Ya biz nəyisə bilmirik, ya da bu işdə doğrudan da böyük bir yanlışlıq var.
Deyəndə ki, gəlin dəstək olaq, uşaqlar üçün bir teatr tamaşası hazırlayaq, yaxud heç olmasa bileti alıb dəstək verək, biletin qiyməti də cəmi 5 laridir, həmin anda sanki hamının pulu yoxa çıxır.
İndi ki, məktəbi açmışıq, uşaqlar burada pulsuz təhsil alır. Öz hesabımıza öz zəhmətimizlə işləyirik. Məqsədimiz pul qazanmaq deyil, uşaqlara sənəti, teatrı, mədəniyyəti sevdirmək, onların qarşısına bir yol açmaqdır. Amma gərəksiz və mənasız şeylərə gələndə o qədər pullar xərclənir ki, adam dəli olur.
Bir dəfə teatr üçün cəmi 400 lari kömək lazım olduğunu dedik. Səhifələrdə dəfələrlə paylaşıldı, çağırışlar edildi. Nəticədə isə cəmi 138 lari pul yığıldı.
Yəni belə baxanda insan düşünür ki, bəlkə də biz özümüzü aldadırıq. Bizdə teatr, sənət, uşaqların təhsilinə və gələcəyinə yatırım boş şeylər hesab olunur. Hətta deyərdim ki, günümüzdə bəzi insanlar nə etdiyi, nə danışdığını bilinməyən “TikToker”lərə sənət adamlarından daha çox dəstək olurlar və daha çox dəyər verirlər.
Amma bir şeyi də unutmayaq, biz bunu özümüz üçün istəmirik. Biz uşaq yetişdiririk, tamaşaçı yetişdiririk, sabahın sənətsevər və mədəniyyətli insanlarını yetişdiririk. Bu gün teatra gələn uşaq sabah sənətin və mədəniyyətin qədrini bilən bir insan olacaq.
Hələ bəziləri də utanmaz-utanmaz bizim üzərimizdən “xal” qazanır. “Sizə dəstək olacağıq”, “kömək edəcəyik” deyə bizdən sənədlər istəyirlər. Sənədləri təqdim edirik, vaxt sərf edirik, ümidlə gözləyirik, amma sonra heç bir geri dönüş olmur.
Burada istər-istəməz insanın ağlına bir sual gəlir. Əgər dəstək olmayacaqsınızsa, niyə bizdən sənəd istəyirsiniz? Bu sənədlər hara gedir? Kim baxır, hansı qərar verilir və nəticə niyə bizə bildirilmir?
Bu sualların cavabı olmalıdır. Yaxın zamanda həmin qurumla bağlı geniş və sənədlərə əsaslanan bir yazı paylaşacağam. Kimdən nə vaxt dəstək təklifi gəlib, hansı sənədlər təqdim olunub və hansı cavab alınıb – hamısını faktlarla göstərəcəyəm. Amma hələ ki, heç bir cavab yoxdur.
Çünki hər dəfə “Sizə dəstək olacağıq” deyib sənəd alıb, sonra heç bir geri dönüş etməmək artıq şübhə yaradan bir məsələdir. Əgər ayrılmış dəstək və ya vəsait varsa, onun hara və necə xərcləndiyi barədə şəffaflıq olmalıdır. Yoxsa anamın sözü olmasın: “Onlar parayi yedilər, Binali”.
Amma bəzən adama elə gəlir ki, bu cəmiyyətdə yaxşı iş görməkdən çox, boş-boş danışmaq və özünü göstərmək daha çox qiymətləndirilir. “TikToker”lər kimi. “Gəl, canavar, gəl” ağzında sözünü danışa bilməyən Mitrun Çaxrabortilər. Biri içkili süfrəsini reklam edir, biri döşlərini göstərib camaata əxlaq dərsi keçir. Hansı birini deyəsən? Günah onlarda deyil, vallah. Günah elələrinə pul verib salam göndərənlərdədir, toylarına dəvət edənlərdədir, məkanlarını elələrinə reklam elətdirənlərdədir.
Biz uşaqlar üçün bir şey etməyə çalışırıq, amma qarşılığında dəstək əvəzinə “çoxmu lazımdır, burax bu işlərin başını” sözlərini eşidirik.
Uşaqları, onların gələcəyini, teatrı, sənəti niyə buraxaq? Biz bu işi ona görə görürük ki, sabah bu uşaqlar “Kaş ki vaxtında bizə dəstək olan, yol göstərən biri olaydı” deməsinlər. Vallah, bəzən elə bezirəm, bu cəmiyyətin sözdə “ziyalısı” sənə deyəndə “Burax bu işlərin başını, çoxmu lazımdır?” (hələ arada da arqo ifadə işlədir) insan istər-istəməz düşünür: “Mən belə bir “ziyalı” ilə eyni rayonda necə yaşamalıyam?”
Bu arada, mən demirəm ona “ziyalı”, bu adı da onun kimilərinə sizlər vermisiniz.
Ən acınacaqlısı da odur ki, sabah həmin “ziyalı” mənim uşağıma məktəbdə dərs deyəcək, ona dünyagörüşü, milli dəyər və mədəniyyət anlayışı aşılayacaq guya. Ağzı xarab adam müəllim ola bilməz.
Öz sənətinə, öz mədəniyyətinə, milli dəyərlərinə qiymət verməyən, sənət üçün çalışan insana “burax bu işlərin başını” deyən ağzı xarab ziyalıdan nə gözləmək olar?
Tüpürüm belə “ziyalının” lap üzünə!
Binəli İslamoğlu
“BEEZ” Uşaq Teatrının bədii rəhbəri