Mən elektron cihazlara aludəyəmmi? Çoxumuz bu sualı özümüzə vermişik. Əvvəlcə asılılıq nədir və aludə olan insan necə olur sualına cavab verək. Asılılıq insanın nəzarətsiz şəkildə istifadə etdiyi, onsuz yaşaya bilməyəcəyi, iradəsini itirdiyi, ixtiyarsız olaraq bütün vaxtını və fiziki enerjisini sərf etdiyi maddə və ya hərəkəti əhatə edir. Bu davranış insanlara və ətraf mühitə zərər verir. Bundan əlavə, bu istifadə və davranış insanın vaxtının böyük bir hissəsini alır. Bu gün biz elektron cihazdan asılılıq problemi ilə çox qarşılaşırıq. Günümüzün çox hissəsini elektron cihazlarla keçiririk və elektron cihazlarla işləyirik. Heç düşünmüsünüzmü ki, elektron cihazlar sizi idarə edir, yoxsa siz onları idarə edirsiniz?
21-ci əsrə qədər televizor və radio yeganə elektron media idi. O dövrlərdə elektron cihazlardan yalnız lazım gəldikdə istifadə olunurdu. Telefon sadəcə telefon idi. Amma indiki vaxtda cibimizə asanlıqla yerləşə bilən bu kiçik cihazla çox şey edə bilərik. Məsələn, istədiyimiz insanlarla asanlıqla əlaqə saxlaya, istədiyimiz zaman zəng edə, yaza, oyun oynaya, istənilən video və ya filmə baxa, sosial şəbəkələrdən istifadə edə, istədiyimiz zaman şəkil çəkə bilirik və s. Biz yeni nəsil olduğumuz və müasir texnologiya əsrində doğulduğumuz üçün bu cihazlardan uzun müddət istifadə etməyin heç bir zərərini görmürük. Halbuki, valideynlərin çoxu bu cihazlardan az istifadə edin deyə dəfələrlə xəbərdarlıq etmişlər, amma çoxumuz buna əhəmiyyət verməmişik.
Hesab edirəm ki, elektron cihazların zərərli cəhətləri hər kəsə məlumdur. Amma diqqət etmədiyimiz cəhətləri düşündüyümüzdən də çoxdur. Sosial mediaya çox vaxt itiririk ki, bu da akademik performansımıza daha da təsir edir. Məsələn, sosial şəbəkələrə daxil olduğumuz zaman onun təsirindən qurtula bilmirik. Şəxsən mənim özüm saatlarla məşğul oluram. Sonra görürəm ki, oxumaq və əlavə işlə məşğul olmaq üçün vaxtım tükənib. Bu, hər kəsdə də belədir, mənimlə razılaşın, dəhşətlidir, sosial media insanları zəncirləmək qabiliyyətinə malikdir, üstəlik sosial şəbəkələrə aludə olan insanlar dəhşətli dərəcədə aqressiv olurlar. Sosial media bizi tez-tez virtual həyat sürməyə və real münasibətləri itirməyə və ya bağlanmağa məcbur edir. Sosial şəbəkələrdə yayılan oyunlar çox vaxt uşaqların və yeniyetmələrin psixikasını sarsıdır. Üstəlik sağlamlıqlarına da pis təsir edir.
Sosial mediadan danışa biləcəyimiz çox şey var. Hamımızın öz fikirlərimiz və fərziyyələrimiz yetərincədir. Hər şeyin müsbət və mənfi tərəfləri var, amma 21-ci əsrdə sosial mediasız həyatı təsəvvür etmək mümkün deyil, bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Elə bir gün keçmir ki, istifadə etməyə ehtiyacım olmasın. Elektron cihazlar həyatı birtərəfli edib. İstər-istəməz deyə bilərəm ki, o, artıq həyatımızın bir parçasıdır. Elektron cihazların sizi idarə etməsini istəmirsinizsə, lazım olduqda onlardan istifadə edin. Elektron cihazlara çox az vaxt sərf edərək gündəlik planlarınızı yazın.
Nərgiz BAĞIRLI