Hər gün bir az daha inkişaf edən texnologiya həyatımızı xeyli yüngülləşdirib. Artıq heç kim hər hansı bir iş görmək üçün evdən çıxmağa ehtiyac duymur. Belə ki, oturduğu yerdən bank əməliyyatları aparır, alış-veriş edir, təhsil alır, işləyir və dünyanın istənilən nöqtəsində yaşayan yaxınları ilə saniyələr içində rahatlıqla əlaqə yarada bilir. İnternet artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Texnologiya həyatımıza rahatlıqla yanaşı, təəssüf ki, bir çox təhlükələri də gətirir. Hazırda bu təhlükələrin ən geniş yayılanlarından biri də kiberdələduzluqdur.

 

Əvvəllər dələduzluq daha çox küçədə, bazarda, daha doğrusu, insanların üz-üzə ünsiyyətdə olduqları zaman baş verirdi. Ancaq bu gün həmin təhlükə cibimizdə daşıdığımız telefonlara qədər gəlib çıxıb. İndi bir mesaj, bir zəng və ya saxta internet səhifəsi insanların illərlə, əziyyətlə qazandığı pulu, ən əsası da mənəvi rahatlığını əlindən asanlıqla ala bilər. Ən təhlükəlisi isə odur ki, kiberdələduzlar insanların diqqətsizliyindən istifadə edir və onların başqalarına qarşı etibarını alt-üst edir.

 

Kiberdələduzluq dedikdə internet və ya müxtəlif elektron vasitələrdən istifadə etməklə insanların aldadılması nəzərdə tutulur. Bu gün dələduzlar özlərini bank əməkdaşı, polis, poçt xidməti və ya tanınmış şirkətin nümayəndəsi kimi təqdim edərək insanları aldatmağa çalışırlar. Onlar müxtəlif bəhanələrlə insanları aldadaraq bank kartının məlumatlarını, şifrələri, daha sonra telefona gələn təsdiq kodlarını əldə edirlər. Ən çox istifadə etdikləri yalanlar isə “siz hədiyyə qazanmısınız”, “kartınız bloklanıb”, “hesabınız təhlükədədir” kimi sözlərlə insanlarda təşviş yaradaraq onları tələyə salırlar.

 

Bu cür cinayətlərin qurbanı olmaq o demək deyil ki, savadsız, heç nə bilməyən birisən. Bəzən ali təhsilli, təcrübəli insanlar da təlaşlanır, qorxur və tələyə düşüb aldanırlar. Çünki dələduzlar insan psixologiyasını yaxşı öyrənirlər və güclü manipulyasiya bacarığına sahib olurlar. Onlar qarşı tərəfə düşünmək üçün vaxt vermir, tələsdirir və qərarı dərhal verməsini istəyirlər. Məhz bu məqamda bir çox insan səhv addım atır.

 

Son illər kiberdələduzluq hadisələrinin sayının artması onu göstərir ki, bu problem artıq bütün cəmiyyət üçün çox ciddi təhlükəyə çevrilib. Demək olar ki, internetdən istifadə edən hər kəs, yaşlı insanlar, gənclər, tələbələr, sahibkarlar, hamısı bu təhlükənin hədəfidir və heç kim sığortalanmayıb.

 

Bu təhlükədən qorunmağın ən əsas yolu məlumatlı olmaqdır. Heç vaxt bank kartının nömrəsini, CVV kodunu, SMS-lə gələn təsdiq kodunu və ya şəxsi şifrələri başqa şəxslərlə paylaşmaq olmaz. Tanımadığınız linklərə daxil olmamaq, şübhəli zəng və mesajlara inanıb tələsməmək, əvvəlcədən məlumatı yoxlamaq lazımdır. Hər kəs bilməlidir ki, heç bir bank və ya rəsmi qurum telefon vasitəsilə şəxsi məlumat istəmir.

 

Kiberdələduzluq insana təkcə maddi zərər vurmur. Belə hadisələrlə üzləşən insanlar uzun müddət psixoloji sarsıntı yaşayır, hətta müalicəyə ehtiyacı olanlar da az olmur. Bir az əvvəl də dediyim kimi, bu insanlar həm özlərinə olan inamlarını, həm də başqalarına etibarlarını itirirlər. Buna görə də bu məsələni yalnız maddi bir problem kimi deyil, həm də sosial və psixoloji problem kimi görmək lazımdır.

 

Texnologiya həyatımızı xeyli asanlaşdırır və bizdən hər kəsə, eləcə də hər şeyə qarşı daha ehtiyatlı olmağımızı tələb edir. İnternetdən düzgün və təhlükəsiz istifadə etməyi hər bir insan bilməlidir. Kiberdələduzluqla mübarizənin ən güclü silahı bu haqda məlumatlı olmaq və ehtiyatlı davranışdır. Bir anlıq diqqətsizlik böyük itkilərə səbəb ola bilər. Buna görə də hər birimiz həm özümüzü, həm də yaxınlarımızı bu təhlükə barədə məlumatlandırmalıyıq. Çünki bəzən bir neçə dəqiqəlik ehtiyat illərlə zəhmətlə qazanılmış sərvəti və insanların mənəvi rahatlığını qorumağa bəs edir.

 

Afaq Azər