Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində adları tarixdə qalmış şəxsiyyətlər çoxdur. Onlar soydaşlarımızın xatirəsində, yaddaşında gördükləri işlərlə və əməllərlə unudulmaz iz qoyublar. Haqlarında elmi və ensiklopedik ədəbiyyatda məlumatlar yetərincədir. Fikrimcə, belə şəxsiyyətləri gənclərə tanıtmaq vacib və zəruridir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində yüzlərlə görkəmli şəxsiyyətlər olmuş və olmaqdadır. Ölkəmizin Borçalı mahalı kimi tanınan tarixi torpaqlarında yetişmiş elm, mədəniyyət və ədəbiyyat xadimləri milli təfəkkürmüzün, zəngin mədəniyyətimizin yaranmasında öz töhfələrini vermişlər. Haqqında yazacağım görkəmli şəxsiyyətlərdən biri də Mehralı Abbasovdur.

 

Mehralı Abbasov 1935-ci il iyunun 15-də Bolnisi bələdiyyəsinin Siskala kəndində anadan olub və böyüyüb. Onun maraqlı və keşməkeşli həyatını bir örnək saymaq olar. Ziyalıların ön sırasında dayanan, vətənini, elini-obasını, onun torpağını, daşını belə sevən Mehralı Abbasov öz həmyerliləri arasında və onun hüdudlarından kənarda adı sevgi və hörmətlə çəkilən dəyərli insanlarmızdandır. Mehralı Abbasovun əzəli Siskaladan başlayan ömür yolunun coğrafiyası çox geniş və zəngindir. Bu yol onu hələ çox gənc ikən doğma Siskaladan Bolnisi şəhərindəki rus orta məktəbinə, oradan Kirovoqan (Qarakilsə) pedaqoji texnikumuna aparır. İlk pedaqoji fəaliyyətinə Bolnisinin Faxralı orta məktəbində başlayan Mehralı Abbasov çox keçmir ki, öz həmyerlilərinin yekdil qərarı ilə Siskala kolxozuna sədr seçilir. O, atası Məhəmməd kişinin yolunu davam etdirir. Mehralı müəllimin atası kəndin ilk müəllimi olub. O, öz bacarığı və təşkilatçılıq qabiliyyətinə görə yerli əhalinin hörmət və ehtiramını qazanır. Lakin tale yenidən onu ilk təhsil aldığı rus orta məktəbinə gətirib çıxarır. Burada Mehralı Abbasov ilk partiya təşkilatının katibi seçilir, oradan da pillə-pillə ucalaraq Bolnisi rayon Partiya Komitəsinin təlimatçısı, şöbə müdiri və katibi vəzifələrində çalışır. Daha sonralar partiya işində püxtələşmiş Mehralı müəllim Gürcüstan Kommunist Partiyasının tövsiyəsi ilə Moskva Ali Partiya məktəbinə göndərilib. Moskvadan qayıtdıqdan sonra Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, son illər isə Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində işləyir.

 

Onun ictimai xadim kimi gördüyü işlərdən biri və ən önəmlisi təhsil istiqamətində olan fəaliyyətidir. Hazırda Muxrana (keçmiş Daşlıqullar), Balaxauri (keçmiş Siskala), Xidiskuri (keçmiş Həsənxocalı) kəndlərinin şagirdlərinin təhsil aldıqları Muxrana ictimai məktəbinin tikilməsi onun adı ilə bağlıdır. Bu məktəbin tikilməsi Mehralı Abbasovun böyük əməyi və əvəzsiz xidməti nəticəsində baş tutub. Məktəbin tikilməsi haqqında yerli əhalinin hər birinin bildiyi məlumatlar var. Onların dediklərinə görə, məktəbin Daşlıqullar, indiki Muxrana kəndində tikilməsi haqqında qərar verilibmiş. Qeyd etmək lazımdır ki, həmin ərazi Həsənxocalı (indiki Xidiskuri) və Siskala (indiki Balaxauri) kəndlərindən çox uzaq bir yer imiş. Ancaq Mehralı Abbasovun rayon rəhbərliyi və digər dövlət qurumları ilə əməkdaşlığı nəticəsində məktəb indi mövcud olduğu ərazidə tikilib. Demək istəyirəm ki, məktəbin yerləşdiyi ərazi hər üç kənd ücün çox əlverişli yerdədir.

 

Mehralı müəllimin böyük zəhməti və əvəzsiz xidməti nəticəsində tikilən məktəb Bolnisi bələdiyyəsinin ən yaxşı təhsil ocaqlarından biridir. Bu məktəbi bitirən gənclər ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar. Mehralı Abbasovun əməyi, millətinə sevgisi naminə tikdirdiyi məktəb minlərlə gəncin təhsil alması, gələcəyini qurmasında mühüm və əvəzedilməz rol oynayır. Qeyd etmək yerinə düşərdi ki, bu yaxın günlərdə Mehralı Abbasovun nəticəsi Murad Abbasov babasının tikdirdiyi Muxrana ictimai məktəbini uğurla bitirib və tələbə adını qazanıb. Murad Abbasov Tbilisi Dövlət Universitetində təhsilini davam etdirəcək. Belə gənclər yüzlərlədir.

 

Mehralı Abbasov ictimai xadim olmaqla yanaşı gözəl ailə başçısı olub. Onun üç oğul övladı vardır. Nəinki öz ailəsinin, eləcə də böyük və nüfuzlu bir nəslin başçısı olan Mehralı Abbasov insanların ümidi və qürur mənbəyi olub. Böyük ailə şəcərəsinin hörmətli, nüfuzlu və sevilən şəxsiyyəti kimi onun keçdiyi həyat yolu hamımız üçün örnəkdir. Dəyərli həyat yolunu “Siskaladan Bakıyadək” kitabında qələmə alan Mehralı müəllim gələcək nəslə zəngin mənəvi irs qoyub. Mehralı Abbasov kimi insanlar həyatda olmasalar da könüllərdə, xatirələrdə həmişə yaşayırlar və unudulmurlar.

 

Leyla YUSİFOVA