Bu yaxınlarda rəssam Rasim Həsənovun bir karikaturasını paylaşdım. Karikaturada elə dəhşətli bir şey yox idi, sadəcə, gözəl bir tənqid vardı. Mən də bunu sosial şəbəkələrin birində paylaşdım və soruşdum ki: Görəsən, günümüzdə də məsciddə yığılan sədəqələri ciblərinə doldurub aparan mollalar varmı? Sonra nə olsa yaxşıdır? – Aya, qoymayın üstümə İrasim gəlir.
Elə bil arı yuvasına çöp uzatdım. Zəng edənə bax, mesaj yazana bax, hədə-qorxu gələnə bax. Elə bil dövlət sirrini ifşa etmişəm. Maraqlıdır, mən sual vermişəm, amma cavab vermək əvəzinə hamı özünü müdafiəyə qalxıb. Deyəsən, yarası olan, türklər demiş: “gocunur”.
Ay Tofiq əminin uşaqları, siz yox, lap ağa bəyləriniz gəlsə də fikrim dəyişən deyil. Siz adamlara söykənirsiniz, mən isə tək olan Allaha. Siz adlardan güc alırsınız, mən həqiqətdən. Əgər bir karikatura və bir sual bu qədər adamı narahat edirsə, deməli, problem karikaturada deyil, sizdədir.
Necə gözəl deyib Mirzə Ələkbər Sabir:
Dəyişib dövrü-zaman hamı gümannan danışır,
Molla rüşvətxanadan, kafir imannan danışır.
Qalmayıb sevgi, məhəbbət işığından bir ümüd,
Məcnun artistlik edir, Leyli yalandan danışır.
Bu şeir bir çox mollaların xoşuna gəlmir, hələ bundan başqa şeirləri də var ki, mollaları təmiz dəli edir.
Nə deyir burda şair. “Molla rüşvətxanadan danışır” – dini təmsil edən, amma rüşvət və dünyəvi mənfəət arxasıyca gedən riyakar din adamlarının haqqında danışmasından gedir söhbət. Bütün mollalara aid deyil.
“Kafir imandan danışır” – özünü dinsiz sayan və ya dinə uzaq olan birinin iman haqqında danışmasından gedir söhbət.
Bu gün bir çox adam Mirzə Ələkbər Sabiri sevmir. Onu sevməyənlərin çoxu da bəllidir. Amma, inanın ki, Sabir islamı bir çoxunuzdan daha gözəl qavrayıb və yaşayıb (Ən azından islam adından istifadə edib öz xeyirinə danışanları yaxşı tənqid edib).
Axı şair gördüyünü yazıb, cəmiyyətin yaralarına güzgü tutub. Burada nə var ki? Əgər bir satira yüz ildən sonra da kimlərisə narahat edirsə, deməli problem şeirdə yox, həmin insanların özündədir. Sabir insanları deyil, riyakarlığı, cəhaləti və saxtakarlığı tənqid edirdi. Bu gün də onun misralarında özünü görənlər narahat olursa, buna görə şairi günahlandırmaq olmaz.
Yox, bu nə düşüncədir axı. Məmuru tənqid etmə, müəllimi tənqid etmə, mollanı tənqid etmə, rejissoru tənqid etmə, aktyoru tənqid etmə... Bəs nə edək? Baxaq, susaq? Elə olmur axı. Mən hansısa molla və ya axundu tənqid edirəmsə, bu, nə islama qarşı çıxmaqdır, nə də islam düşmənçiliyidir. Mollanı, axundu tənqid etmək nə Allahı, nə də dini tənqid etməkdir. Molla mənim üçün müqəddəs ola bilməz. Axı molla bilməlidir, xəlifəlik dövründə ilk xəlifələrdən biri belə deyirdi: “Əgər yolumdan azsam, məni düzəldin”. Səhabələr isə cavab verirdilər: “Səni qılınclarımızla düzəldərik”.
Bu gün isə tənqidi nəsə deyəndə dərhal narahat olursunuz. Niyə? Soğan yeməmisən, için niyə göynəyir? Hələ ki mən qılınc çıxarmamışam. Hələ ki sözlə deyirik. Yoxsa elə bilirsiniz Zülfüqar axtarırıq? Dəmirdən qorxsaydım qatara minməzdim.
Gərçi bu aralar qatara da minmək olmur. Biletin qiyməti təyyarədən bahadır. Nə isə, bu da tamam başqa dərddir.
Binəli İslamoğlu
“BEEZ” Uşaq Teatrının rəhbəri