Mənim təmannasız müəllim olduğumu tanıyan hər kəs bilir. Sadəcə xadimənin, bilmirəm səmimiyyətdənmi, ya istehza iləmi dediyi: “Səni kimi uşaqlardan ötrü özünü həlak edən yoxdur, bir o süpürgə gülüsə də qapıdan yığıb gətirə bilməzdilərmi?!”

 

Heç zaman kimsədən nə isə almamışam. İlk dəfə pərt oldum. Düşündüm ki, doğrudan bircə ədəd gül gətirmək olardı. Axı kənd məktəbidir, hər kəsin həyətində var.

 

Mən məktəbdə oxuyanda bayramlarda bütün müəllimlərə “otkrıtka” yazardım, hər kəsə də fərqli, xasiyyətinə, işinə, ixtisasına uyğun. Bütün müəllimlər maraqla gözləyərdi. Hədiyyəmdən mən də məmnun olardım, müəllimlərim də razı qalardılar. Müəllimlərimi qəti seçməzdim, şəkilli açıqçaları dəstlə alardım ki, bütün müəllimlərimə çatsın. Hətta özümdən böyük sinif qızlarına, qohumlara da yazardım. Açıqçaların pulunu özüm qəpik-qəpik yığardım. İldə üç dəfə – Yeni il, Novruz bayramı və 8 Martda. Bu, mənim həmin adamlara olan xüsusi münasibətimin nəticəsi idi.

 

Kimin yeddisi nədirsə, yetmişi də elə odur. Elə bilirsiniz mənim o uşaqlıq xasiyyətim dəyişdi? – Qəti. Daha da mükəmməlləşdim, müdrikləşdim deyərdim. Mən bu gün də hörmət etdiyim insanlara etinasız deyiləm. Sadəcə zamanın çarxı dəyişib. İndi telefonlarla təbrik qaydası da var. Heç vaxt şablon cümlələrlə təbrik yazmamışam. Bir cümlə də olsa hər kəsin adına layiq təbrik yazmışam. Nə Novruzda səməni, nə Yeni ildə Santa Klaus, nə də 8 Martda gül şəkli atmamışam, qəlbimdən gələn xoş duyğu ilə xoş söz yollamışam. Kimlərəsə bir anlıq xoş anlar yaşatmaqla özüm də xoşhal olmuşam.

 

Valideynlərin bu ayrı-seçkiliyinin heç tərəfdarı deyiləm. Bu münasibəti hədiyyə şəklində edirsənsə, elə isə apar evində elə. Bir müəllimin ətrafında digərinə hədiyyə vermək nəyin göstəricisidir. Əlbəttə, müəllim öz öyrətmək haqqını alır, işi onun vicdan borcudur, bəs fərq yaratmaqla qəlbə dəymək necə?..

 

Mən şagirdlərimdən gələn təbrik mesajlarını maraqla oxuyub sevinən müəllimlərdənəm, nəinki ummaram, heç qıymaram da ki, kimsə övladı üçün ayırdığı büdcəsindən mənə pay çıxa. Qəti! Bilirsiniz adamı qıran nədir? İnsanlar həmişə ona güzəştə gedənə etinasız olur, yamandan çəkinir. Əminəm, təsdiq edərsiniz.

 

Şahidi olduğum bir əhvalatı yazıram. Bakıda qonşuluqda bir ailə yaşayırdı. Üç övladı məktəbli idi. Digər qonşuyla müzakirə edərkən dedi ki, gərək filan müəllimlərə mütləq nəsə edəm, qalır bir filankəs, o onsuz da heç nə istəyən deyil. Səhəri soruşdum: “Bəs o heç nə istəməyən müəllimə nəsə etdinizmi? Cavab verdi: “Az yox, o fağırdır, danışan deyil, əsas o biri müəllimlərdir”.

 

Bax, elə adamı qıran da budur: özünə hörmət edib susanı, kiməsə yol vermək üçün kənara çəkiləni əfəl qəbul edirlər. Çox pis baxış bucağıdır.

 

Müəllim əməyini ictimaiyyət onsuz da həddindən çox aşılayır. Əminəm ki, istəsələr mənim “müəllimlərə belə fərqli münasibəti nümayiş etdirməyin” cümləmdən “qısqanc müəllim” epizodu da yarada bilərlər.

 

Hörmətli valideynlər!

 

Siz də şagird olubsunuz, yəqin 10-12 ildə müəllim əməyini zamanında tam anlamasaz da ən azından ana olubsunuz və 2-3 uşağınızla dil tapmağın çətinliyini yaşayırsınız. Müəllim hər gün onlarla, hətta valideynin belə təlimində çətinlik çəkdiyi uşaqlara ömür xərcləyərək həyat qazandırır. Heç oxumayan şagird belə hər gün ən azı iki cümlə belə müəllim cümləsi eşidir! Müəllimin əməyi əvəzsizdir. Bunu bütün mütəfəkkirlər yazıb. Bir məşhur filmdə deyildiyi kimi, məsələ bir kilo sosiskada deyil ki, məsələ “vnimatelni” olmaqdadır!

 

Esmira ƏLƏKBƏRLİ