“ - Ov”, “ - yev” sonluqlu çağdaş Azərbaycan soyadlarının yaranması prosesinə qismən XIX əsin ikinci yarısından – Rusiya imperiyasının Qafqazı tamamilə ələ keçirməsindən sonra, yayğın şəkildə isə 1920-ci ildə Sovet Rusiyasının bu əraziləri işğalından sonra başlanılmışdır. O dövrə qədər isə, yəni XIX yüzilə qədər xalqımızın əsas antroponimik modeli şəxsi adlardan və ata adlarından (xüsusi imtiyazlara malik şəxslərdə) və ada ləqəb və ya təxəllüs qoşulması üsulu ilə (sadə adamlarda) yaranırdı. Məsələn, imtiyazlı şəxslərdə Hümmət Yunus oğlu, Güllü Məmməd qızı, sadə adamlarda isə Yekə İsmayıl, Aşıq Cünun və Ağbəniz Bəsti, Çöpçü Ayişə kimi yazılırdı. Rus sonluqlu soyadlara qədər nadir hallarda da olsa fars kökənli “zadə” soyad sonluğundan da istifadə olunurdu ki, günümüzdə də, bu sonluqlardan hələ də kifayət qədər istifadə olunmaqdadır. Belə ki, bəzi soydaşlarımız özlərinin “-ov”, “-yev”lə qurtaran soyadlarını “zadə” sonluğu ilə əvəzləyərək guya milliləşdirirlər. Misal üçün, rus sonluqlu Nəcəfov soyadını fars sonluqlu Nəcəfzadə ilə dəyişdirirlər ki, nəticədə mahiyyət etibarilə heç nə dəyişmir. Xatirimdədir ki, uşaq vaxtlarımda ilk şeirlərimi yazarkən, mən də onların altında “Hümmətov” əvəzinə “Hümmətzadə” yazmağı xoşlayırdım.

 

O dövrdə, həmçinin nəsli, kökü bildirən adın sonuna “-lar”, “-lər” sonluğu artırmaqla düzələn soyadlardan da geniş istifadə olunurdu (Mehdi Xıdırlar, Nəbi Zurnaçılar, Müseyib Hacılar və s.).  

 

1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərara görə azərbaycanlılar “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

 

Filologiya üzrə fəlsəfə doktoru, dilçi alim Şahlar Göytürk bu məsələyə aydınlıq gətirərkən bildirib ki, “-zadə” soyad sonluğu fars mənşəlidir, tərcümədə “oğlu” deməkdir. Doğrudur, əvvəllər də bizdə “zadə” sonluğundan geniş istifadə olunub. İranda olan “zadə” soyadlı insanların hamısı türkdür, azərbaycanlılardır. “zadə” sonluğu Tacikistanda da var, onlar tacikdirlər. Lakin İran adlanan ərazidə yaşayan “zadə”lər əsasən azərbaycanlılardır. Söhbət milli soyad sonluğundan gedirsə, özünü azərbaycanlı hesab edən hər kəs sonluqsuz forma, eləcə də dördvariantlı “-lı”, “-soy”, “-gil”, “-oğlu” sonluqlarından birini seçə bilər”.  O, daha sonra əlavə edib ki, “... soyad sonluğu millətin kimliyini göstərən ilk əlamət sayılır. Uzun illərdir ki, adlar və soyadlarla bağlı qanun layihəsi ətrafında geniş müzakirələr gedir, lakin hələ də “könüllülük prinsipi” əsas götürülür. Hesab edirəm ki, soyad sonluqlarının milliləşdirilməsi vətəndaşa geniş seçim imkanı tanımaqla yanaşı, məcburilik prinisipinə əsaslanmalıdır. Milli adı vətəndaşa sadəcə tövsiyə etmək olar, lakin milli soyad sonluqları məcburi xarakter daşımalıdır”.

 

Bəli, soyad sonluğu millətin kimliyini göstərən ilk əlamət sayılır. Necə ki, dünyanın harasında olursa-olsun, “-dze” ,”-şvili”, “-ia”, “-ani” sonluğu ilə bitən soyadlardan biz dərhal onun daşıyıcısının milliyətcə gürcü olduğunu anlayırıq, bizim dövlət yetkililərimiz də Gürcüstan vətəndaşları olan azərbaycanlılara bir əsr yarımdır ruslar tərəfindən “işğal” olunmuş öz milli soyadlarına qovuşmaq hüququ tanımaqla bərabər, bu işdə bilavasitə yardımçı olmalıdırlar deyə düşünürəm. 

 

Rafiq Hümmət,

şair-publisist