi daxil olan mübarizənin nəticəsində qazanılmış azadlıq hollandlar üçün çox dəyərlidir. Müstəqillik uğrunda mübarizə ilə paralel şəkildə ölkədə yenidənqurma işlərinə start verilmiş, bir əsrdən artıq müddətdə Niderland həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə böyük ilklərə imza atmaqla, məzhəb çatışmalarına son verməklə özünün tarixi sıçrayışını etmiş, müasir dünyada söz sahibi olduğunu təsdiqləyə bilmişdir. İlk burjua inqilabının müəllifi olan hollandlar, İntibah dövründə Niderland Renessansı deyilə biləcək bir fenomenin də yaradıcılarıdır. Rubens, Rembrandt kimi fırça ustalarının varlığı bunu birmənalı şəkildə təsdiqləyir.

 

Müstəqilliyin elanı ölkənin taleyi üçün önəm daşıyan qərarların qəbul olunmasına, müstəqilliyin davamlı və əbədi olması üçün mühüm addımlar atılmasına gətirib çıxardı. İqtisadi inkişaf hər sahədə özünü göstərməyə başladı. Bu yolda büdrəmələrin, ana yoldan sapmaların olması da qaçılmaz idi. Ancaq yanılmalara rəğmən Niderland xalqı müstəqillik yolunda mətin addımlar atmaqda idi. Hələ İspaniyanın düşmənçiliyinin davam etdiyi bir vaxtda gəmiçiliyin inkişaf etdirilərək, ölkənin dünyanın dörd bir yanı ilə əlaqələrinin intensivləşdirilməsi, 1600-cü ildə, istiqlalın elanından cəmi 19 il sonra gəmi sayının 10 minə çatdırılması Niderlandın düzgün yolda yürüdüyünün sübutu idi. Niderland dənizçilərinin gəmilərinin avarları okean sularını yararaq Yeni Dünyaya – Amerikaya çatmağa imkan verirdi. Onların gəmilərinin yelkənləri Asiyanın isti küləkləri ilə dolaraq uzaq Yaponiyaya qədər hərəkət edə bilirdi. Müstəqilliyin elanından dərhal sonra başlayıb həyatın bütün sahələrini əhatə edən sürətli inkişaf yüz ildən çox davam etmiş, sonrakı nəsillər tərəfindən Qızıl Dövr kimi qiymətləndirilmişdir. Və bu dövrü sözün bütün mənalarında ölkənin qızıl dövrü adlandıranların nə qədər haqlı olduqlarını müasir Niderland bütün parametrləri ilə təsdiqləməkdədir.

 

İkinci Dünya müharibəsində bitərəf qalmağa üstünlük verən Niderlandın bu niyyəti özünü doğrultmadı. Bütün Avropanı nasist ideyalarının məkanına çevirmək istəyən Adolf Hitlerin qəzəbi Niderlanddan da yan ötmədi. Gestaponun bilərəkdən yaratdığı “Venlo hadisəsi”ni bəhanə edən Hitler Niderlanda hücum əmri verdi. Bu ölkənin faşistlərə inadlı müqaviməti Hitlerin qəzəbini daha da coşdurdu və o, Niderland şəhərlərinin bombardman edilməsini, əhalinin müqavimətinin qırılmasını əmr etdi. Onun qəzəbi bu gözəl ölkənin bir çox şəhər və kəndlərinin darmadağın edilməsinə, Rotterdam kimi böyük liman şəhərinin isə az qala yer üzündən silinməsinə gətirib çıxardı. Müharibəni dağıntılarla, təlafatlarla başa vuran Niderlandın xarabalıqlar üzərində yeni bir ölkə qurması gərəkdi. Rotterdamın timsalında bunu daha aydın görmək olar. Ölkənin xarabalıqlar altından çıxarılmasında əhalinin mübariz ruhu, qurub-yaratmaq eşqi yenə də qabarıq göründü. Az vaxtda yaralar sağaldı, müasir Niderlandın, belə demək mümkünsə, ikinci doğuşu gerçəkləşdi.

 

Sözarası bir neçə cümlə ilə, İkinci Dünya müharibəsində Hollandiya Müqavimət Hərəkatında iştirak edən, göstərdiyi igidliklərə görə holland partizanları arasında Medo ləqəbiylə tanınan, göstərdiyi şücaətə və müharibədən sonra heç bir mənfəət güdmədən ictimai işlərdəki xidmətlərinə görə “Oranc-Nassau Kral ailəsinin Cəngavəri” ordeni, “Müqavimət döyüşçüsü”, “Sədaqətli Xidmət” medalları almış, Niderland kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı olmuş azərbaycanlı Məmməd Məmmədov haqqında danışmasam olmaz. Məlumatlı oxucularımızın bu şəxs barədə müəyyən bilgilərinin olacağına da ümid edirəm. Məmməd Məmmədov Zaqatalanın Muğanlı kəndində doğulmuş, İkinci Dünya müharibəsində almanlar tərəfindən əsir alınaraq Niderlanda gətirilmişdir. O, burada əsirlikdən qaçaraq holland partizanlarına qoşulmuş və qısa müddətdə igidliyi ilə ad-san qazanmışdır. Müharibədən sonra həyatını bu ölkə ilə bağlamış, sevdiyi holland qızla evlənmiş və ömrünün sonunadək burada yaşamışdır. Osterveyk şəhərində yaşayan Məmməd Məmmədov 2003-cü ildə bu şəhərdə də vəfat etmişdir. Müqavimət hərəkatında fəaliyyət göstərdiyi Osterveyk şəhərində adına küçə və park var. Bu yerdə deyirlər: igid ölər, adı qalar. Bu da başımızı uca edən faktlardan biri. Təəssüf edirəm ki, mənim Niderlandın milli qəhrəmanı Məmməd Məmmədovun taleyini bağladığı Osterveykə yönüm düşmədi, onun adıyla bağlı olan yerlərə baş çəkə bilmədim.

 

Məqsədimin Niderland tarixini araşdırmaq olmadığını söyləmədən olmaz. Amma oxucuya Niderland tarixinin önəmli, yaddaqalan, daha qabarıq görünən məqamları barədə nələrisə demədən də keçmək istəmirəm. Verdiyim ipucları vasitəsilə müasir Niderlandı daha yaxşı tanıtmaq niyyətimi gizlətmirəm. Yalnız bu məqsədlə Niderland tarixi üçün əhəmiyyətli bir neçə epizodu verirəm. Bu ölkə əhalisinin mübarizliyini anlamaq üçün bu epizodların yada salınması çox vacibdir.

 

Hollandlar mübariz xalqdır. Bu ölkəni böyük bir orkestrə bənzətsək həmişə birinci skripkada mübarizənin virtuoz ifasını görəcəyik. Bu xalqın mübarizəsinin ön planda olması bütün faktlarla təsdiqini tapır. Əlini hara atsan bu faktları tapacaqsan. Onlar təkcə yadellilərə qarşı mübarizədən deyil, təbiətlə mübarizədən də qalib ayrılmış xalqdır. Savaşlar nəticəsində böyük ərazilər itirən əhali, itirilmiş ərazilərin yerini doldurmaq, torpaq qıtlığını aradan qaldırmaq üçün dənizlə mübarizə aparmaq məcburiyyətində qalmış, su stixiyasını ram edərək, yeni torpaqlar qazanmış, ölkə ərazisini genişləndirməyə müvəffəq olmuşdur. Ölkə ərazisində mövcud olan yel dəyirmanları təbiətlə mübarizənin simvolu kimi bu gün də əzəmətlə dayanaraq, holland xalqının əzmkarlığını, mübariz ruhunu indiki nəsillərə anlatmaqdadır. Düzdür, dənizlə mübarizə, onu geri çəkilməyə məcbur etmə xalqa asan başa gəlməmiş, xalq dəfələrlə dənizin əks-hücumuna məruz qalmış, böyük qurbanlar vermişdir. Ölkə ərazisini dəfələrlə sel basmış, böyük təlafatlar meydana gəlmişdir. Tarixi qaynaqlarda onlarla sel fəlakətindən bəhs edilir və mən onlardan bir neçəsini örnək verəcəm.

 

1404-cü ildə tarixə Müqəddəs Yelizaveta seli kimi daxil olan təbii fəlakət baş verir. Noyabrın 18-də katolik kilsəsi Yelizavetanın anım gününü qeyd edir. Sel də həmin günə təsadüf etdiyindən Müqəddəs Yelizaveta adlandırılır. Qəribədir ki, 1421-ci ilin 18-19 noyabrında da belə bir fəlalakətin miqyası 1404-cü ildəkindən dəfələrlə böyük olur. Əhalinin sıx yaşadığı 72 yaşayış məntəqəsini sel suları yuyub aparır. Minlərlə insanın bu selin qurbanı olduğu söylənilir. Böyük bir fəlakət yaşanır. Sonuncu belə bir fəlakət isə ötən əsrdə, daha doğrusu 1953-cü ildə qeydə alınmışdır. Yanvarın 31-dən fevralın 1-ə keçən gecə baş vermiş bu fəlakət nəticəsində Böyük Britaniya, Almaniya, Danimarka, Belçika, Niderland və Norveçdə 2400 nəfərə yaxın adamın həlak olduğu, qurbanların 1800-dən çoxunun Niderlanda aid olduğu da məlumdur. 2007, 2009-cu illərdə baş verən sel zamanı isə qurbansız ötüşmək mümkün olmuşdur.

 

Ölkədə məşhur bir məsəl var: “Allah dünyanı yaratmış, hollandlar isə Niderlandı”. Bu məsəl öz varlığını indi də davam etdirməkdədir. Niderlandda dənizdən torpaq alınması ötən əsrdə də davam etdirilmiş, bu gün də bu proses getməkdədir. Holland möcüzəsidir. Düzdür, dənizin qurudulması bu gün dünyanın bir çox ölkələrində – Fransa, Yaponiya, Belçika, Bəhreyn, Sinqapur kimi ölkələrdə də uğurla sınaqdan keçirilir. Xalqımızın Xəzərdə Neft Daşları adlı möcüzə yaratdığını da unutmamışam. Bizim bu möcüzəmizi holland möcüzəsi ilə müqayisə etməyim, qarşılaşdırmam inanın ki, mənim xeyli sevinc hissi yaşamama nədən oldu.

 

Bəzən kimdənsə nümunə götürüləcək bir təcrübə olmur. Xalq hər şeyi öz üzərində təcrübə etməyə, öz üzərində eksperiment aparmağa məcbur qalır. Yoxluqdan varlığa doğru yol başlayır. Yoxluqdan yola çıxaraq Niderland adlı bir möcüzə yaratmağın əsasında xalqın mübarizliyi dayanır. Mübarizlik sözünü bir neçə dəfə təkrar etdiyimin fərqindəyəm və növbəti abzasda hələ bir neçə dəfə də istifadə edəcəyim indidən özünü göstərir.

 

Niderland cəmiyyəti mübariz cəmiyyətdir. Bu mübarizə əzmi sərhəd tanımır. Bu mübarizə kiçik idman meydançasında da mübarizədir, məsələn, futbolda, böyük savaş meydanında da. Bu cəmiyyətə mübarizliyi hər bir şəxsin fərdi məsuliyyətini dərk etməsi qazandırıb. Bu mübarizlik cəmiyyətə təhlükələrə qarşı birgə hərəkət etməyi, hədəfə doğru birlikdə yürüməyi öyrədib. Məişətdən tutmuş ən üst siyasətə qədər bu prinsiplər keçərlidir. Niderland tarixi bunun ən gözəl sübutudur. Niderland bunu bugünü ilə də isbatlaya bilir. Mübarizliyin, məsuliyyətin, birliyin nəticəsi göz qabağındadır: saat kimi nizamlı müasir Niderland. Görünən dağa da bələdçi gərəkmədiyini hamımız bilirik. Sadəcə bir fikrimizi də səsləndirək. Müasir Niderlandın indiki şəkil almasının arxasında xalqın birliyi, birgə zəhməti dayanır.

 

Afiq MUXTAROĞLU

Niderland