Son vaxtlar, bildiyiniz kimi, minimalist teatrla bağlı araşdırmalar aparıram. Teatrda dekorun, işığın və digər vasitələrin mümkün qədər azaldılması, diqqətin aktyora və səhnədə baş verən hadisəyə yönəldilməsi mənim üçün maraqlı mövzulardan birinə çevrilib.


Bu araşdırmalar zamanı universitet illərində keçdiyim kino dərslərini də xatırladım. O vaxt kino tarixi ilə bağlı dərslərdə tanış olduğum, amma üzərində çox dayanmadığım bir kino axımı yenidən qarşıma çıxdı: “Doqma 95”.


“Doqma 95” 1995-ci ildə danimarkalı rejissorlar Lars fon Trier və Tomas Vinterberq tərəfindən yaradılmış kino manifestidir. Bu axımın yaranmasının əsas səbəbləri kinonun getdikcə anormal dərəcədə yüksək büdcələrə, xüsusi effektlərə, böyük dekorlara və süni görüntülərə söykənməsinə etiraz idi. Xüsusilə Hollivud kinosunda izləyicini heyrətləndirmək üçün getdikcə daha çox effekt və müxtəlif vasitələrdən istifadə olunurdu.


Onlar isə başqa bir yol seçmək istəyirdilər. Daha sadə, daha real və mümkün qədər süni vasitələrdən uzaq kino.


Bəs bunun mənim əvvəlki yazılarımda bəhs etdiyim “Yoxsul teatr”la nə əlaqəsi var?


Əslində kifayət qədər çox.


Qrotovski teatrda dekoru və digər vasitələri minimuma endirib aktyoru və tamaşaçını mərkəzə qoymağa çalışırdı. “Doqma 95” də kinoda buna bənzər bir düşüncəni ortaya qoyurdu.
“Doqma 95”-in bunun üçün kifayət qədər sərt qaydaları var idi. Film real məkanda çəkilməli, əlavə dekor və rekvizit gətirilməməli, xüsusi işıqlandırmadan istifadə olunmamalı, kamera əldə tutulmalı idi. Musiqi sonradan filmə əlavə edilə bilməzdi. Xüsusi effektlərdən istifadə etmək də qadağan idi. Hətta rejissorun adının filmin müəllifi kimi titrlərdə qeyd olunmaması belə qaydalardan biri idi.


Bəs bütün bunlar nə üçün lazım idi?


Çünki onların fikrincə, kino xüsusi effektlərə, nəhəng texnikalara, böyük dekorlara və süni görüntülərə ehtiyac duymurdu. Əsas olan aktyor oyunu, hekayə və izləyiciyə ötürülən hiss idi.
“Doqma 95”-in ən məşhur nümunələrindən biri Tomas Vinterberqin “Festen” filmidir. 1998-ci ildə çəkilən film bu qaydalarla hazırlanan ilk film oldu. Əl kamerası, təbii işıq, real məkan və xam görüntü filmin əsas xüsusiyyətlərindəndir.


Axım ilk baxışda sadə kimi görünsə də, əslində bu qədər sərt qaydalarla film çəkmək rejissorlar üçün çətin idi. Bu qaydalar rejissorun yaradıcılığını da müəyyən qədər çərçivəyə salırdı. Bəzi rejissorlar qaydaların hamısına əməl etmədilər. Hətta ilk “Doqma” filmlərində belə qaydaların pozulduğu hallar oldu.


Nəticədə “Doqma 95” 2005-ci ildə rəsmi şəkildə sona çatdırıldı. Amma mən bunu tam uğursuzluq hesab etməzdim. Çünki hər hansı sənət axımının uğurunu yalnız nə qədər uzun yaşaması ilə ölçmək olmaz. Bəzən bir fikir ortaya çıxır, həmin fikir ətrafında yaradılan sistem bir müddət sonra dağılır, amma fikir özü qalır.


Bu gün də əl kamerası ilə çəkilən, real məkanlardan istifadə edən, təbii işığa üstünlük verən, böyük dekorlardan və xüsusi effektlərdən mümkün qədər  uzaq duran filmlər var. Onlar bəlkə rəsmi olaraq “Doqma 95” qaydaları ilə çəkilmir. Hətta çoxunun bu axımla birbaşa əlaqəsi də yoxdur. Amma görünür ki, “Doqma 95”-in ortaya atdığı yanaşmanın daha yumşaq forması hələ də kinoda yaşayır.


“Doqma 95”  bir müddət sonra tarixə çevrildi, amma onun əsas fikri hələ də aktualdır. Kino bütün imkanlardan istifadə etməyə məcbur deyil. Bəzən daha az vasitə ilə daha çox şey demək mümkündür.

 

Anar Rafiqoğlu

“Era Teatrı”nın bədii rəhbəri, rejissor